Bia.Az

Azərbaycan Xarici İşlər Nazirliyi Cenevrə görüşünün yekunları barədə

Siyasət
 3-10-2022, 16:27     163

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunlarını açıqlayıb.

Görüş avqustun 31-də Brüsseldə Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə əldə olunmuş razılığa əsasən keçirilib. Xarici işlər nazirlərinə sülh sazişinin mətnini hazırlamaq tapşırılıb.
“Nazir Ceyhun Bayramov səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, bizim təklif etdiyimiz beş baza prinsipi əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.
Görüş zamanı Azərbaycan delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi bu ilin noyabrında yox, oktyabrda keçirilməsini təklif edib”, - məlumatda deyilir.
Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, baş nazirlərin müavinlərinin rəhbərliyilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.
Humanitar məsələlərə toxunan nazir 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub, məlumatda deyilir.//Turan.скачать dle 12.1