Bia.Az

5 aksiyaçı həbsə getdi

Siyasət
 3-12-2021, 11:19     193

İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında keçirdiyi aksiyada tutulan şəxslərin 5-i inzibati həbs cəzaları alıb. “Turan”ın məlumatına görə, dekabrın 2-də Səbail Rayon Məhkəməsi AXCP üzvləri İlham Hüseynə 30, Elçin Teymurova 25, Elxan Əliyevə 20, Səyyad Quliyevə 15 sutkalıq cəzalar kəsib.

Gənc fəal Rüstəm İsmayılbəyliyə 30 sutkalıq cəza verildiyi bildirilir.

Məhkəmə qərarlarında aksiyaçıların karantin rejimini pozduqları göstərilib.

1 dekabr aksiyasında məhbus Saleh Rüstəmova azadlıq tələbi qoyulub. Polis fəallara güc tətbiq edib, bir çox aksiyaçı tutulub, bəzi şəxslər, o cümlədən siyasətçi, Birinci Qarabağ müharibəsinin veteranı Tofiq Yaqublu döyülərək xəsarətlər alıb.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.novataor.\novator.azскачать dle 12.1