Bia.Az

İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!

Siyasət
 24-12-2021, 12:54     466

Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə onun 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik. Şəkkaklar vardı: bacaracaqmı? Bacardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi. İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan 18 illik prezidentlik dövrü.

Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb. İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır. Müsahibələrindən birində deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”. Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimizin haqqında Ulu Öndərimizin 18 il əvvəl dediyi sözlər “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir” bugün öz təsdiqini bir daha tapmış oldu.

On səkkiz il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalqımız növbəti dəfə müdrik seçim edərək, gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi. Sözsüz ki, bu seçim Heydər Əliyev kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan qaynaqlanırdı. İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar deyə soruşsalar məndən? Bir cümlə ilə, bu illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb deyərdim: istər iqtisadi-sosial və siyasi baxımdan, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından. Ötən bu illər ərzində Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu görəcəyik. Ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişib. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.

Gözlərimiz qarşısında baş verən misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər – neft, qaz, bərəkətli torpaqlar hesabınamı olub? Yox, nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, səfalət içərisində yaşayır, münaqişələr girdabında boğulur. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdıra bilib. İlham Əliyev Prezident seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, Ulu öndərin ölkəmizin gələcək taleyüklü məsələlərinin həlli ilə bağlı etdiyi vəsiyyətləri həll edəcəyini söz vermişdi. Belə də oldu. Cənab Prezident ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqına 30 ildən sonra yenidən qalib olmağın, Zəfər çalmağın xoşbəxtliyini yaşatmış oldu. Məhz bu uzaqgörən və müdirik siyasətçinin məqsədyönlü siyasəti, qətiyyətli addımları və ən əsası xalqına olan inamı bizlərə düşmən üzərində zəfəri yaşatdı, bizlərə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağı bəxş etmiş oldu. Bizi məğlub xalq görüntüsündən, qəhrəman bir xalqa çevirmiş oldu. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Bu güclü, sözün hər bir mənasında, müstəqil, gündən-günə modernləşən Azərbaycan İlham Əliyevin əsəridir. Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir.

Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin şüurlu seçimi olan islahatların bilavasitə şahididir, onun müsbət nəticələrini gündəlik həyatda hiss edirlər. Hər bir islahatın inkişafa və xalqın rifahına xidmət etdiyi göz qabağındadır. Ulu Öndərimiz təcrübəsini zamanında addım-addım öz varisinə ötürüb, ona müxtəlif vəziyyətlərdə necə davranmaq lazım gəldiyini öyrədib. Bunun nəticəsidir ki, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyev öz dövrünü, zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişib və bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə atdığı hər bir addımda özünü göstərir. O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik adasına, müasir iqtisadiyyata malik ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib. Bəli bütün bu uğurların, Müstəqil Azərbaycanın bu günki, inkişafının memarı məhz mənim Prezidentim cənab İlham Əliyevdir.

Bu gün ömrünün 60-cı ilini tamamlayan bu dahi rəhbərin həyatının yarıdan çoxu məhz Azərbaycanla, onun inkişafı və tərəqqisi ilə bağlıdır. Azərbaycan xalqı hər zaman özünün, ən xoş, ən çətin günlərində Cənab Prezidenti yanında hiss edib. Möhtərəm Prezidentimizdə bu ötən illər ərzində hər zaman xalqın inanıb, güvənib, özünün ən xoş anlarını məhz xalqın yanında qeyd edib. Xoşbəxtəm ki, Ulu Öndər Heydər Əliyev siyasi irsinin, Cənab Prezidentimiz İlham Əliyev siyasi kursunun, sədri olduğu Yeni Azərbaycan Partiyasının mübariziyəm. Ən əsası ona görə xoşbəxtəm ki, mən Rəhbəri Möhtərəm İlham Əliyev şəxsiyyəti olan Müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam. Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən uğurlu liderlərindən biri olan Prezidenti ilə qürur duyur. Çünki 18 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə aparmaqdadır.

Bəli, bu gün Müzəffər Ali Baş Komandanımızın doğum günüdür!
Azərbaycan xalqı daim Sizinlədir. Siz Qalib Xalqın, Qalib Sərkərdəsisiniz! Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət diləyirəm! Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

İbrahim CƏFƏROV,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.
скачать dle 12.1