Bia.Az

Eldar Həsənovun işi: apellyasiya şikayəti veriləcək

Siyasət
 25-01-2022, 11:10     198

Bakı Ağır Cinayətlər Məhkəməsinin yanvarın 21-də dövlət xadimi Eldar Həsənov barəsində çıxardığı hökmdən apellyasiya şikayəti veriləcək.

 Bunu Novator.az-a vəkil Cavad Cavadov deyib.

O bildirib ki, artıq vəkillər hökmün surətini alıblar: “İclas protokolu ilə tanış olandan sonra apellyasiya şikayətini hazırlayacağıq. İndi bu istiqamətdə lazımi işləri aparırıq. Şikayəti hazırlayandan sonra onun məzmununu hüquqlarını müdafiə etdiyimiz şəxslə – Eldar Həsənovla müzakirə edib razılaşdıracağıq. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunanda mediaya əlavə məlumat verəcəyik”.
Şikayətdə Eldar Həsənova bəraət verilməsi istənəcək.
Eldar Həsənovun hüquqlarını Cavad Cavadovla yanaşı Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev də qoruyur.
Cinayət-Prosessual Məcəlləsinə görə, həbsdə saxlanan məhkum ittiham hökmünün surətinin ona verildiyi andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər.
2020-ci il avqustun 13-dən həbsdə olan Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinir. İbtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunub. 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutur.
İttihamı qəti şəkildə rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, çox böyük qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad edilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur.
“İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.скачать dle 12.1