Bia.Az

Kreml Qafqazda terror toxumu səpir: Xocalıda rus ordusu muzdlular rolunda çıxış edib... - "Detaly"

Siyasət
 27-09-2022, 16:35     57

Ukraynada rusiyalı hərbçilərin insanlara işgəncə verib və onları güllələməsi, bütöv kəndlərin və yaşayış məhəllələrinin Yer üzündən silməsi Qərb ölkələri sakinlərini şoka salır, qafqazlılara isə bunlar, əfsuslar olsun ki, çoxdan tanışdır. Kreml müharibə və terrorun bu metodlarını burada əvvəllər də sınaqdan keçirib, lakın cinayətkarlar cəzasız qalıb.

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Azərbaycan

Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı kəndində erməni silahlı qüvvələrinin törətdiyi qətliamdır. Orada 613 nəfər, əsasən, mülki vətəndaşlar, o cümlədən uşaqlar həlak olub. 200-dən artıq adam başından güllələnib, onların arasında ayaqları əvvəlcədən məftillə bağlanmış qadın və uşaqlar da olub. Digərləri qaçıb xilas olmaq istəyərkən və ya dağlarda donaraq həlak olublar. Daha 1000 nəfərdən artıq adam yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşmüş hesab edilir, 8 ailə tamamilə məhv edilib.

Bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsi adlanır. Lakin Kreml erməni millətçilərinə dəstək olmasaydı, o, heç vaxt belə alovlanmazdı. Bu regionda gərginlik ocağının yaradılması Moskvaya həm Bakını, həm də İrəvanı nəzarət altında saxlamağa imkan verib.

Məlumdur ki, Xocalıya hücum erməni silahlı dətələri tərəfindən Suvorov adına Qırmızı Bayraqlı 366-cı qvardiya motoatıcı alayından olan rusiyalı hərbçilərinin dəstəyi ilə edilib. Rusiyalılar tanklardan və toplardan yaşayış evlərini atəşə tutub. Bu, məlum faktdır, lakin sonradan Azərbaycan prokurorluğunun bu cinayətlər faktları üzrə apardığı cinayət işində daha az məlum olan təfsilatlar üzə çıxıb. Heç demə, rusiyalılara Xocalının atəşə tutulmasına görə pullar vəd edilib. Nizami ordu bölməsi muzdlular rolunda çıxış edib. Azərbaycan Mlli Təhlükəsizlik Nazirliyi onların arasında olan danışıqları ələ keçirib, bu lent yazısı işə əlavə edilib, 2021-ci ildə "Zerkalo" qəzeti o stenoqramdan fraqmentləri oxuculara təqdim edib.

"1 saylı səs: "Bir milyon pul, haradadır o bir milyon? Diviziya komandirinin müavini gələndə deyib ki, bizim üçün bir milyon pul saxlayıb. Qəbul".

2 saylı səs: "Biz hər gün naharadək buradayıq...(ana söyüşü işlədir) bir ay hamını qırmışıq...Pulları isə bankda vermirlər, bu gün arvadım gedib, orada bilmirəm milyon, yoxsa nə qədər vəd edilib. Sonra bəlkə 50 min verəcəklər, onun yarısı dəqiq bizimdir".

Elə həmin cinayət işində sabiq şahid, Xocalı özünümüdafiə dəstəsinin üzvü Z.A.Abışevin ifadələri yer alıb. O, danışıb ki, hücumdan öncə şəhər güclü atəşlərə məruz qalıb, tanklar və PDM-lər artilleriyanın köməyilə şəhərə hücuma başlayıb. O, PDM və tanklarda rus əsgər və zabitlərini görüb, onlar həm də piyadalar arasında olub, "təslim olmayın" qışqırıblar. Dindirilən 300-dən artıq şahidlərdən hər ikincisi rusiyalı hərbi qulluqçuların Xocalı qətliamında iştirak etməsini təsdiq edib. Hərbi qulluqçular həmçinin hərbi dəstələrə silah və döyüş sursatları satıb.

Çeçenistan

Rusiyanın üsyançı Çeçenistana iki müdaxiləsi daha miqyaslı kampaniyalar olub,ona görə də orada törədilən cinayətlər üzrə sənədlər daha çoxdur. Maraqlıdır ki, 2000-ci ildə bu müdaxiləni də Kreml "müharibə" deyil, "əməliyyat" adlandırıb.

Bu əməliyyatın xarakterini əks etdirən seçmə sənədlərlə tanış edək.

"Sərhədsiz həkimlər" təşkilatının "1994-2004. Hərbi cinayətlər və Çeçenistanda terror siyasəti" adlı məruzəsindən: "Antiterror əməliyyatı zorakılığın miqyasına görə ilk kampaniyadan onlarla dəfə üstün gəlir. Uzunmüddətli intensiv bimbardmanlardan, bütöv şəhərlər və kəndlərin məhv edilməsindən, Çeçenistanın 200 mindən artıq sakininin qonşu respublikalarda sığınacaq tapmağa məcbur olandan sonra federal hakimiyyətin "normallaşma fazası" adlandırılan dövrə qədəm qoyulur. Bu dövr terror rejiminin müəyyən edilməsi ilə səciyyəlınir, nəticədə təmizləmələrin gedişində və işğəncələr düşərgələrində minlərlə dinc sakin həlak olub".

"Memorial" hüquq müdafiə Mərkəzinin hesabatından Birinci çeçen müharibəsi zamanı rusiyalıların Samaşka kəndini yaraqlılardan necə "təmizlədiklərini" öyrənirik: şəhər minaatanlar, PDM və avtomatlardan atəşə məruz qalıb, nəticədə yüzdən artıq yerli sakin qətlə yetirilib, ən azı 30 kişi saxlanılandan sonra güllələnib. "Təmizlənmə" qarətlərlə, evlərin yandırılması ilə, insanların döyülməsilə müşayiət olunub. Hesabatda həyətlərdə cəsədlərin basdırılmasının fotosübutları var.

"Kişilərin həlak olmasının ən geniş yayılan səbəbi bir qayda olaraq hərbi qulluqçunun evə və ya həyətə daxil olandan dərhal sonra, bəzən əvvəlcədən döyülmələrdən sonra saxlandığı yerdə güllələnməsidir", - hesabatda belə deyilir.
Hüquq müdafiəçiləri çoxsaylı sübutlar toplayıb, onların arasında yerli sakin Karnukayevanın dedikləri də var:

"Evlər yandırılıb. Mənim indi getməyə yerim yoxdur. Mən acam, 4 uşaqla küçədə soyuqda qalmışam. Uşaqları gözlərimin qarşısında döyüblər. Bu, srağagün, ayın 8-də baş verib (aprel 1995-ci il). Maşınların, tankların səsini eşidən kimi qonşularımıza tərəf qaçıb, onların zirzəmisində gizləndik. Onlar qonşu həyətə gəlib babanın üstünə qışqırırlar: "Buralarda kimsə varmı?" Baba da, yəqin ki, qorxusundan düşünüb ki, zirzəmiyə nəsə ata bilərlər, deyib: "Orada qadınlar və uşaqlar sığınıb". "Haydı, qoy çıxsınlar!" Dayanıb və avtomat silahını üstümüzə yönəldib. Oğlanlar çıxan kimi ayaqlarından vurur, uşaqları diziüstə üzü divara qoyurlar. Onlar 12-13 yaşındadır. Və bizi də həmçinin. Sonuncu əsgər çıxanda, deyir: "Daha kimsə varmı?" Biz "yox" deyən kimi qumbara atır. Sonra uşaqları döyməyə başlayırlar. Mən ağlayıram, 5 yaşlı qızım da ağlayır: "Onları geri qaytarın, geri qaytarın". Ərim Aliki, əlil və əlsiz qaynımı, iki oğlumu apardılar. Bir saatdan sonra oğlanlarım geri döndü, ərimi isə həyətdəcə soyundurub çılpaq götürdülər. Əynində köynəyi belə olmayıb...Oğlanlarımı divara söykəyib arxadan təpiklə vururlar, oğlum deyir: "Əmi, Siz bizi öldürəcəksiniz? Öldürməyəcəksiniz?" Hərbçi onu da divara söykəyib".

Bəzən insanlar evlərə qumbara atılmasının nəticəsində həlak olub. Yerli sakinlərdən Leçi Arsayev aprelin 8-də səhər öz evinin hasarından ağ bayraq asıb, o, 20 m məsafədən güllələnib. Bəzən meyitləri yandırıblar. Artilleriya atəşi zamanı yaralanan 62 yaşlı kişi yaxın məsafədən avtomatdan atılan fasiləsiz atəşlərlə qətlə yetirilib və cəsədinin üzərinə benzin töküb yandırıblar.

Gürcüstan

Kremlin Qarabağda "parçala və hökm sür" siyasəti Osetiyada da tətbiq edilib. Qonşuları bir-birinin üzərinə qaldırmaqdan "səmərəli" nə ola bilər?

"Human Right Watch" təşkilatının 2009-cu ildəki hesabatını oxuyuruq:

"Rusiya 2008-ci ilin avqust ayında öz qüvvələrini Gürcüstana, o cümlədən de-yure Gürcüstan ərazisi olan Cənubi Osetiyaya yeridəndə, Tbilisi ilə razılıq və ikitərəfli saziş olmadan hərəkət edib. Beləliklə, Rusiya faktiki olaraq Gürcüstan ərazisinə nəzarət edən işğalçı dövlət statusu əldə edib. Rusiya işğalçı dövlət kimi nəzarət etdiyi ərazilərdə ictimai asayişin və təhlükəzliyin təmini sahəsində öz vəzifələrini icra etməyib. Bu, Osetiya qüvvələrinə kütləvi şəkildə gürcü evlərini talan edib yandırmağa, sakinləri döyməyə, zorlamağa, terrora məruz qoymağa imkan verib.

Məhkəməsiz divan tutma, talançılıq, yanğınlar-bunlar hücum edən Rusiya ordusunun çətiri altında Osetiya hərbçiləri tərəfindən törədilib.

"Münaqişənin tədricən və davamlı olaraq genişlənməsi ona gətirib çıxarıb ki, gənclərin, qadınların, uşaqların əksəriyyəti Cənubi Osetiyanın ətrafını və Qori şəhərini tərk edərək Gürcüstanın digər təhlükəsiz yerlərinə köçüb. Zərərçəkən kəndlərdə isə qalan yaşlı adamlar, öz evlərinə və təsərrüfatlarına baxanlar olub.

İnsan Haqları üzrə Avropa Məhkəməsi 2021-ci ildə Gürcüstan ərazisində 2008-ci ilin avqustunda etnik təmizləmə faktını təsdiq edib. Təşkilatın qərarına əsasən, Rusiyanın Cənubi Osetiya qoşunları tərəfindən 160 dinc sakinin Tsxinvalda saxlanılmasına, ələ keçirilən gürcü hərbçilərinə qarşı işgəncələrə görə məsuçiyyət daşıyır.

Gürcülər yaşayış evlərinin birbaşa atəşlərə tutulmasını, Tbilisini bombardman edilməsi ilə təhdidləri unutmayıb. Təəccüblü deyil ki, bu gün bu ölkədə onların çoxdankı düşməni ilə döyüşən Ukraynaya bu qədər dəstək göstərilir.

Terror Rusiya ordusunun vərdiş etdiyi metoddur

2019-cu ildə "Novaya qazeta" "Vaqner" özəl hərbi şirkətinin Suriyada törətdiləri vəhşiliklər barədə danışıb. Orada əvvəllər Əsəd ordusundan fərarilik edən bir ərəbi Rusiyanın "İŞİD-ə qarşı döyüşçüləri" kuvald ilə zərbədən sonra başını kəsib, sapyor bellə əllərini qırıb, sonra meyiti asıb tonqalda yandırıblar. Bütün bunlar şən musiqi və mahnılar altında törədilib.

Bunu törədənlərdən kimsə cəzalandırılmayıb. Ona görə də Buçada və Ukraynanın digər şəhərlərində rusiyalıların törətdiyi vəhşiliklərə təəccüb etməyə dəyməz: onlar hər şeyə qadirdir.

Terror çoxdandır ki, Kremlin rəsmi siyasətinə çevrilib. Bu gün bütün Qafqaz-İçkeriya və Dağıstan, Kabardin-Balkar və İnquşetiya, Azərbaycan və Gürcüstan Ukraynaya böyük ümidlə baxır. Eləcə də Orta Asiyanın keçmiş sovet respublikaları da həmçinin. Ukrayna Silahlı Qüvvələrinin hər bir qələbəsi onların da xalqlar həbsxanasını bərpa etməyə hələ də ümid edən rus imperialistlərindən azad ediləcəyini yaxınlaşdırır.

Müəllif: Emil Şleymoviç
скачать dle 12.1