Bia.Az

Qarabağın yerdə qalanı NƏ OLACAQ? - GƏLİŞMƏ

Siyasət
 27-08-2022, 18:05     1 608

44 günlük Vətən Müharibəsindən sonra Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalından azad olunan Laçın rayonu dünən – avqustun 25-də rus sülhməramlı qüvvələrindən boşaldılaraq, Azərbaycan Ordusuna təslim edildi. Bu vaxta qədər Laçın və ətraf kəndlər sülhməramlı qüvvələrin nəzarəti altında idi. Avqust ayının əvvəllərində burada yaşayan erməni əhaliyə bölgəni tərk etmələri üçün vaxt verilsə də, onlar yenə hər zamankı kimi Azərbaycan tərəfinin bu humanist mövqeyinə qarşı öz vandallıqlarından qalmadılar və bir çoxları yaşadıqları evlərə, həmçinin yaşıllıq ərazilərə od vurub, yandıraraq, xislətlərinə uyğun vəhşiliklər törədərək, torpaqlarımızı tərk etdilər. Bu gün isə Ordumuz artıq Laçın rayonuna yerləşdi və rayon mərkəzi və dəhlizlə birlikdə bir çox kəndlər, ətraf ərazilər nəzarətə götürüldü. Ancaq indi bu ərazilərdə digər azad olunan bölgələrimizdə olduğu kimi, kommunikasiya işləri ilə yanaşı, güclü təhlükəsizlik tədbirləri, həmçinin minalı sahələrin təmizlənməsi işlərinin aparılması zəruri amil kimi qalır.

Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonunun mərkəzini və ətraf əraziləri nəzarətə götürməsindən sonra qarşıda nə kimi problemlərin durduğunu və ölkə rəhbərliyinin mövcud vəziyyətlə bağlı hansı addımları atacağı müəyyən suallar doğurur. Məsələn, rayonu Ordumuza təhvil verib, ərazini tərk edən rus sülhməramlılarının növbəti dayanacağı haradır – Xankəndi, yoxsa öz vətənləri? Sülhü və təhlükəsizliyi qorumaq missiyasını gerçəkləşdirmək iddiası ilə ərazilərimizə yerləşdirilmiş bu yad ordu torpaqlarımız addım-addım öz nəzarətimizə keçdikdən sonra hissə-hissə ərazilərimizi tərk edirlərmi? Laçın rayonundan sonra növbədə hansı ərazilərimizin boşaldılması var? BİA.AZ xəbər verir ki, bu və başqa suallarla bağlı hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info-ya fikirlərini bildirib.

Ekspertin dediyinə görə, Laçından sonra növbəti mərhələdə Ağdərə, Sərsəng və Vəng istiqamətində də işlər aparılacaq: “Böyük ehtimalla Laçından və daha əvvəl azad olunan dörd yüksəklikdən sonra Azərbaycanın diqqəti daha çox Ağdərə, həmçinin Sərsəng və Vəng istiqamətinə yönələcək. Buna paralel olaraq, Buzduxdan Ömər aşırımı istiqamətinə doğru da müəyyən mövqelərdən erməni silahlılarının yaxın perspektivdə çıxarılması istisna deyil”.

Bölgəni tərk edən sülhməramlı qüvvələrin növbəti dayanacağının hara olacağı haqqında hərbi ekspert bildirib ki, bu barədə danışmaq hələ tezdir, çünki qarşımızda hələ 3 il vaxt var: ""Sülhməramlıların növbəti dayanacağı yeni açılan yol və Xankəndi, Xocvəndin müəyyən əraziləri və sair bölgələrdir. Amma indi onların ərazini tərk edib gedəcəkləri barədə danışmaq bir qədər tez olardı, çünki qarşımızda hələ 3 il vaxt var. Bu müddət ərzində sülhməramlılar Azərbaycan torpaqlarında olacaq. Bəli, indi bizim hədəfimiz Ağdərə, Sərsəng, Xocalı, Şuşanın qalan kəndləri və başqa bölgələrimizdir. İndi biz bu ərazilərin təmizlənməsi üzərində işləyəcəyik, paralel olaraq da qərbi Zəngəzurda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi üçün hərbi infrastrukturu inkişaf etdirəcəyik. Azad olunan yeni yüksəkliklərə yollar çəkiləcək, müəyyən kommunikasiya xətləri ilə təmin ediləcək. Biz indi bu kimi məsələləri həll etməliyik" - deyə, hərbi ekspert bildirib.

Qeyd edək ki, Laçın rayonu 10 noyabr üçtərəfli bəyannaməsindən sonra Azərbaycan tərəfinə təslim edilmiş olsa da, burada yerləşən dəhliz Rusiya sülhməramlılarının nəzarəti altında idi. 26 avqust 2022-ci il tarixdən etibarən Laçın dəhlizi və rayon mərkəzi Silahlı Qüvvələrimizin nəzarətinə keçib, sülhməramlı qüvvələr ərazini tərk edib.
скачать dle 12.1