Bia.Az

Əli Hüseynov: "Bu Qələbə dövlətlə xalq birliyinin ilkin ənənələrə söykənən ən yeni nümunəsini göstərdi"

Siyasət
 4-11-2021, 00:17     651

 "44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdi. İllər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan yurdçuların, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı... 2020-ci il Azərbaycan xalqının həyatına Qələbə ili kimi daxil oldu."

Bunu BİA.AZ-a YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib.

Əli Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir: "Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, işğalçı qalan torpaqlardan çıxmayacaqdı. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Əli Hüseynov deyib: "Prezident İlham Əliyevin müharibənin ilk günündən xalqa etdiyi müraciətlərində, dünyanın aparıcı KİV-lərinə, nüfuzlu telekanallarına verdiyi çoxlu sayda müsahibələrində işğalçının təxribatları, beynəlxalq vasitəçilərə, dünya ictimaiyyətinə üfürdüyü yalanları ciddi faktlar əsasında qətiyyətlə ifşa olundu. Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza səfərlərində erməni təxribatları nəticəsində darmadağın edilmiş kəndlərimizi, şəhər və rayonlarımızı dünyaya nümayiş etdirməsi, işğalçı dövlətə qarşı ittihamları ilə yanaşı, sözdə sülhə, əmin-amanlığa, demokratiyaya tərəfdar olanları həm də bu hadisələrə münasibət bildirməyə çağırışları idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan ordusunun təxribatlarına, hərbi cinayətlərinə, erməni vandalizminə verdiyi siyasi qiymət təkcə Azərbaycanın deyil, dünyanın da hərb tarixində xüsusi yer aldı. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı qəbul etdikləri 4 Qətnamənin kağız üzərində olan müddəalarını Azırbaycan Ordusunun gücü ilə döyüş meydanında həyata keçirdiyini dünyaya göstərdi."

Ə.Hüseynov sözünə davam edərək qeyd edib ki, Azərbaycan Prezidentinin xalqa müraciətləri, eyni zamanda müsahibələri yeni dövrün tarixindən keçilən dərslər kimi çox dəyərli və qiymətlidir: "Tam əminliklə deyə bilərik ki, gerçək hadisələrin əyani vəsaitləri ilə müşayiət olunan bu dərslər tarixçilərimiz, tədqiqatçılarımız üçün hazır proqramlardır. Göz önündə olan hadisə və faktlara əsasən keçilən, heç bir şişirtməyə, artırıb-əskiltməyə ehtiyacı olmayan bu dərslər gələcək nəsillərdən ötrü mükəmməl tarixi ədəbiyyatdır. Bu dərsləri düşünmədən və tərəddüd etmədən “Qarabağ dərsləri” adlandırmaq doğru olar. İndi qürurla deyə bilərik ki, Dünya Birliyində, beynəlxalq aləmdə iqtisadi, mədəni inkişafımız, tolerant bir ölkə olmağımız, gücümüz, birliyimiz bugünkü qələbəmizi şərtləndirən amillərdən oldu. Bütün bunları illərdi hazırlayan, qüdrətimizi, sürətli inkişafımızı dünya müstəvisinə gətirən də məhz güclü iradəyə, siyasi hazırlığa, diplomatik məharətə malik olan Azərbaycanın Prezidenti İlham Əliyevdir".

Təşkilat sədri vurğulayıb ki, Şanlı Qələbənin siyasi, mənəvi, bəşəri mənası  böyük və misilsizdir. Biz bu sahədə nə etməyə borcluyduqsa, nəyə qadir idiksə, onu da etdik. Əsas odur ki, Azərbaycanın qüdrətini, haqqını görməzlikdən gələn ermənipərəstlər bu möhtəşəmliyin qarşısında geri çəkilməyə məcbur oldular. Dünya bir daha Azərbaycanın bir dövlət olaraq gücünün fərqində oldu. Xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Bu Qələbə nəinki Azərbaycanın siyasi dairələrində, eləcə də dünya cəmiyyətinin siyasi baxışlarında hər zaman müzakirə müstəvisinə gətiriləcək. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, Vətən müharibəsində qazandığı hərbi və siyasi təcrübəsi də uzun illər, tarix boyunca öyrəniləcək, tədqiq olunacaq, nəticə etibarı ilə dünyada sülhün, əmin-amanlığın qorunmasında yolgöstərən rolunu ifa edəcəkdir.

Əli Hüseynov sonda deyib: "Prezidentin çıxışlarını dinlədiyimiz anlarda bir daha əmin oluruq ki, İlham Əliyevin həyatı boyu sözündə və əməlində səbatlı, qətiyyətli bir İnsan, dövlət başçısı olaraq, xalqını xoşbəxt görməkdən savayı böyük arzusu olmayıb. Onu da açıq müşahidə etmişəm ki, Azərbaycan xalqının qəlbində Prezidentinə sonsuz ehtiramı, sevgisi var. Taleyüklü məsələlərdə hər bir vətəndaş, xüsusən də dövlət başçısı öz əqidəsi, xalqına xidmətilə bütün prizmalardan aydın görünür və tanınır. Bu Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə, Azərbaycan ailəsinin başçısı İlham Əliyev olduğu kimi: Xalqına sədaqəti, doğmalığı, ordusuna, əsgərinə diqqəti, şəhidinin xatirəsinə ehtiramı, qazisinə qayğısı, dəstəyi ilə gerçəkliyin aynasında Qəhrəman Vətən Oğlu kimi göründü.

Vətən savaşındakı Qələbəmiz bəşər aləmində torpağı işğalda olan xalqlara müharibənin hərbi, siyasi yolunu göstərdi, mübarizələrinə inam yaratdı. Dövlətlə xalq birliyinin ilkin ənənələrə söykənən ən yeni nümunəsini göstərdi. Bu yerdə ulu öndərin bir hikmətli fikrini xatırladım. Bütün ömrünü, həyatını ölkəsinin və xalqının inkişafına həsr edən ulu öndər Heydər Əliyev demişdi: “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Ulu öndərin inamını, istəyini Prezident İlham Əliyev reallığa çevirdi..."

BİA.AZ
скачать dle 12.1