Bia.Az

QƏRB ARTİLERİYASININ İŞƏ SALINMASI CƏBHƏDƏ VƏZİYYƏTİ DƏYİŞDİ.. - “Ruslar özlərini tələyə salıblar”

Siyasət
 7-07-2022, 16:06     214

“Əsas döyüşlər əlbəttə ki, cənubda – Xerson və Melitopol uğrunda olacaq. Bu, indiki müharibənin gələcəyinin açarıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu İsrail ordusunun yüksək rütbəli təmsilçisi, hərbi ekspert İqal Levin mətbuata açıqlamasında deyib.

İsrailli ekspert hesab edir ki, cənubda əldə ediləcək uğur müharibənin taleyinə həlledici təsir göstərəcək: “Əgər Ukrayna əldə etdiyi silahlardan bacarıqla istifadə etsə, ciddi uğurlar qazansa, böyük əraziləri azad edə bilsə, Qərbin münasibətini və Rusiyanın savaşa yanaşmasını kordinal şəkildə dəyişəcək. Bu, hər şeyə təsir edəcək”.
Ekspert deyib ki, müharibənin taleyinin Donbasda həll ediləcəyinə dair iddialar doğru deyil: “Cənub, xüsusilə də Xerson və Melitopol açar şəhərlərdir. Çünki cənubdakı uğur Krım üçün təhlükə və cəbhə xəttinin daralması deməkdir”.

Cəbhədəki vəziyyətlə bağlı tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov da maraqlı fikirlər səsləndirib. O da qeyd edib ki, müharibənin taleyi Donbasda deyil, cənubda – Xerson və Melitopol uğrunda döyüşlərdə həll olunacaq: “Ruslar özlərini tələyə salıblar. Rusiyada müharibəni hərbçilər yox, siyasətçilər idarə edir. Biz cənubda hücuma başlayanda Krıma çıxış imkanı yaranacaq. Belədə biz Rusiyanın cənub qruplaşmasına gedən arteriyaları kəsmiş olacağıq və Azov dənizi sahili boyunca Rostov isyiqamətində Ukrayna-Rusiya sərhədinə çıxa biləcəyik. O zaman Luqansk və Donetsk vilayətləri yarımühasirə vəziyyətinə düşəcəklər”.
Jdanov bildirib ki, Rusiyanın Donbasdakı hərbi qüvvələrini Xerson, Zaporojye, yaxud Xarkov istiqamətinə yönəltmək imkanları məhduddur. Çünki bu vaxt Donbas istiqamətində müdafiə zəifləmiş olacaqlar. Bu isə Rusiya siyasi rəhbərliyinin qarşıya qoyduğu əsas hədəflərə uyğun deyil.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, artıq cəbhədə Qərbin verdiyi ağır silahların yaratdığı effekt ciddi şəkildə hiss edilməyə başlayıb: “Nəhayət, hiss olunur ki, cəbhədə Qərb artileriyası çox güclü şəkildə işə düşüb – o silahlar ki, biz tərəfdaşlarımızdan almışıq. Bizim döyüşçülər işğalçıların logistikasına aid vacib nöqtələrə güclü zərbələr endirirlər. Bu, Rusiya ordusunun hücum potensialını ciddi şəkildə azaldır. Ukrayna qüvvələri isə bir neçə taktiki istiqamətdə irəliləyir. Xüsusilə də Zaporojye və Xerson istiqamətlərində...”
Onu da qeyd edək ki, son məlumatlara görə, Ukrayna Ordusunun bölmələri Xerson şəhərinin 17 kilometrliyinə qədər yaxınlaşa biliblər. Ümumiyyətlə, əksər hərbi ekspertlərin fikrincə, Qərb söz verdiyi ağır silahları lazım olan miqdarda və zamanında çatdırsa, Ukrayna payızda uğurlu əks-hücum əməliyyatını həyata keçirə və cənub bölgələrini işğaldan azad edə bilər. Ukrayna Prezidentinin sözlərindən isə belə aydın olur ki, artıq bu istiqamətdə ciddi iş aparılır.
Onu da xatırladaq ki, ABŞ-ın Ukrayna ilə bağlı qəbul etdiyi Lend-Liz qanunu hələ işə düşməyib və hazırda Ukraynaya verilən silahlar sadəcə, Qərb müttəfiqlərinin ayrı-ayrı yardımlarından ibarətdir. Daha böyük və ciddi ölçüdə ağır silahlar və maliyyə yardımı isə Lend-Liz işə düşəndən, yəni təxminən avqust-sentyabr aylarından verilməyə başlayacaq.

BİA.AZ
скачать dle 12.1