Bia.Az

Əzələ nümayişi, yoxsa REAL TƏHDİD... - "Azərbaycan çətin dönəmə qədəm qoyub"

Siyasət
 23-10-2022, 14:58     268

İran Azərbaycanla sərhədə qoşunlarını cəmləşdirib və genişmiqyaslı hərbi təlimlər keçirməkdədir. Bir çox ekspertlər bildirirlər ki, bu, Azərbaycana əzələ nümayişi, siyasi mesaj xarakteri daşıyır. Çünki bu gün İranın Araz çayı vadisində belə miqyaslı hərbi təlimlərə vacib ehtiyacı görünmür. İran daxilində xalqın rejimə qarşı etirazları hər gün daha da çoxaldığı bir vaxtda İran daxili məsələlərinə köklənməlidir. Lakin əksinə, İran daxildəki gərginliyi azaltmaq əvəzində Azərbaycan sərhədinə qoşun yığmaqla regionda gərginliyin artmasına zəmin yaradır.

İran tərəfi təlimlərlə bağlı Azərbaycandakı narahatlığa əsas olmadığını bəyan edib. İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada qeyd edilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Araz çayı vadisində təlimləri qrafikə uyğun keçirilir: "Azərbaycan tərəfi təlimlərlə bağlı əvvəlcədən rəsmi şəkildə xəbərdar edilib".

Səfirlik xatırladıb ki, Azərbaycan və İran hərbi rəhbərliyi təlimlərlə bağlı müzakirələr aparıblar və başlanmış təlimlər çərçivəsində əməkdaşlıq baxımından bəzi təkliflər verilib.

“Dost və qardaş ölkələr olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər həmişə düşmənlərin geniş təbliğat obyekti olub. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı düşmənlərin öz məqsədlərinə çatmasına mane olub”, - bəyanatda vurğulanıb.

Buna baxmayaraq, Azərbaycan ictimaiyyətində İranın davranışları ilə bağlı narahatlıq və haqlı suallar var: Tehran Bakıya hansı mesajı ötürür, Azərbaycan hansı addımları atmalıdır?

BİA.AZ bildirir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-nın suallarını cavablandırarkən o qədər də optimist danışmayıb. Ekspertin sözlərinə görə, proseslər onu göstərir ki, Azərbaycanı yaxın dövrdə o qədər də rahat mərhələ gözləmir:

- Çətin dönəmə qədəm qoyuruq. Bu gün İran rejimi heç cür sakitləşmək niyyətində deyil. İranın son addımları bölgədə gərginliyin arta biləcəyi ehtimalını gücləndirir. 44 günlük müharibədə Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsi, torpaqlarını işğaldan azad etməsi rəsmi Tehranı narahat edir. İran istəmirdi ki, Azərbaycan ərazilərini azad etsin. Bir tərəfdən Azərbaycanın firavan olmasını arzulamayan İran digər tərəfdən 30 illik işğal dövründə ərazilərimizin sərvətlərindən faydalandı. Biz bilirik ki, bu müddət ərzində işğalda olan ərazilərimizdə nə əkib-becəriblər. Eyni zamanda, işğaldan sonra ərazilərimizdən nələr aparmadı ki... Yeraltı və yerüstü sərvətlərimizi taladı. İndi İran görür ki, əlindən bu sərvət çıxıb.

Tehran rejimini qıcıqlandıran daha bir məqam Azərbaycanın özünə inamının artması və Türkiyə ilə ən yaxın müttəfiqlikdir. Bunu Tehran rejimi həzm edə bilmir. Hesab edirəm ki, Azərbaycan ciddi tədbirlər görməlidir.

- Söhbət hansı tədbirlərdən gedir?

- İranın təhdidlərini neytrallaşdıracaq siyasi addımlarla yanaşı, təhlükələri qarşılaya biləcək tədbirlər görməliyik. İran hər halda Ermənistan deyil. Qoşunlarının sayına görə, gücünə görə Ermənistandan dəfələrlə böyükdür. Düzdür, orada 40 milyona yaxın Azərbaycan türkü yaşayır və bu amil bizim üçün önəmlidir. Bütün hallarda isə İranla hərbi konflikt bizim üçün lazım deyil.

- İranın belə addımlar atmaqla hansı mesajları verir?

- İsrailin müdafiə nazirinin Bakıya səfərindən sonra Tehranda xof yaranıb. Guya ki, sionist bir rejim gəlib Azərbaycanda oturub, İrana təhlükələr var və s. İran mediasında hər gün bu istiqamətdə təbliğat aparılır. lakin İran unutmamalıdır ki, avantüraya baş vursalar, onlar üçün də çətin olacaq. O mənada ki, bu gün İranı məhv etmək üçün startda olan ölkələr var. Vəziyyətin gərginləşməsində Tehran da maraqlı olmamalıdır. Bu qədər qoşunu sərhədə gətirmək, təlim keçirmək, əzələ nümayişi etdirmək İranın səhv addımıdır.

- İran səfirliyi açıqlama verib ki, SEPAH-ın təlimləri ilə bağlı Azərbaycan əvvəlcədən məlumatlandırılıb...

- Bu, qaydalardır: hansısa ölkə qonşu ölkənin sərhədlərində hərbi təlimlər keçirsə, o ölkənin hərbi rəhbərliyini məlumatlandırmalıdır. İran da bunu edib. Amma indi Tehrandan nə qədər deyilsə də ki, bu təlimlərin Azərbaycana aidiyyəti yoxdur, əksinə, daha çox var. Çünki bundan əvvəlki bəyanatlar, rəsmilərin açıqlamaları məqsədin nə olduğunu aydınlaşdırmağa imkan verir. Sual olunur: İran bu gün Azərbaycandan hansı təhlükələri görür ki, qoşunlarını sərhədə cəmləşdirir? Bu, ciddi məsələdir. Yenə də deyirəm, biz tədbirlərimizi görməliyik. Arxayınlıq yaranmamalıdır.
скачать dle 12.1