"Müharibə dayanıb, Kreml aqressiv bəyanatlarla diqqəti yayındırır" - ABŞ
Pentaqon (ABŞ Müdafiə Nazirliyi) bildirib ki, Rusiya qoşunlarının Ukraynaya hücumu demək olar ki, dayanıb və Rusiya diqqəti bundan yayındırmaq üçün aqressiv təbliğat aparmağa başlayıb.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, hazırda təbliğat Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Kiyev rejimini” devirmək niyyəti və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin “gələcək Ukrayna”nı Kiyev vilayətinin bir hissəsi kimi paylaşdığı xəritəyə əsaslanır.
Pentaqonun sözçüsü isə, cümə günü keçirdiyi brifinqdə deyib ki, Rusiya yüksək səslə bəyanatlar verir, Rusiya Ukrayna əhalisini təhdid edir, lakin ukraynalılar möhkəm dayanmaqda davam edirlər.
“Onlar bizim onlara verdiyimiz avadanlıqdan çox yaxşı istifadə edirlər",- deyən sözcü vurğulayıb ki, Ukrayna qoşunları Rusiyanın komanda məntəqələrinin və silah-sursat anbarlarının axtarışı və məhv edilməsində yüksək effektivliyə malikdir.
Nəticədə, Rusiya döyüş meydanında çox az qazanc üçün ağır bədəl ödəyir və sanksiyalara görə getdikcə daha çox daxili problemlərlə üzləşir:
“Rusiyanın iri dövlət şirkətləri bazar kapitallaşmalarının 70-90 faizini itiriblər, minə yaxın beynəlxalq şirkət Rusiyanı tərk edib, inflyasiya 20 faizə yaxınlaşır, Rusiya fond bazarı dəyərinin üçdə birini itirib. Bu, sanksiyaların təsirinin yalnız başlanğıcıdır",- deyə Pentaqonun sözçüsü bildirib.
Müharibənin Tədqiqi İnstitutu (ISW) isə, hesab edir ki, Rusiya indi yalnız iki əraziyə Seversk və Baxmuta hücum edə bilir.
Xatırladaq ki, iyulun 27-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Rusiya Xerson istiqamətində maksimum sayda qüvvə toplamağa başlayıb. Qeyd edək ki, Ukrayna Xersonu almaq üçüm əks-hücuma hazırlaşdığını açıq şəkildə bildirib.