Bia.Az

UKRAYNA MİLYONLUQ ORDUYLA ƏKS-HÜCUMA HAZIRLAŞIR - "Bu, Putinin yerinə namizəd axtarışına səbəb olacaq"

Siyasət
 11-07-2022, 15:35     287

Ukrayna prezidenti Zelenski silahlı qüvvələrə rus qoşunlarını ölkənin cənubundan çıxarmağı əmr edib. İşğal olunmuş sahilyanı ərazilər Ukraynanın yaşaması üçün həyati əhəmiyyət kəsb edir.

Bu barədə Britaniyanın “Sunday Times” qəzetinə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib. Plana əsasən, Ukrayna ordusu əməliyyat üçün milyonluq ordunu hazırlıq vəziyyətinə gətirdikdən sonra əməliyyat başlanacaq. Qərb silahları ilə təchiz edilmiş Ukrayna ordusu əks-hücum zamanı türk dronlarından da istifadə edəcək.
Prezident Zelenski hərbi rəhbərliyə əks-hücum planı hazırlamağı tapşırıb. Plan haqqında əlavə məlumat verilmir. Başqa heç nə məlum deyil. Bir şey açıq görünür ki, ordu rəhbərliyi əhalinin Rusiyanın nəzarətində olduğu əraziləri tərk etməsini gözləyir.
İşğal olunmuş sahilyanı ərazilər Ukrayna iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Rusiyanın ya işğal etdiyi, ya da blokadada saxladığı bir çox limanlar var. Bu vəziyyət Ukraynanın taxıl ixracının qarşısını alır.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk xalqı ölkənin cənubunda Rusiyanın nəzarətində olan əraziləri tərk etməyə çağırıb. Vareşçuk qadınların və uşaqların canlı qalxana çevrilməməsi üçün bu addımın atılmasının vacibliyini bildirib. Ordu artilleriya atəşinə hazırlıq görür və buna görə də əhalini təcili evakuasiyaya çağırır.
Bu arada ukraynalı jurnalist və hərbi ekspert Yuri Butuzov Lisiçansk və Severodonetsk şəhərlərinin itirilməsi ilə nəticələnən əməliyyatı tənqid edib. Onun fikrincə, məğlubiyyətin günahkarı hərbi işləri anlamadan əməliyyatların hazırlanmasına müdaxilə edən siyasətçilərdir. Buna görə də hərbçilər dəyişən vəziyyətə operativ reaksiya verə bilmədilər.
Qoşunlar əvvəlcədən kifayət qədər möhkəmlənmə dəstəyi almayıblar və günlərlə döyüşmələrinə baxmayaraq, onları əvəz etmək ordu rəhbərliyinin yadına düşməyib. Bəzi bölmələr fasiləsiz olaraq, aylardır döyüşürlər. Onları əvəz etməli olan qüvvələr qoşunlara çox gec çatmışdılar və taktiki səhvlərə yol vermişdilər. Butuzov həm də Ukraynada prezident Zelenskinin tənqidçisi kimi tanınır.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusu Slovyansk şəhəri yaxınlığında mövqelərini gücləndirib. Britaniya kəşfiyyatı Ukraynanın ordu komandanlığına məlumat dəstəyi verir.
Slovyansk döyüşü Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi ola bilər. İri şəhərləri raket hücumundan qorumaq üçün Ukrayna tərəfi bir çox raket hücumundan müdafiə sistemlərini nəzərdən keçirir.
Hələlik ordu rəhbərliyi bütün Ukrayna üzərində hərtərəfli çətir qura bilməyəcək, bunun üçün çoxsaylı sistemlər lazım olacaq, danışıqlar və çatdırılma isə ləng gedir.
Ukrayna ordusunun alacağı ilk vacib silah ABŞ və Norveçin NASAMS hava hücumundan müdafiə sistemləri, həmçinin Almaniyanın İris-T sistemləridir. Bu sistemlərdən Odessa kimi iri şəhərlərin müdafiəsində istifadə edilməlidir.
Yeni sistemlər Krımın qərbindəki Nikolayev bölgəsi üçün xüsusilə aktualdır. Regional hakimiyyət orqanlarının məlumatına görə, bölgə bir neçə həftədir ki, demək olar ki, hər gün raket hücumlarına məruz qalır.
Ukraynanın cənubundakı hərbçilər də Rusiya hərbi həniz qüvvələri tərəfindən artan təhlükəni müşahidə edirlər. Hərbi dəniz qüvvələrinin sözçüsü Vladislav Nazarov mətbuata açıqlamasında bildirib ki, sahilyanı sularda çoxsaylı rus qoşunları çəmləşiblər. "Düşmən qüvvələrinin dəniz dəstəsi dörd yerüstü raketdaşıyıcıdan və iki sualtı qayıqdan ibarətdir. Bu birləşmələr naviqasiyanı əngəlləməkdə davam edirlər. Bölgədə 40 qanadlı raket təhlükəsi var".
Ukraynadakı hərbi əməliyyatları müşahidə edən hərbi ekspertlərin fikrincə, son əməliyyatlar "zəiflətmə müharibəsinə" çevrilib. Burada ayrı-ayrı şəhərləri fəth etmək vacib deyil deyil, əsas məqsəd qarşı tərəfin daha çox insan və maddi itki verməsidir.
İndi Ukrayna silahlı qüvvələri Baxmut, Soledar və Siverskdə salınmış yeni, yaxşı qurulmuş müdafiə xəttinə çəkilib. Slovyansk və Kramatorskda başqa müdafiə xətti var, hər iki şəhər mərkəzi 2014-cü ildən güclü müdafiə qalalarına çevriliblər.
Almaniyanın birinci kanalına müsahibə verən hərbi-ekspert Franç-Stefan Gadi Rusiya və Ukrayna ordularının son durumlarını xarakterizə edib: "Son əməliyyatlar hər iki silahlı qüvvə üçün “dibə doğru yarışdır”. Hər iki qüvvə tükənib, çoxlu itkilər veriblər. İndi sual budur, kim daha tez çökəcək. Bu, zəiflətmə müharibəsində əsas sualdır. Burada bir neçə amil var. Qısamüddətli perspektivdə Ukrayna silahlı qüvvələri üçün vəziyyət şərqdə daha pis görünür, çünki Rusiya silahlı qüvvələri yerüstü artilleriyada böyük üstünlüyə malikdir və sursat təchizatında problemləri azdır".
Ukrayna ordusunun dronlardan daha az istifadə etməsinin səbəbi haqqında danışan Gadinin fikrincə, bunun səbəbi rusların elektron müharibədəki üstünlüyüdür: "Rusların elektron müharibədə üstünlüyü var, bu səbəbdən Ukrayna tərəfində pilotsuz təyyarələrdən az istifadə olunur, çünki elektron müdaxilə onların istifadəsinə mane ola bilər, bu isə kəşfiyyatı çətinləşdirir. Rus ordusunun böyük çatışmazlığı piyadaların olmamasıdır, əsgər çatışmır".
Gadinin fikrincə, dalğa uzunmüddətli perspektivdə ukraynalılar üçün dəyişə bilər və bu, ukraynalıların Qərbin sursat və silah təchizatından nə qədər faydalana biləcəyindən asılıdır. Yaxşı əlaqələndirilmiş, davamlı silah axının olması, davamlı kəşfiyyat məlumatlarının toplanması, Ukrayna silahlı qüvvələrinin Qərbin göndərdiyi silahlardan istifadə etməyi öyrənməsi və davamlı, yaxşı inteqrasiya olunmuş təlim proqramının olması vacibdir. Qərb bu nöqtədə koordinasiya işini qurmalı və uzunmüddətli perspektiv üçün strateji düşünməlidir.
Hazırda Ukrayna silahlı qüvvələri təlim çatışmazlığı səbəbindən Qərbdən gətirilən fərdi silah sistemlərinin bütün potensialından istifadə edə bilmir. Təbii ki, döyüş sursatları da Ukrayna silahlı qüvvələrinə elə miqdarda verilməlidir ki, uzunmüddətli perspektivdə ordunun əməliyyat qabiliyyəti artırıla bilsin.
Qərbin hərbi-ekspertləri Pentaqon rəhbərliyinin Ukraynaya ciddi dəstək verəcəyi təqdirdə, Xersonun geri qaytarılmasının mümkün ola biləcəyini iddia edirlər. Xerson azad olunarsa, bu, rus ordusunun geri çəkilməsini sürətləndirməklə yanaşı, Rusiyada ciddi etirazlara gətirib çıxara bilər.
Ukrayna müharibəsindəki məğlubiyyət Putin hakimiyyətini ciddi şəkildə sarsıda və ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.
Qərb analitiklərinin Ukrayna müharibəsinin nəticələri ilə bağlı səsləndirdikləri 4 senarinin arasında Putinin hakimiyyətdən uzaqlaşdırılması senarisi də var. Vild Card adlanan senariyə əsasən Xersonyn geri qaytarılması Putinin "məğlubedilməzlik" mifini dağıda bilər. Bu məğlubiyyət son nəticədə rus elitalarını Putinin yerinə yeni bir namizəd axtarıb tapmağa məcbur edəcək.(musavat.com)скачать dle 12.1