Bia.Az

"İran anlamalıdır ki, Səttərxanlar, Pişəvərilər yetişdirmiş bu böyük toplum artıq susmayacaq" - deputat

Siyasət
 27-08-2022, 14:59     245

"İran dövləti və bu ölkənin siyasi kursu müstəqil, demokratik və dünyəvi Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir". BİA.AZ xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, əgər İran əvvəllər bu mövqeyini hardasa pərdələyirdisə Vətən müharibəsində, Azərbaycanın şanlı zəfərindən sonra artıq rəsmi Tehran Azərbaycanla bağlı bu psixoz və qarabasma mövqeyini açıq formada fəaliyyətdə əks etdirməyə başlayıb:

"Hamımız şahid olduq ki, istər müharibə dövründə, istər sonralar İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarında, habelə həm Azərbaycanın özündə İrana maşalıq edən, eyni zamanda İrana sığınaraq məqam gözləyən xəyanətkar, satılmış üzdəniraqlar Azərbaycana qarşı açıq formada kampaniyalara başlayıblar. Baxmayaraq ki, ən mürəkkəb dövrdə belə Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə sarı uzadıb qədim Azərbaycan abidəsini dostluq körpüsü adlandırmışdı. İran əslində sivil, beynəlxalq hüquqa minimal hörmət bəsləyən dövlət olsaydı bu jestdən sonra artıq durardı, yeni səhifə açıb dostluq və əməkdaşlıq barədə düşünərdi. Amma əksinə, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı. İndi guya öz aləmlərində bu kimi xaotik məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşür ki, qarşılarındakı 90-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar. Bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb. Heç bir üçüncü dövlətə imkan verməmişik ki, ərazimizdən İrana qarşı istifadə etsin, hətta İran sanksiyalar altında sürünəndə biz əlaqələrimizə heç bir məhdudiyyət tətbiq etmədik, İran bizim hesabımıza nəfəs aldı. Çünki biz bütün qonşularımızla sülh və sabitlik şəraitində, mehriban qonşuluq münasibətləri qurub əməkdaşlıq etmək istəyirik. Amma təəssüf ki, hələlik İrandan ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik xarakterli münasibət müşahidə edirik".

Deputat bildirib ki, İran dövləti müqəddəs İslam ideyaları ilə pərdələnib, əslində fars şovinizmini tətbiq etməkdədir:

"Əks halda adında İslam olan, özünün İslamın qoruyucusu, şiəliyin mərkəzi olduğunu iddia edən bir dövlət 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan islam abidələri, donuz saxlanan məscidlər, Məhəmməd ümmətinin dağıdılan məzarları ilə bağlı bir mövqe bildirərdi. İran nə etdi? Nəinki mövqe bildirmək, əksinə işğalçı təcavüzkar Ermənistana etmədiyi kömək qalmadı. Silahını verdi, sursatını verdi. Hətta müharibə dövründə və ondan sonra da İran hərbi qüvvələrini Arazın cənub sahillərinə yığıb hazırlıq vəziyyətinə gətirərək bizi öz aləmində təhdid etməyə çalışdı. İndi bəzi məsələlər var, açıqlamaq olmur, İran ərazisindən Ermənistana silah-sursat ötürülməsinə dair çox sayda faktlarımız var, Azərbaycanın bunun qarşısını aldığı faktlar var, lazım olarsa aidiyyətı strukturlar açıqlaya bilər. Elə bu günün özündə də İran Ermənistan ordusunun o qalıqlarını dirçəltməyə çalışır, İran istehsalı olan hərbi vasitələrlə, minalarla, dronlarla, digər silahlarla təmin edir və bunu təsdiq edən nə qədər lazımdırsa həm rəsmi, həm də audiovizual sənədlər mövcuddur. İşğal dövründə xatırlayırsızsa, İran hətta beynəlxalq cinayətə ortaq olaraq İrəvanda, Şuşada məscidləri fars məscidləri kimi bərpa edib həm özü təcavüzkarlıq etdi, həm də Ermənistanı dünyada humanist tolerant ölkə kimi təqdim edərək işğala, təcavüzə haqq qazandırdı. İndi çox da Tehran bəyan etsin ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, reallıqda isə aşkar şəkildə işğala təcavüzə separatizmə dəstək verir. Amma İran bilməlidir ki, bu siyasəti bu riyakarlığı heç kimə yox, məhz elə onun özünə baha başa gələ bilər".

B.Məhərrəmov təəssüflə vurğulayıb ki, İran rəhbərliyi həmişə müstəqil Azərbaycanı molla rejiminə qarşı ən ciddi təhlükə hesab edir:

"Onlar düşünürlər ki, bu ölkədə yaşayan 30 milyon soydaşımızın ürəyi Bakı ilə döyünməsi İran üçün təhdiddir. Ona görə də 30 milyonluq bir toplumu öz qədim tarixi yurd yerlərindəcə assimiliyasiyaya məruz qoymaq istəyirlər və bunun üçün bütün mümkün vasitələrdən çəkinmirlər. Baxın, bu ölkədə yaşayan bir ovuc ermənini yüzlərlə mədəniyyət mərkəzləri, məktəbləri, media orqanları var, amma 30 milyon azərbaycanlının minimum haqqı tanınmır. İranda azərbaycanlılar üçün nə bir məktəb, nə bir Azərbaycan dilində qəzeti yoxdur. Bunu dilinə gətirəni də ya din düşməni adlandırırlar, ya da sionist. İran həbsxanaları bu gün milli zəmində işgəncələrə, qanunsuz cəzalara məruz qalan soydaşlarımızla doludur. Hesab edirəm ki, artıq Azərbaycan mediası bu məsələlərə diqqəti artırmalıdır, bizim Türkiyə ilə ortaq media platformamız var, həm onun, həm qardaş İsrail dövləti də daxil olmaqla digər dost ölkələrin media gücündən bu məsələdə maksimum yararlanmalıyıq və 30 milyon insanın minimal haqlarına sahib olmaq uğrunda mübarizələrinə diqqət çəkməliyik".

"Bilirsiniz ki, bütün bunlar İranda mərkəzi hakimiyyəti möhkəmlətmir, əksinə, bu radikal siyasi kurs öz sonlarını yaxınlaşdırır. Bilirsiniz ki, Müstəqillik dövründə İrandan gələn bütün təhlükə və təhdidlərə biz susmuşuq, qonşuluq naminə, amma əgər İran bizimlə mehriban qonşuluq yox, aşkar düşmənçilik edirsə deməli artıq susmaq vaxtı deyil. Biz açıq formada öz narahatlıqlarımızı İrana çatdırmalıyıq. Göstərməliyik ki, 30 milyon soydaşımızın acı aqibətinə biganə qalmayacağıq. O insanların da gözləntiləri var. İran anlamalıdır ki, Səttərxanlar, Pişəvərilər yetişdirmiş bu böyük toplum artıq susmayacaq, rəsmi qəzetlərdə azərbaycanlıların “tarakan” adlandırlıması, yaxud digər formada aşağılanmasına artıq göz yummayacaq. Amma nə qədər gec deyil, vəziyyəti düzəltmək olar, bunun üçün Tehrandan tələb olunan yeganə şey beynəlxalq hüquqa hörmətlə yanaşması, bölgənin yeni və əsas güc mərkəzi Azərbaycana münasibətdə dürüst olmasıdır", - deputat qeyd edib.
скачать dle 12.1