Bia.Az

Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır

Siyasət
 4-12-2021, 12:12     195

Səbail Rayon Prokurorluğu siyasətçi Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırmaya başlayıb. Novator.az-ın məlumatına görə, siyasətçi dekabrın 3-də Səbail Rayon Prokurorluğunda vəkili Nemət Kərimlinin iştirakı ilə ifadə verib, ardınca o, xəsarətlərin müəyyən olunması üçün tibbi ekspertizadan keçirilib. Tofiq Yaqublunun dekabrın 1-də döyüldükdən sonra sərbəst buraxıldığı Ələt qəsəbəsinə aparıldığı, həmin yerə baxış keçirildiyi bildirilir.

İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirmək istədiyi aksiya polis müdaxiləsinə məruz qalıb. Bir çox aksiyaçı döyülüb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun bildirdiyinə görə, tutulub döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.
Üz-gözündən ağır xəsarətlər alan siyasətçi Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunur, kəllə sümüklərində və beyindaxili travmatik dəyişiklik aşkarlanmadığı qeyd edilir.
1961-ci ildə Gürcüstanda doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.скачать dle 12.1