Bia.Az

Avropadan gələnlər: Mülki missiyanın qovluğunda Azərbaycana qarşı məkrli plan da ola bilər - Ekspert danışır

Siyasət
 14-10-2022, 10:41     178

Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycanla dövlət sərhəddinə Avropa İttifaqının mülki missiyası göndəriləcək. Bu barədə Praqada İlham Əliyevin Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda bildirilib.

Azərbaycanın da əməkdaşlıq edəcəyi missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

BİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Reyting.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü, canfəşanlığı və təklifi ilə yaradılan Avropa İttifaqının mülki missiyasını sülhməramlı və xoşməramlı hesab etmir. Çünki onlar Avropada otursalar da, ermənilərin Azərbaycana qarşı şər-böhtanlarını körükləyirlər. E. Məmmədov buna misal kimi, Avropa parlamentində və digər strukturlarda Azərbaycana qarşı aparılan kampaniyanı göstərir: “İndi görün, bunlar Ermənistana gəldikdən və Azərbaycan-Ermənistan sərhədinə yerləşdikləri 2 ay müddətində hansı oyunlar çıxaracaq. Çox güman ki, Azərbaycana qarşı şər-böhtan xarakterli sənədlər toplusu hazırlayacaqlar”.

Deputat iddia edir ki, Avropa İttifaqının mülki missiyası bölgədə iki ay deyil, çox da qala bilər: “Deyirlər, iki aylıq gəlirik. Bunlar gələndən sonra məlum olacaq ki, səfərin arxasında nələr durur. Ermənilər fitnə-fəsadlar törədəcək və Azərbaycan da bunun qarşısını almağa məcbur olacaq. Avropadan gələnlər isə bunu sənədləşdirib mərkəzlərinə göndərəcəklər. Hazırladıqları sənədlər əsasında hansı dəstələrin regiona gəlib-gəlməyəcəyini də hələ bilmirik. Yəni bu, çox təhlükəlidir. Burada əsas məqsədlərdən biri də Rusiyanın bölgədən çıxarılması üçün tədbirlər görməkdir”.

E. Məmmədov xatırladıb ki, hazırda Rusiya ordusu İrəvandadır: “Eləcə də Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçilər mühafizə edir. Avropa İttifaqının mülki missiyasının gəlişi, onların arxasınca başqa dəstələrin də bölgəyə üz tutması isə Rusiyada xoş qarşılanmır. Bununla bağlı Rusiya Ermənistana etirazlarını çatdırıb”.

E. Məmmədovun sözlərinə görə, Avropadan gələn missiya 30 ildən çoxdur ki, ermənilərin qida, təminat və təzminat mərkəzi olan İranı da qıcıqlandırır:

“Bəli, burada ciddi məqamlar var və getdikcə gərginləşmə müşahidə olunacaq. Amma yaxşı haldır ki, tarix boyu erməniləri bu bölgəyə gətirərək onlara dövlət yaradan Rusiya, həm də ermənilərlə qardaşlıq edən İran ermənilərin onlara xəyanətini gördülər. Bu xəyanət nəticəsində bölgədə nələrin baş verəcəyini də yəqin ki, hesablayırlar”.
скачать dle 12.1