Bia.Az

İqbal Ağazadə qərarı gəlir

Siyasət
 7-01-2022, 13:59     271

Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. Novator.az-ın məlumatına görə, gözlənən qərarlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətini əhatə edir. Siyasətçi 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkisində 35 saylı Xətai dairəsindən deputatlığa namizəd olub, amma seçki yarışından Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qalib çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətində İqbal Ağazadə iddia edir ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi və başqa seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmalarında onun seçki və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.

1968-ci il təvəllüdlü İqbal Ağazadə 2000-2003 və 2005-2015-ci illərdə Milli Məclisin üzvü olub.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.скачать dle 12.1