Bia.Az

Narahatlıq, təklif

Siyasət
 5-08-2022, 11:03     189

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır.

İndiki qanun 1992-ci il iyunun 3-də qəbul edilib. Hazırda 58 partiya dövlət qeydiyyatındadır.
Novator.az-ın məlumatına görə, avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarovaya açıq məktubla müraciət edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, siyasi partiyalar qanununu tam yeniləmək təklifinin müəllifləri və təşəbbüskarları bunu şərtləndirən və zəruri edən səbəbləri, yeni qanunun hazırlanması təklifinin məqsədini və konsepsiyasını aydın şəkildə əsaslandırmalıdır: “Yeni qanun qəbul etmək yolu ilə siyasi partiyalarda birləşmək və fəaliyyət hüququnun daha da məhdudlaşdırılacağına dair əsassız görünməyən narahatlıqlar var. İndiki qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan 64 qanun qəbul edilib. Yenə zəruri, məsələn, yeni hüquqi normativ aktlara uyğunlaşdırılması tələb olunan hallar varsa, onları da qanuna əlavə və dəyişikliklər şəklində etmək mümkündür.
“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanıb qəbul edilməsi konstitusiyada siyasi partiyalar haqqında müddəaların ayrıca təsbiti, seçkili hakimiyyət və yerli idarəetmə orqanlarına seçkilərin çoxpartiyalı, proporsional seçki sistemi əsasında aparılmasını nəzərdə tutan əlavə və dəyişikliklərdən sonra məntiqi və məqsədəuyğun olardı.
Siyasi partiyaların konstitusion statusu yüksəldilməli, bunun üçün ana qanunda partiyalar haqqında müddəalar müstəqil, ayrıca maddələr şəklində təsbit olunmalıdır. 1991-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş dövlət müstəqilliyi aktında siyasi partiyalar anlayışı, onların siyasi proseslərdə yeri və rolu ayrıca, “Siyasi partiyalar siyasi fəaliyyətin əsas ünsürləridir” müddəası ilə təsbit olunub.
Azərbaycan Xalq Partiyası konstitusiyada və seçki qanunvericiliyində islahatlar aparılmayana qədər “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsinə ehtiyac olmadığını bildirir. Ancaq yeni qanunun hazırlanmasına start verildiyini nəzərə alaraq layihənin Milli Məclisdə müzakirədən əvvəl dərc edilib ictimaiyyətə təqdim olunması zəruridir”.
Pənah Hüseyn Azərbaycan xalq hərəkatının (1988-1992) liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) dövlət katibi və baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb.скачать dle 12.1