Bia.Az

“Sülh barədə danışmaq hələ çox tezdir” - Sülhəddin Əkbər

Siyasət
 4-10-2022, 17:02     176

“Ümumiyyətlə, dünyada, regionda, xüsusən də postovet məkanında - Ukraynada gedən strateji xarakterli geopolitik savaşın və nəticələrinin bölgəmizə təsirlərini, habelə Rusiya, İran və Ermənistan daxilində gedən prosesləri nəzərə aldıqda belə fikir mənə çox optimist görünür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib. 
AzDP sədri Ermənistanın “Haykakan Jamanak” və “Past” qəzetlərinin yaxın aylarda sülh sazişinin imzalanacağı ilə bağlı ortaya atdığı iddialara şərh verib.
Siyasətçi bununla bağlı deyib ki, dünyada və regionumuzda gedən proseslərin, həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək taleyi məhz Ukraynada həll olunur:
“Bu savaşda artıq müəyyən dərəcədə perspektiv və inkişaf istiqamətləri göstərən əlamətlər görünməkdədir. Lakin düşünürəm ki, bir qədər də gözləməli olacağıq. Necə ki Putin Rusiyası çökməyib, rejim dəyişməyib, Rusiya regiondan güclərini çəkməyə məcbur qalmayıb, mənə elə gəlir ki, bu zaman regionda hər hansı bir sülhdən danışmaq bir qədər tezdir”.
Politoloqun sözlərinə görə, digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, burada söhbət artıq Rusiyadan getmir:
“Bu günə qədər sülh prosesinə başlıca mane olan qüvvəni Rusiya kimi göstərirdiksə, artıq görünən odur ki, Rusiya yaxın gələcəkdə getdikcə zəifləyəcək və digər faktorlar ön plana çıxmağa başlayacaq. Buna paralel olaraq, Türkiyə faktoru regionda güclənəcək, hansı ki, bu pozitiv bir faktordur. Neqativ faktor kimi regionda İranın güclənməsi mümkündür. Qlobal faktorlar kimi, ABŞ və Fransanın regionda neqativ təsirini görə biləcəyik. Müəyyən dərəcədə Türkiyə ilə bağlı olaraq, Yunanıstan da, yəqin ki, prosesə mənfi yöndə müdaxilələr etmək istəyəcək”.
Noyabrın ilk ongünülüyündə imzalanması planlaşdırılan yekun sülh sazişi barəsində dolaşan şayiələri cavablandıran analitik yekunda özünəməxsus şərh verməkdən də yayınmayıb:
“Sazişin imzalanmasına gəldikdə isə dünyada elə ciddi proseslər gedir ki... Baxın, hələ biz oktyabr ayının əvvəlindəyik və noyabr ayında hansı proseslər olacaq, bunu indidən demək çətindir. Ola bilsin ki, hansısa tərəfdə bir niyyət var.
Özü də mən bunu artıq Azərbaycan cəmiyyətinə deməkdən yoruldum ki, biz hər zaman məsələyə dar çərçivədən baxırıq. Qlobal baxmaq lazımdır ki, dünyada hansı proseslər gedir, hansı güclər üzbəüz durur, burada sülhün əldə olunması kimlərdən asılıdır, onlar arasında bu gün razılaşma varmı, razılaşma perspektivi görünürmü və s. Yoxdu axı; nə belə bir razılaşma var, nə də ki, belə bir razılaşma perspektivi görünür. Eləcə də bu, təkcə Azərbaycan və Ermənistandan asılı bir məsələ deyil”.скачать dle 12.1