Bia.Az

Sabiq Baş nazir Əvəz Zeynallıya görə Prezidentə MÜRACİƏT ETDİ

Siyasət
 26-09-2022, 15:15     192

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn prezident İlham Əliyevə müraciət edib.

BİA.AZ bakupost.az-a istinadla xəbər verir ki, siyasətçi yazır ki, 200 mindən çox abunəçisi olan, verilişlərinə hər ay bir neçə milyon şəxsin baxdığı, ictimai rəyin formalaşmasında mühüm rol oynayan, məmur özbaşınalığına və korrupsionerlərə qarşı kəskin mübarizəsi, vətəndaşların pozulmuş hüquqlarını ictimailəşdirməsi ilə tanınan “Xural” internet televiziyasının yaradıcısı Əvəz Zeynallı şübhəli cinayət işində təqsirləndirilən şəxs kimi həbs edilib:

“Əvəz Zeynallının həbsini cəmiyyətin ən müxtəlif təbəqələri müstəqil media üzərinə məmur özbaşınalığının, korrupsioner və rüşvətxorların revanşı, əks-hücumu, qisası kimi qarşılayır, medianı susdurmaq əməliyyatı, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirir. İctimai rəy Əvəz Zeynallının həbsini həm də onun ölkənin milli təhlükəsizliyi üçün təhdid olan xarici qüvvələrin, daxildəki 5-ci kolonun səylərinin nəticəsi kimi qarşılayır.

Bu müddətdə irəli sürülən ittihamların əsaslılığına və xüsusən hüquqi araşdırmanın aparılması dövründə Əvəz Zeynallının həbsdə saxlanması zərurətinə inandıran mötəbər sübut və dəlillər ortaya qoyulmayıb.
Əvəz Zeynallının həbsinin ölkədə siyasi mühitə zərər vurduğunu, dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda səhhətində problemlər olduğunu nəzərə almağınızı, onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına kömək göstərmənizi xahiş edirəm”.


1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb.
Əvəz Zeynallı sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.
Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
скачать dle 12.1