Bia.Az

"ÜÇ QARDAŞ" MOSKVANI NARAHAT EDİB... - Tehran, Afina və Dehlini də qorxudub...

Siyasət
 29-09-2021, 13:56     11

Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı, son olaraq “Üç qardaş” adlanan hərbi təlimlər əcnəbi mediada da ciddi müzakirə mövzusudur. Son olaraq Rusiyanın erməni biznes dairələrinə yaxınlığı ilə bilinən “Robalt” agentliyi bu mövzuya diqqət çəkib.
Agentliyə danışan şərqşünas Mixail Maqid iddia edib ki, İran, Hindistan və Rusiya ilə mübarizə aparmaq üçün güclü hərbi-siyasi blok yaranmaqdadır. 

“ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada təsirinin azalması ilə getdikcə daha çox ölkə, boşluğu doldurmaq və dünyanın strateji baxımdan əhəmiyyətli bir bölgəsində maraqlarını həyata keçirmək üçün hərbi bloklarda birləşməyə hazır olduqlarını nümayiş etdirir.
Bir neçə gün əvvəl Azərbaycanda ”Üç qardaş" adını alan Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başa çatdı. Beləliklə, Bakı birmənalı şəkildə dünyaya və ən əsası qonşularına təkcə Türkiyə ilə deyil, həm də dünyanın ən çox əhalisi olan beşinci ölkəsi olan Pakistanla (220 milyon əhali ) hərbi əməkdaşlığın inkişaf yolunu nümayiş etdirir. İndi güclü bir hərbi-siyasi və iqtisadi blok formalaşır-Türkiyə-Pakistan-Qətər-Azərbaycan. Bu ittifaq İran, Hindistan və Rusiyaya qarşı yönəlib", - deyə ekspert bildirib.

Mixail Maqid
Aydındır ki, erməni təsirləri güclü olan agentlik bu əməkdaşlığı həm də erməni lobbisinin sifarişi ilə hədəfə alır. Amma doğrudanmı yeni hərbi-siyasi blok yarana bilər? Bu bloka Türkiyə ilə yüksək səviyyəli əlaqələri olan Qətər də qoşulacağı iddiası nə qədər gerçəyi əks etdirir?
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bununla bağlı musavat.com-a bildirib: “Azərbaycan, Türkiyə və Pakistan hərbi əməkdaşlığı artıq bir çoxlarını qorxutmağa başlayıb. Səmimi şəkildə deyək ki, bu hərbi əməkdaşlıqdan ən çox çəkinən İran İslam Respublikasıdır. Eyni zamanda Yunanıstan və hansısa halda, Rusiya da bundan narahatdır. Bəzi ekspertlər tərəfindən bununla bağlı narahatlıq ifadə olunur. Təbii ki, bura heç Ermənistanı əlavə etmək lazım deyil. Çünki Ermənistan heç bir gücə sahib olmayan maşa rolunu oynayan bir dövlətdir. Burada söhbət ciddi ölkələrdən gedir. Hansılar ki, regionun geosiyasi proseslərində əhəmiyyətli rol oynayırlar. Azərbaycanın bir il əvvəl başlayan müharibədə regionda əhəmiyyətli rol oynadığının hər kəs şahidi oldu. Rusiyada bəzi mətbuat orqanlarında ölkəmizin imici ilə bağlı ara sıra yazılar getməkdədir. Maqidin qeyd etdiyi fikirlər bir növ verilən sifarişin göstəricisidir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı hərbi əməkdaşlıq ilk növbədə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə və onun bu işğalçı siyasətini dəstəkləyən havadarlarına qarşı yaradılmış bir blokdur. Bu blok Cənubi Qafqazdadır. Düşünürəm ki, yaxın gələcəkdə bu blok Türkiyə, yaxud Pakistanın sərhədlərində istifadə olunacaq. Hindistan tərəfindən son vaxtlarda edilən anti-Azərbaycan çağırışları onu göstərir ki, Ermənistan ciddi təşviş içərisindədir. Onlar yaxşı bilirlər ki, erməni mifi artıq cəhənnəmə göndərilib. İndi də bu fonda İranın narahatlıqlarını görürük. Rəsmi Tehran narahat olur ki, Türkiyə və Pakistan Cənubi Qafqaza gəlsə, təklənəcək və kimlərsə ölkələrindəki azərbaycanlılar məsələsini qaldıraq bilər. 

Zaur MəmmədovDüşünürəm ki, hələ İran və Azərbaycan arasında münasibətlərin normallaşması gözlənilən deyil. Bu fonda Rusiya və İran arasında geosiyasi yöndə bir yaxınlaşmanın bir daha şahidi olmuş olacağıq. Azərbaycan, Türkiyə və Pakistan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək. Əslində bu əməkdaşlığın güclənməsinin ən böyük tərəfdarları Rusiya və İrandır. Əgər zamanında şimal və cənub qonşumuz Qarabağdakı proseslərə təsir etsəydi, erməniləri oradan çıxarsaydı, bu baş verməyəcəkdi. Biz dəfələrlə, mən də öz məqalələrimdə qeyd edirdim ki, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir. Bu sabitliyin isə ancaq torpaqlarımızın qayıdışı hesabına baş verəcəyini də deyirdim. Münaqişə tam həll olunarsa, bu, Amerikanın Cənubi Qafqazda Rusiyaya qarşı tam güclənməməsinə səbəb ola bilər. Təəssüflər olsun ki, Rusiya və İran bu illər ərzində işğalçıya dəstək verməyə davam etdi. Postmünaqişə dövründə görürük ki, sülhməramlılar və separatçılar tərəfindən ermənilərə dəstək davam edir. Bir növ münaqişənin qalması ilə bağlı əllərindən gələni edirlər. Görünən odur ki, Moskva və Tehran səhvlərindən hələ də nəticə çıxarmayıblar. Onlar düşünür ki, ermənilərə dəstək olmaq lazımdır. Bu isə Azərbaycan, Türkiyə və Pakistan birliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Tehran və Moskvanın apardığı siyasət nəticəsində Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan hər zaman xarici siyasətində səmimi olub. Hər zaman bildirib ki, onun əsas məqsədi ədaləti bərpa etməkdir".

Ruslan İmamquliyevHərbi ekspert Ruslan İmamquliyev dedi ki, geopolitik olaraq Azərbaycanın da yer aldığı regionda müxtəlif təşkilatlar, birliklər mövcud olub: “Biz regionda min illərlə dövlət qurmuş bir xalqıq. Son 200 ildə istilaları, bizə qarşı olan haqsızlıqları nəzərə alsaq, bu gün müstəqil Azərbaycanımızın tam haqqıdır ki, istədiyi dövlətlə əməkdaşlıq etsin, müqavilələr bağlasın. Nəticədə Türkiyə, Pakistan kimi dövlətlərlə istər iqtisadi, istərsə də təhlükəsizlik sahələrində əməkdaşlıq etməsi mövcud vəziyyətdə tam yerindədir. Bir növ bu gərəkdir. Hansısa dövlətlər bundan narahat ola bilər. O dövlətlər ki, regionda Ermənistan kimi proje dövlətlər yaradıblar. Bu gün də həmin dövləti ikili standartlarla dəstəkləməyə davam edirlər. Azərbaycan dövləti ərazilərini azad etməklə yanaşı, bu prosesi daha da sürətləndirmək üçün Türkiyə, Pakistan kimi dövlətlərlə, o cümlədən gözəgörünməyən ölkələrlə də əməkdaşlıq etmək məcburiyyətindədir. Əks halda, Azərbaycan növbəti haqsızlıqlara və işğallara məruz qala bilər. Azərbaycanın Türkiyə və Pakistanla keçmiş bağlıları var. Düşünürəm ki, bu əməkdaşlığa yeni dövlətlər də cəlb olunacaq. Bu əməkdaşlıq ancaq və ancaq regionda sülhün təminatı olacaq. Burada narahatlığa heç bir əsas yoxdur. Ali Baş Komandanımızın siyasi xətti hər kəsə məlumdur. Bu siyasi xətt uğurla davam etdirilir. Əldə olunmuş uğuru saxlamaq üçün dünyada söz sahibi olan ölkələrlə əməkdaşlıq qurmalıyıq. Belə dövlətlərin sayı artmalıdır və artırılacaq da”.скачать dle 12.1