Bia.Az

İran qoşunlarını Araz sahilinə niyə yığıb? – “Artıq-əksik hərəkət...”

Siyasət
 18-10-2022, 17:11     244

Oktyabrın 16-sı, günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Digər tərəfdən, ötən gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının hərbi təlimlərinə start verilib. Məlumata görə, təlimlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirilir. İranın Ermənistana daimi himayədarlığı və uyğun tarixlərdə hərbi baxımdan aktivləşmə bəzi fikirlər yaradır. İranın Ermənistana hərbi təlimlər adı altında dəstək verdiyi bildirilir.

BİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İran nə istədiyini heç özü də başa düşmür:

"İran qoşunları sərhədə yığmaqla bizə nə nümayiş etdirir ki? Ora qoşunlar daha çox İranın daxilində olan vəziyyətlə bağlı yığılıb. Məqsədləri daxildə olan gərginliyi bir qədər səngitmək üçündür. O ki qaldı Azərbaycanla bağlı müxtəlif versiyalara, məsələn, deyirlər guya İran Arazın bu tayına hücum etməyə hazırlaşır və s. Deyim ki, heç bir hücum olmayacaq. İran o qərarı verməz. Bu, əlində olan bombanın ipini çəkməyə bərabər olar. Yəni İranın Azərbaycana qarşı olan hər hansı bir cəhdi çox faciəvi nəticələnər. Bundan çox da narahat olmağa dəyməz. Azərbaycan Silahlı Qüvvələri hər şeyi nəzarət altında saxlayır. Düşünmək ki, boşluqdur, İran nə istəyir edə bilər, belə bir şey yoxdur”.

Ekspert bildirib ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti orada vəziyyəti daim müşahidə edir:

“Lazım olan məlumatları verir. Həm sərhədə, həm də sərhədyanı ərazilərə nəzarət edilir. Ona görə narahatlığa əsas yoxdur. İran Azərbaycana qarşı artıq- əksik hərəkət etməz. Bilir ki, bu hərəkət təkcə Azərbaycana qarşı deyil, həm də qardaş Türkiyəyə qarşıdır. Türkiyə İrana öz mesajlarını ötən aylarda çatdırıb".

Ekspert bildirib ki, bu vəziyyətdən maksimum yararlanan ermənilərdir. Onlar ajiotaj yaradırlar ki, guya İran Azərbaycana hücum edəcək və məşq edir:

"Hamısı boş, mənasız şeylərdir. Erməni qoşunlarının vəziyyətini başa düşmək lazımdır. Əvvəllər öz havadarlarına ümid edirdilər, indi nəyə edəcəklər? Ermənistanın aldığı zərbənin təsirindən özünə nə vaxt gələcəyi hələ bilinmir".

Üzeyir Cəfərov “İran altdan-altdan onsuz da bəzi yaramazlıqları edir. Məsələn, Rusiyaya verdiyi pilotsuz uçuş aparatları ilə bağlı deyir ki, biz verməmişik. Bütün dünya faktla, sübutla bunu göstərir. İran isə deyir ki, biz verməmişik. İran həmişə yalan danışır. Ataların bir gözəl misalı var, həmrəng, həmxasiyyət məsələsi. İndi Rusiya ilə çox təmasları var, bunun fonunda istəyirlər ki, ağa qara, qaraya ağ desinlər. Elə bilirlər ki, dünya bunların yalanlarına inanacaq. Elə bir şey yoxdur. Azərbaycan hər şeyi görür, hər şeyi nəzarətdə saxlayır. İran Ermənistana lazım olan dəstəyi verir. Deyilən kimi, bəlkə İran Ermənistana dronlar verib?", - deyib.
скачать dle 12.1