Bia.Az

“TÜRKİYƏ VƏ AZƏRBAYCAN İRANA GİRƏRSƏ...” – “İran dövlətinin varlığına son qoyular”

Siyasət
 5-10-2021, 12:33     27

“İranda dinlə siyasətin birləşməsi dini dəyərlərin gözdən salınmasına yol açıb. Mollalar hakimiyyəti ələ keçirdikləri gündən düşünülməmiş siyasətləri ilə ölkəni 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altında saxlayırlar. İndi də Azərbaycanla münasibətləri korlamaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycan mollaların əndazəni aşan açıqlamalarına diplomatik etiket qaydalarını pozmadan cavab versə də, mübasibətlərin tam korlanmaması üçün tövbə qapısını açıq saxlayır.”

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son vaxtlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi haqda danışarkən deyib. Partiya sədri “axar.az” saytına açıqlamasında bu mövzuya münasibət bildirib.

İranın Azərbaycana qarşı hərbi hədələrindən danışan millət vəkili bildirib ki, Tehranın sərhədlərimizi hər hansı formada pozmaq cəhdi regional münaqişəyə çevrilə və İran dövlətinin varlığına son qoya bilər: “İnanırıq ki, bu həqiqəti İran rəsmiləri də, mollaları da başa düşmək imkanındadır. İrandan fərli olaraq, Azərbaycanın həm güclü müttəfiqləri, həm də qardaş Türkiyə ilə qarşılıqlı yardım haqqında sazişi var. Eyni zamanda Azərbaycan MDB-nin üzvüdür və daxildəki bütün fikir ayrılıqlarına və ziddiyətlərə baxmayaraq, nəinki Azərbaycan, istənilən MDB üzvü kənardan təcavüzə məruz qalsa, Rusiya həmin dövlətə yardım edəcək. Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə, oradan çıxması üçün 1946-cı ildən fərqli olaraq ona Britaniya və ABŞ tərəfindən nüvə silahı tətbiqi hədəsi ilə təzyiq edilməyəcək, bəlkə də kömək ediləcək və Cənubi Azərbaycanda 1946-cı ildə həmin dövlətlərin dəstəyi ilə fəaliyyətinə son qoyulmuş Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti bərpa olunacaq. Təkcə Azərbaycan türkləri yox, başqa millətlər də öz dövlətlərini quracaq. Bundan başqa, hər kəs başa düşür ki, İsrail başda olmaqla, İranın düşmənləri də kənardan hadisələri müşahidə etməyəcək. Ona görə də İranın təlimləri heç bir narahatçılıq yaratmadı, yalnız acı təəssüf doğurdu”.
Millət vəkilinin sözlərinə görə, İran bu yolla xalqın ölkəni bürümüş aclıq və epidemiya ilə uğursuz mübarizədən diqqətini yayındırmaq və yaxud ermənipərəst Qərb dairələrinin dəstəyini əldə etmək istəyirsə, yanılır. İranın bütövlüyü və inkişafı Azərbaycanla dostluq siyasətinə bağlıdır.скачать dle 12.1