Bia.Az

Dövlət Dumasında “Laçın dumanı”- Azərbaycan əleyhinə sifarişli yazı...

Siyasət
 1-09-2022, 01:43     330

Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”də Azərbaycana qarşı təxribat törədilib. Belə ki, “Duma TV”də Azərbaycana qarşı təxribatçı məzmunlu material yerləşdirilib. Məsələ ondadır ki, Prezident İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra “Duma TV”də “Dağlıq Qarabağda Azərbaycan Ordusu yerləşdirilib” başlıqlı qərəzli material gedib. Materialda əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Hərbi tarixçi, politoloq Nikita Buranov Azərbaycanın ünvanına iftira xarakterli fikirlər səsləndirib:
“Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüflər olsun son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi, Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazılaşmır, ”DQR" üzərində tam nəzarəti ələ keçirməyə çalışır".
Qeyd edək ki, Kreml və Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri hər açıqlamalarında 10 noyabr üçtərəfli bəyanatının icrasının vacibliyini vurğulayırlar. Laçın koridorunun və ətraf kəndlərdə qanunsuz məskunlaşmış erməni ailələrinin köçürülməsi də üçtərəfli bəyanatdan irəli gəlir və burada hansısa qanunsuz əməl yoxdur. Amma Rusiya Dövlət Dumasının rəsmi telekanalından bu cür mövqe haqlı suallar doğurur. Üstəlik, iki ölkə arasında müttəfiqlik sazişi olmasına rəğmən, Rusiya parlamentinin televiziya kanalında Azərbaycan əleyhinə materialı yaymaqla Moskva-Bakı münasibətlərinə zərbə vurmuş olur. Bu həm də onu göstərir ki, Rusiya hakimiyyətinin ən müxtəlif qollarında hələ də erməni lobbisinin maraqlarını müdafiə edən qüvvələr qalır. Onlar hər mümkün fürsətdə iki ölkə arasında münasibətləri riskə soxan addımlar atırlar ki, son hadisə də buna sübutdur. Bu kimi hallara qarşı isə təkcə Bakı deyil, Rusiya hakimiyyəti də sərt mövqeyini bildirməlidir.
Azad MƏSİYEV
Azad Məsiyev 
Bu barədə fikirlərini “Yeni Müsavat”a bildirən politoloq Azad Məsiyev bildirdi ki, Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və müttəfiqlik müqaviləsi var: "Bu müqavilə 43 maddədən ibarətdir və ikitərəfli münasibətlərin inkişafı üçün bütün sahələri özündə əks etdirir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya prezidenti 44 günlük müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bəyan etmiş və bildirmişdi ki, müharibə Azərbaycan ərazisində gedir, Qarabağ Azərbaycanın ərazisidir. Yəni Rusiya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bəyan edir. Bunu da qeyd etmək yerinə düşər ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının da təşəbbüskarı Rusiya prezidentidir. Rusiya liderinin də o bəyanatda imzası var. Rusiya Prezidenti bu yaxınlarda Ermənistan baş nazirinin müraciətinə belə cavab vermişdi ki, Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalannmasında Rusiya maraqlıdır. Çünki bunu Rusiyanın strateji marağı tələb edir. Biz Rusiyanın rəsmi mövqeyi ilə Rusiyada ayrı-ayrı strukturlarda işləyən erməni mənşəli şəxslərin, onlara bağlı olan adamların yazdıqlarını, açıqlamalarını qarışdırmamalıyıq. Rəsmi mövqenin necə olduğunu yuxarıda qeyd etdik. O ki qaldı qeyri-rəsmi açıqlamalar, hansısa media orqanlarında dərc olunan yazılara, bunları edənlər, dediyim kimi, Rusiyanın müxtəlif strukturlarında, xüsusilə mətbuatında, qanunverici orqanın və nazirliklərinin müxtəlif təsisatlarında özlərinə yer eləmiş ermənilər və erməni lobbisinin təsiri altında olan şəxslər, dairələrdir. Onların isə mövqeyi Rusiya dövlətinin, Rusiya liderinin mövqeyi demək deyil. Ermənistana bağlı olan həmin şəxslər və dairələr bütün gücləri ilə çalışırlar ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər korlansın, pozulsun və gərginləşsin. Bizim üçün əsas olan Rusiya dövlətinin başçısının mövqeyidir.
Onlar Rusiya ictimai rəyini Azərbaycan əleyhinə kökləmək də istəyirlər. Bütün bunlar isə əslində həm də Rusiya dövlətinə, onun birinci şəxsinə qarşı həyata keçirilən məkrli siyasətdir. Ona görə də Rusiya hakimiyyəti həmin təxribatçı qüvvələrə, təxribatçı yazılara qarşı ciddi tədbirlər həyata keçirməlidir. Bunu Rusiyanın da dövlət maraqları tələb edir. Kreml sahibi müttəfiqlik sazişi imzaladığı Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu artıq bir çox addımları və bəyanatları ilə ortaya qoyub. Bu baxımdan hesab edirəm ki, münasibətlərə zərbə vurmağa hesablanan təxribatçı addımların qarşısı da alına bilər. Bunu ölkələrimiz arasında imzalanmış 22 fevral müqaviləsi də tələb edir".скачать dle 12.1