Bia.Az

Rusiya, ABŞ və Avropa Birliyi Ermənistanı sülhə məcbur etməlidir - deputat

Siyasət
 4-08-2022, 17:16     178

"Ermənistanın yeni təxribatını müşahidə edirik. Laçınla bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməyən, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq istəməyən Ermənistan hər zaman təxribatlara əl atır. Azərbaycan əsgərinə atəş açır və s. Biz bunu 30 ildir müşahidə edirik”. BİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə Qarabağ bölgəsində dünən baş verən hadisələrdən danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan layiqli cavabını almalıdır: “Əgər bu ölkə üzərinə düşən öhdəlikləri qısa müddətdə yerinə yetirməsə dəmir yumruqla üzləşəcək. Artıq xalqımızın səbri tükənib".

A. Mollazadənin fikrincə, Ermənistan Rusiyanın durumunun necə olacağını, Avropa Birliyinin və ABŞ-ın nə edəcəyini bilmək üçün problemin həllini ləngitməyə çalışır: "Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində təxribatlarını davam etdirir, dözülməz vəziyyət yaradır. Təbii ki, Azərbaycan antiterror əməliyyatları keçirərək bu hərbi hissələri öz ərazisindən çıxarmalıdır".

A. Mollazadə əmindir ki, ermənilər bundan sonra da hansısa oyunlar oynayacaq: "Onlar normal diplomatik dildə anlamaq istəmir, beynəlxalq hüquqa əməl etmir, imzaladıqları sazişlərə hörmətlə yanaşmırlar. Nəticədə Azərbaycan yalan və təxribatlarla üzləşir".

Milli Məclis üzvü deyib ki, beynəlxalq təşkilatlar bu prosesdə iştirakçı olmaq üçün Ermənistanı təxirəsalınmaz addımlar atmağa məcbur etməlidir: "Onlar Azərbaycan ərazisindən qoşunlarını çıxarmalı, öhdəliklərini yerinə yetirməli, kommunikasiyalarla, demorkasiya və sazişlə bağlı addım atmalı, Azərbaycan ərazisində erməni əsgəri qalmamalıdır”.

A. Mollazadə qeyd edib ki, rus sülhməramlı qüvvələri Qarabağa erməniləri qorumaq üçün gəlib və bu halda Ermənistan silahlı qüvvələrinin həmin ərazidə nə işi var? “Bəyannamə imzalayan Rusiya, Avropa Birliyi və ABŞ Ermənistanı sülh istiqamətində addımlar atmağa məcbur etməlidir",- deyə A. Mollazadə əlavə edib
скачать dle 12.1