Bia.Az

İrəvan separatçı “komandiri” Şuşaya görə həbs etdi - Ermənistan İstintaq Komitəsi açıqlayır

Siyasət
 31-08-2022, 11:38     161

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların keçmiş “komandanı” general-leytenant Arzumanyan Xankəndidən İrəvana gedərkən saxlanılıb.

BİA.AZ axar.az-a istinadla xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun saxlanılmasının detallarını açıqlayıb.

Bildirilib ki, onun həbsinin səbəbi “Şuşanın müdafiəsindəki səhlənkarlığı”dır.

Məlumata əsasən, Arzumanyan oktyabrın 30-dan noyabrın 9-dək (söhbət 44 günlük müharibə zamanından gedir – red.) Şuşa və ona bitişik ərazilərin “müdafiəsi” üçün üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməyib. Belə ki, o, erməni qüvvələrinin döyüş imkanlarından səmərəli istifadəni, tapşırıqların yerinə yetirilməsinə nəzarəti, vəziyyətin dəyişməsi üçün operativ və çevik reaksiya və qoşunların qarşılıqlı fəaliyyətini təmin etmədiyinə görə təqsirkar bilinir.

Qeyd olunur ki, 2020-ci il oktyabrın 27-28-dən Şuşa-Turşsu qəsəbəsində avtomobil yolunun bir hissəsində yerləşdirilmiş 95 nəfərlik xüsusi atıcı tağımın, o cümlədən hər biri 365 nəfərlik iki alayın onun sərəncamında olmasına baxmayaraq, Arzumanyan lazımi müdafiəni təmin etməyib.

Bundan əlavə, 2020-ci il noyabrın 6-sı daxil olmaqla, Arzumanyan imzaladığı əməliyyat hesabatlarında Azərbaycan Ordusunun ayrı-ayrı qruplarının Şuşaya əks-hücum etməsinə baxmayaraq, döyüş tapşırıqlarının icrasının davam etdirildiyi və vəziyyətin nəzarətdə olduğunu qeyd edib.

Noyabrın 5-də isə o, bir atıcı batalyonunu Şuşa ilə Daşaltı kəndinin kəsişməsinə, İsa bulağı ərazisinə göndərib. Ancaq buna qədər Azərbaycan birləşmələri artıq Daşaltı və bir sıra əraziləri nəzarətə götürmüşdü. Belə şəraitdə həmin ərazilərə göndərilən batalyon müdafiə əvəzinə, özünü qorumağa çalışıb və ciddi itkilər verib. Halbuki bu batalyon noyabrın 1-dən döyüş əməliyyatlarında iştirak etməyə tam hazır vəziyyətdə olub.

Vurğulanıb ki, “Şuşanın müdafiəsi əməliyyatı”na görə oktyabrın 15-dən hazır vəziyyətə gətirilmiş hər biri 2590 nəfərlik motoatıcı qüvvələrdən ibarət iki batalyon, həmçinin oktyabrın 20-dən 150 nəfərlik hərbi birləşmələr vardı. Bunlardan Şuşanın “müdafiəsində” istifadə olunmayıb. Həmçinin, nizami ordu sıralarından 650 nəfərlik bölmələr də proseslərə cəlb edilmədi.

Şuşanın müdafiəsi zamanı şəraitin sürətli dəyişməsi də komandirlərin qoşunlarının yerləşdiyi əraziləri öyrənməyə və onlar arasında əlaqə yaratmağa imkan yaratmamışdı. Buna görə də Azərbaycan qüvvələri bölmələrdən yan keçərək şəhəri mühasirəyə almağı bacarıb.

Eyni zamanda, bölmə komandirlərindən biri noyabrın 2-də Arzumanyana Azərbaycan Ordusunun sağda, mühafizə olunmayan ərazilərdə erməni mövqelərindən yan keçdiyini çatdırıb.

Bundan sonra noyabrın 4-də gecə saat iki radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri İsa bulağı yaxınlığındakı yüksəklikdə möhkəmlənib. Məhz buradan noyabrın 7-də yanacaqdoldurma məntəqəsinin kəsişməsində nəzarəti tam ələ keçirərək, Şuşa girməyi bacarıblar..

Arzumanyan Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi (hərbi xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlıq) ilə ittiham olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu separatçıların “müdafiə naziri” Cəlal Arutyunyanın maşın karvanına zərbə endirmiş və Arutyunyan komaya düşmüşdü. Arzumanyan “komada olan” C.Arutyunyanın yerinə bu “vəzifəyə” 27 oktyabr 2020-ci ildə təyin edilmişdi.
скачать dle 12.1