Bia.Az

“YEGANƏ YOL QARŞILIQLI RAZILAŞMADIR” - Rusiya NATO-nun “yox” cavabına necə cavab verəcək?

Siyasət
 27-01-2022, 11:40     180

Məlum olduğu kimi, NATO Rusiya Federasiyasının Alyansın genişlənməkdən imtinası da daxil, tələblərini rədd edib, lakin Moskvaya üç istiqamətdə dialoq təklif edib: ikitərəfli əlaqələrin bərpası, o cümlədən diplomatik nümayəndəliklərin açılması; Ukrayna da daxil olmaqla, Avropa təhlükəsizliyi, risklərin azaldılması və silahlara nəzarət. Həmçinin, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinkenlə rusiyalı həmkarı Serqey Lavrovun NATO-nun yazılı cavabının Rusiya tərəfindən öyrənilməsindən sonra növbəti ikitərəfli görüşü gözlənilir.

Hələ ki, Rusiyanın NATO-nun cavabına ən yüksək səviyyədə rəsmi cavabı və atacağı növbəti addımlarla bağlı hər hansı rəsmi məlumat verilməsə də, Moskva artıq Təhlükəsizlik Şurasının sədr müavini, sabiq Prezident Dmitri Medvedevin vasitəsilə bəzi tezisləri çatdırıb.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın aparıcı telekanallarına müsahibə verən D.Medvedev bu halda müharibədən yayınmağın mümkünlüyünü, lakin bunun üçün bir sıra şərtlərə riayət olunmasının vacibliyini qeyd edib: “Ən başlıca və yeganə imkan təhlükəsizlik təminatıyla bağlı qarşılıqlı razılığın əldə olunmasıdır. Bu, siyasi-diplomatik vasitələr, danışıqlar və bizim münasibətlərimizdə bölünməz təhlükəsizlik prinsipinə əməl olunmasıdır. Hansı ki, bu, bütün beynəlxalq sənədlərin əsasında duran prinsipi - bir tərəfin təhlükəsizliyinin başqa tərəfin təhlükəsizliyi hesabına əldə olunmamasını nəzərdə tutur.”
Hazırda yaranmış münaqişənin daha çox kimin marağına uyğun olduğuna dair suala cavab verən Medvedev, sərt çəkildə ABŞ tərəfini və xüsusilə ABŞ Senatını tənqid edib: “Təxminən bir həftə əvvəl oxudum ki, ABŞ Senatındakı qocalardan biri deyib ki, ABŞ və Rusiya arasında nüvə qarşıdurmasını, tərəflərin qarşılıqlı şəkildə məhdud həcmdə nüvə zərbələri endirəcəyini istisna etmir. Onun üçün yəqin ki, fərqi yoxdur, yaşı çoxdur, yaşadığını yaşayıb, amma bu, bir paranoyadır. Bunu heç şərh etmək istəmirəm.”
Medvedev əlavə edib ki, bunu ABŞ Senatı kimi ciddi strukturda oturan və hakimiyyət yetkisi olan senatorların söyləməsi “çox kədərlidir”. Sabiq prezident əlavə edib ki, bu cür yanaşmalar insan sivilizasiyasının sonunu gətirə bilər.
Əlbəttə ki, Dmitri Medvedev Rusiyanın hakim elitasında heç də ən sonuncu adam deyil, hətta çoxları Putinin varisləri sırasında onu ilk yerlərdə görürlər. Onun bu açıqlamasından isə belə görünür ki, Rusiya Ukrayna ətrafında gərginliyin daha da artırılaraq, hərbi münaqişə fazasına keçməkdənsə, danışıqlar vasitəsilə Qərbdən hansısa güzəştlər qoparmaqda daha çox maraqlıdır. Ancaq hər halda, real mənzərə və Rusiyanın NATO-nun cavabına reaksiyası yaxın günlərdə daha aydın formada üzə çıxacaq.скачать dle 12.1