Bia.Az

Media qanunu: imza üçün nə qədər vaxt var?

Siyasət
 13-01-2022, 10:10     241

“Media haqqında” qanunun rəsmiləşməsi üçün bir addım qalır. Milli Məclisin 30 dekabr 2021-ci ildə son oxunuşda qəbul etdiyi layihənin qanuna çevrilməsi üçün prezidentin imzası gərəkdir. Hələlik dövlət başçısı İlham Əliyev bu addımı atmayıb.

Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.
Ana qanunun 109-cu maddəsinin 19-cu bəndi prezidentə qanunları imzalamaq və dərc etmək hüququ verir.
110-cu maddəyə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Milli Məclisə qaytara bilər.
2021-ci il dekabrın 10-da üzə çıxan “Media haqqında” qanun layihəsi böyük etirazlarla qarşılanıb. Bir çox jurnalist, media hüquqçusu, siyasətçi, vətəndaş cəmiyyəti təmsilçisi bildirir ki, layihədə jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır. Onlar qeyd edir ki, qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınmasıdır, jurnalistlərə gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması isə ifadə və media azadlığını daraldır.
Tənqidçilər əlavə edir ki, layihə geniş ictimai müzakirədən keçirilmədən, beynəlxalq qurumların rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb, sənədə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.скачать dle 12.1