Azərbaycanlılarla sıx əməkdaşlıq edən siyasətçi Nyu-Yorkun yeni meri seçilib
ABŞ-ın Nyu-York şəhərində bələdiyyə seçkiləri keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, səsvermə saat 06:00-da başlayıb, 21:00-a qədər davam edib.
Seçkilərin nəticələrinə əsasən, ABŞ-ın Demokratlar Partiyasından Erik Adams siyasi kampaniyada qalib gəlib.
Bununla da 61 yaşlı siyasətçi Nyu-York şəhərinin 110-cu meri olub.
Erik Adams bələdiyyə sədri seçiləcəyi təqdirdə işə velosipedlə gedəcəyini vəd etmişdi.
O, 2022-ci il yanvarın 1-də Nyu-Yorkun sabiq meri Bill de Blasiodan səlahiyyətlərini təhvil alacaq.
Qeyd edək ki, Bruklin inzibati rayonunun rəhbəri Erik Adams ABŞ-ın Respublikaçılar Partiyasından namizəd, "Qoruyucu mələklər" mühafizə təşkilatının qurucusu və radio aparıcısı Kurtis Sliva ilə mübarizə aparırdı. 6 uşaqlı yoxsul bir ailədən olan Erik Adams siyasi fəaliyyətə başlamazdan əvvəl 22 il hüquq-mühafizə orqanlarında çalışıb və baş komissar vəzifəsinə qədər yüksəlib.
O, türklərin dostu kimi tanınır və Nyu-Yorkda yaşayan Azərbaycan icması ilə sıx əməkdaşlıq edir. Erik Adams bir neçə dəfə Azərbaycanda səfərdə olub. O, 2014-cü ildə Bakı şəhərinin Səbail rayonu ilə Nyu-Yorkun Bruklin inzibati rayonu arasında dostluq protokolunu imzalayıb, bununla da Səbail və Bruklin "qardaşlaşmış şəhərlər" statusunu alıb.
Erik Adams “Report”un yerli bürosuna açıqlamasında Azərbaycanı və azərbaycanlıları çox sevdiyini, Nyu-Yorkda yaşayan həmvətənlərimizə daima dəstək olduğunu bildirib.