Bia.Az

ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi – müharibə sonuncu fazaya keçdi

Siyasət
 5-10-2022, 01:02     53

Azər Badamov: “Müasir silahların çox işləməsi daha çox insan tələfatı deməkdir”

Elçin Mirzəbəyli: “ABŞ uzunmüddətli ssenariyə hazırlaşır”

Şəhla Cəlilzadə: “Qələbə Ukrayna xalqının mübarizə əzminə və güclü ruhuna bağlı qalır”

Oktyabrın 1-də ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.
“ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bu, daha çox fərqli və yüksək keyfiyyətli silahlar deməkdir. Ukrayna, şübhəsiz ki, bütün ərazilərini geri qaytaracaq”, - deyə Stefançuk Twitter hesabında qeyd edib.
Hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov bildirib ki, qanun oktyabrın 1-də qüvvəyə minib və bu proqram üzrə ABŞ-dan ilk silah ayın ortalarında Ukraynaya gələcək. O əlavə edib ki, silahların çatdırılma sürətinə onların Amerika və ya Avropakı anbarlardan göndərilməsi təsir edəcək. Bu isə Rusiya-Ukrayna müharibəsinin daha amansız, daha doğrusu həlledici və sonuncu fazaya keçməsi deməkdir. Təsadüfi deyil ki, bir çox hərbi analitiklər məhz oktyabr ayının hər iki tərəf (Rusiya və Qərb) taleyüklü olacağını bildiriblər. Həm də o səbəbə ki, oktyabr döyüş əməliyyatları aparmaq üçün payızın sonuncu əlverişli ayıdır.
YAP-çı deputat Azər Badamov məsələni bu cür şərh etdi: “Lend-liz sözünün mənası borc vermək və icarəyə vermək, müvəqqəti istifadəyə vermək mənasını daşıyır. Əslində bu qanun ABŞ-ın yardım proqramıdır. Belə bir proqram İkinci dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlq, ərzaq, tibb avadanlıqları və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilib. Bu gün ABŞ-ın Ukrayna üçün bu qanunun qüvvəyə mindirməsinin daha çox yardımla müharibədə Ukraynanın qalib gəlməsində böyük rolu olacaqdır. Bu proqrama əsasən yardımın bir hissəsi artıq oktyabrın ortalarında Ukraynaya çatacağı bildirilir. Hesab edirəm ki, cəbhədə daha çox silahların işlənməsi daha çox dağıntıların baş verməsi və canlı qüvvəsinin məhv olunması deməkdir. ABŞ istəyir ki, müharibədə Ukrayna qalib gəlsin və regiondakı öz maraqlarını həayata keçirməsinə davam etsin. Təbii ki, qeyd etdiyim kimi daha müasir silahların çox işləməsi daha çox insan tələfatı deməkdir. Ona görə də ABŞ və Qərb müharibənin dayandırılması üçün diplomatik yollardan istifadə edərək müharibəni döyüş meydanından masa üzərinə keçirilməsi planlarını ortaya qoysaydılar daha yaxşı olardı. Bu, həm dünyada nüvə müharibəsi riskini azaltmış olar, həm də dünyada dərinləşməkdə davam edən iqtisadi böhranın qarşısının alınmasına xidmət edər”.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu qanunun əhəmiyyətinin böyüklüyündən söz açdı: “ABŞ prezidenti Franklin Ruzveltin 1941-ci ilin martında imzaladığı lend-liz qanunu SSRİ-nin Hitler Almaniyası üzərindəki qələbəsində müstəsna rol oynayıb və əgər Tehran konfransından sonra ABŞ, Böyük Britaniya və Kanadanın yardımları olmasaydı, müasir Rusiya tarixçilərinin nə deməsindən asılı olmayaraq, istisnasız olaraq, SSRİ Almaniya üzərində qələbə çala bilməyəcəkdi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ABŞ lend-liz qanununu 1941-ci ildə qəbul etsə də SSRİ-yə real yardımlar 1943-cü ildən etibarən başladı. Bu baxımdan, qanunun nə vaxtdan və necə tətbiq olunacağı əsas amillərdən biri və bəlkə də birincisidir. Qeyd edim ki, Bayden Ukraynaya əlavə dəstək üçün 33 milyard dollar ayrılması ilə bağlı Konqresə müraciət edib. Bu vəsaitlərin 20 milyardı hərbi yardım, 13 milyardı isə iqtisadi və humanitar dəstək formasında veriləcək. İndiki şəraitdə, müharibənin gedişinə təsir göstərəcək amil yardımın hansı silah növlərini əhatə edəcəyi və nə zamandan etibarən Ukraynaya çatdırılacağı ilə bağlıdır. İlkin məlumata görə, yardım çərçivəsində Ukraynaya tank, zenit və artilleriya qurğularının, pilotsuz uçuş aparatlarının göndərilməsi nəzərdə tutulur. Ola bilsin ki, Kiyevə mürəkkəb və yüksək texnologiyalı silah sistemləri – “Abrams” tankları, “Bredli” piyada maşınları da verilsin. Nəzəri baxımdan, hər şey mümkündür və hər şeyi zaman göstərəcək. Maliyyə və hərbi yardımın həcminin nəzərə çarpacaq dərəcədə artması, həmçinin bu yardımın Ukraynaya çatdırılması üçün gərəkən vaxt sübuta yetirir ki, ABŞ problemin qısa müddətdə həll olunmayacağı qənaətindədir və uzunmüddətli ssenariyə hazırlaşır. Amma bu xüsusda digər tərəfin atacağı addımları da nəzərə almaq lazımdır. Şübhəsiz ki, Rusiya Ukraynaya hərbi yardımın artırılmasına müşahidəçi qalmayacaq və təminat, təchizat yollarını sıradan çıxarmağa çalışacaq. Bu sırada nüvə təhdidinin güclənməsini də nəzərə almaq lazımdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, hərbi yardımların çatdırılması üçün müəyyən zaman tələb olunacaq və bu da döyüş əməliyyatlarının aparılması üçün əlverişsiz zaman kəsiyinə təsadüf edə bilər. Əgər oktyabrın sonları və noyabrın ilk yarısına qədər əməliyyatların dayandırılması və problemin həllinin masa üzərinə keçirilməsi mümkün olmazsa, müharibənin 2023-cü ildə də davam edəcəyi gözlənilir”.
STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hər şeyin Ukrayna xalqından asılı olduğunu söylədi: “Lend liz bildiyimiz kimi, II Dünya Müharibəsi dövründə ABŞ-ın öz müttəfiqlərinə hərbi yardım, qida və digər yardımları, o cümlədən onları metallurgiya xammalı və neftlə təmin etməklə bağlı müvafiq dövlət proqramı idi. Bu proqramın SSRİ-nin nasizm üzərində qələbə çalmasında nə qədər rolu olub-olmadığını burada mübahisə etməyək. Bu barədə mövqe ikitərəflidir. Xüsusilə ruspərəstlər bu yardımların böyük rolunun olmadığını, qarşı tərəf, qərbpərəstlər isə əksinə, qələbənin əsas amilinin məhz bu yardımlar olduğunu vurğulayır. Bircə bu rəqəmi qeyd etmək yetər ki, o dövrdə (1941-1945) ABŞ SSRİ-yə 11,3 milyard dollar (bu günkü valyuta məzənnəsinə çevriləndə 180 milyard dollardan çox) yardım etmişdi. Bu yardımların önəmli hissəsi qida məhsulları təşkil edirdi. Maraqlıdır ki, o dövrdə SSRİ-yə daxil olan amerikan konservalarının çatdığı yerləri ironik olaraq “ikinci cəbhə” adlandırırdılar, və bu cəbhədə mübarizəni/müharibəni davam etdirmək üçün qida təminatı ilə birgə mənəvi güc yetərli idi. O cümlədən, hesablamalara görə, SSRİ-nin müharibəyə qatılmazdan öncə hərbi sənaye istehsalı üçün dəmir-metallurgiya ehtiyatı yetərli deyildi, cəmi 6 ay üçün bəs edəcəyi ehtimal olunurdu. ABŞ-dan gələn yardımlar isə hərbi sənaye istehsalı maşınının davamlı şəkildə işləməsinə, müharibə sənayesi kompleksinin davamlılığının təmin olunmasına dəstək idi. İndi isə hadisələri 2022-ci ilə (9 may 2022-ci il tarixində ABŞ prezidenti tərəfindən imzalanmış və bugün qüvvəyə minmiş ABŞ-ın Ukrayna Demokratiyasını Müdafiəsi üçün Lend-Liz Aktına) proyeksiya edəndə anlaşılır ki, ABŞ Ukraynanın Rusiyanın işğal siyasəti qarşısında axıradək dirənməsi üçün hər cür yardımları, o cümlədən silah, qida, və digər təminatları yaratmaqda qərarlıdır. Müqayisə üçün qeyd edim ki, sadəcə 2021-ci ildə ABŞ-ın bütün xarici müttəfiqlərinə ümumi yardımı 51 milyard dollar idisə, 2022-ci ilin büdcəsində tək bir Ukraynaya 54 milyard dollar yardım ayrılmışdı. Bundan sonra Ukraynaya hərbi yardımların hüquqi proseduru asanlaşdırılır, Konqresin razılığı olmadan, Prezident tərəfindən birbaşa hərbi yardımla edilə biləcək. Bu, iki nəticəni doğurur: ABŞ Ukraynanın qələbəli sonadək mübarizə aparmasına hərbi dəstək verəcək. İkincisi, ABŞ Ukraynanı özünün təbii müttəfiqləri sırasında görür ki, bu da müharibə Qərb birliyinin qələbəsi ilə başa çatdıqdan sonra Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyini özündə ehtiva edir. Bildiyimiz kimi, bu günlərdə Zelenski NATO-ya sürətləndirilmiş üzvlük sənədini imzalasa da, ABŞ və Avropanın yüksək qurumlarından hələ bunun vaxtı yetişmədiyini açıq şəkildə ifadə edilib. Həmçinin xüsusilə təhlükəli, yəni Rusiya müstəqilliyinə və suverenliyinə, o cümlədən ilhaq etdiyi ərazilərdəki suverenliyi nəzərdə tutulur, təhlükə törədəcək silahların verilməsi isə hələ ki, gündəmdə deyil, yəni F-16 qırıcıları, M1A2 Abrams və Patriot zenit-raket kompleksləri, və.s. veriləcəyi istisna edilir. Rusiya bu cür silahları Ukraynaya ötürən təminat yollarını və infrastrukturları (o cümlədən NATO ölkələri ərazisində) vuracağını və nüvə silahından istifadə edəcəyini bəyan edir. Bu isə, III Dünya Müharibəsinin başlanması demək olar. Nəticə olaraq, yeni lend-liz qanunu ilə Qərb, Ukraynanın sonadək mübarizə aparmasına hərbi silah və digər yardımlarını sadəcə artıraraq və sürətləndirərək ona mühüm dəstək verəcək, lakin özü Rusiyaya qarşı müharibədə iştirak etməyəcək. Qələbə Ukrayna xalqının mübarizə əzminə və güclü ruhuna bağlı qalır. Bu, həm də ukraynalıların öz dövlətçiliklərini qorumaq uğrunda tarixi sınağıdır”./“Yeni Müsavat”скачать dle 12.1