Bia.Az

“SƏNƏ NƏ DƏXLİ VAR, DEPUTATIN NƏ ETDİYİNDƏN?...” - "Sən onunla debata çıxa bilərsən?"

Siyasət
 18-07-2021, 15:13     170

Millət vəkili Fazil Mustafanın "publika.az" saytına müsahibəsini təqdim edirik:
- Fazil müəllim, həmkarınız Etibar Əliyev jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ilə çıxış edib. Bu fikir geniş müzakirələ səbəb oldu. Siz necə düşünürsünüz, Etibar müəllimlə razısınız?
- Bu fikirlə razı olub-olmadığım önənmli deyil. Cəmiyyətdə hər hansısa bir şəxsin ictimaiyyəti maraqlandıran mövzuda fikir söyləmək hüququ var. Azərbaycan cəmiyyəti gerilikçi, fikri yerində boğmaq üçün səfərbər olan və hansısa xoşuna gəlməyən fikrə dözümsüz yanaşan bir cəmiyyət olduğu üçün buna dərhal hansısa bir təhqiredici reaksiya verir və dözümsüzlük göstərir. Açığı, mən bunu xüsusilə də jurnalistlərimizdən gözləməzdim. Fikir deyilib, vəssalam. Bunun cavabı odur ki, “yalnış fikirdir, mən razı deyiləm, mənzil jurnalistlərə verilməlidir”. Bunun cavabı budur. Elə bil ki, təsəvvür edin, biz dində hansısa gerilikçi addımı tənqid edirik, ən çox da başıboş bir təbəqə var, yalandan ibadətlə məşğuldurlar, "Quran"dan yaxşı şeylər öyrənmək əvəzinə söyüş öyrəniblər. Dərhal söyüşlə cavab verirlər ki, bu, belə deyil. Halbuki, "Quran"dan ayə deyirsən, misal gətirirsən, ədəbli formada söyləyirsən ki, bununla razı deyiləm. Ona görə də mən bu fikri topa-tüfəngə tutan və yaxud bundan istifadə edən jurnalistlərin özünü də aşağılayan hansısa rəy və fikirləri doğru hesab etmirəm.
- Əvvəlki evlər layiq olmayanlara verilibmi ki, Etibar Əliyev bu qəanətdədir? Əvvəl verilən mənzillərlə bağlı siz nə düşünürsünüz?
- Fikrimcə, burada təbəqəyə bölünmə doğru deyil. İstedadlıları Himayə Fondu yaradılmalıdır. Jurnalistlərin içində xüsusi istedadlı insanlar varsa və evləri yoxdursa, onlara ev verilməlidir. Alimlərin arasında xüsusi istedadlıları varsa, evləri yoxdursa, onlara da verilməlidir. Eynilə də müəllimlərə. Xüsusilə də bizim dünya səviyyəli, hazırlıqlı, yetkin müəllimlərimiz varsa, onlara verilməlidir. Bu, bütün peşələrə aid edilməlidir. Lakin sui-istifadə halı çoxdur, kiminsə evi var, oğluna da, qohumuna da, katibəsinə də ev alır. Onu da sonradan geri qaytarmaq olmur. Bu da istər-istəməz insanları narazı salır. Tutaq ki, əgər Qarabağ savaşında hansısa bir şəkildə fədakarlıq göstərmiş bir jurnalist varsa, amma evi yoxdursa, ona ev vermək olar. Bu, müəllimə də aiddir. Mən müəllim tanıyıram ki, dörd ay gedib savaşıb, vuruşub, indi dərs keçir, ancaq evi yoxdur. Bu müəllimə niyə ev verilməsin?
- Yəni deyirsiniz ki, konkret olaraq peşənin əlahiddəliyi deyilən bir anlayış yoxdur...
- Peşəni əlahiddələşdirmək olmaz, istedadı əlahiddələşdirmək lazımdır. Yəni əgər bir peşədə dəyərli bir jurnalist, yazıçı, şair varsa, evi yoxdursa, onun üzərindən ictimai istedadı himayə edən bir format tapmaq olar. Bununla da hər kəs qəbul edər ki, bu yazıçı Azəbaycan üçün gələcəkdə böyük bir yazıçıya çevrilə bilər, yəni dünyaya çıxa bilən yazıçıdır, böyük istedad sahibdir. Bunu cəmiyyətin narazılığı olmasın deyə ciddi təftiş edərək ümumi razılıqla etmək olar.
- Bəzi jurnalistlər təklif edir ki, deputatlar da məzuniyyət pulunu şəhid ailələri və qazilərin müalicəsinə ayırsın. Bu təklifi necə qarşıladınız?
- Əlbəttə, biz öz maaşımızdan hər ay 1000 manat kəsib YAŞAT Fonduna veririk. Bu, qarşılıqlı deyil ki. Sən də əvvəldən bir təklif verərdin, bir status yazardın. Acığa cavab verirsən?! Kiminsə acığına bunu deyirsən?! Deputatın maaşlarını yoxlayın, Azərbaycan Ordusuna Yardım Fonduna, YAŞAT Fonduna ianələr veririk. Kimsə bunu xüsusi bir davaya çevirirsə, onların əksəriyyəti elə istedadsız şəxslərdir. Azərbaycan cəmiyyətində hansısa bir peşədə 30-dan yuxarı istedadlı adam tapa bilməzsiniz. Alim axtar, 20 nəfər müəyyən perspektivi olan alim tapacaqsan. Yazar axtarsan, 15 nəfər tapacaqsan. Bu, çox deyil ki. Yəni İstedadı Himayə Fondu yaratmaq olar və bu fond obyektiv, şəffaf şəkildə hansı sahədə istedadlı adam varsa, o cümlədən jurnalistikamızda da, onu müəyyən etsin. Jurnalistikamızda elə insan var ki, həqiqətən də yüksək səviyyədə yazıları var, analitik təfəkkürə malikdir, ancaq evi, şəraiti yoxdur, ona bu problemlərin içərisində məhv olmasın deyə ev verilməlidir. Jurnalistə ev verilməməsinin əleyhinəyəm. Amma istedadlı jurnalistə verilsin. Təkcə ehtiyacı olanla məsələ həll olunmamalıdır. Bu xalqın hər sahədə 10-15 istedadlı adamı varsa, sabah bir Əli Kərim ola biləcək yazıçı zirzəmidə ölməsin, xəstələnməsin, yaza bilsin deyə, ona dəstək verilməlidir. Elə jurnalistimiz varsa, dəstək verək. Televiziyalarda ağıllı, savadlı, yetkin biliyə və hazırlığa sahib, hamının qəbul etdiyi jurnalistlərimiz var. Niyə onlara verilməsin? Problemin kökü ondadır ki, peşəni əlahiddələşdirməyək. Hansısa peşənin üzvlərinə verilməməsini də təlqin etməyək, eyni zamanda təklifə də dözümlü yanaşaq.
- Etibar Əliyev qeyd edib ki, əvvəlki mənzillər katibələrə, sürücülərə, jurnalistikanın daşını çoxdan atanlara verilib. Bu fikir nə dərəcədə doğrudur?
- Yalan deyir ki?! Mən özüm də heyrətləndim. Etibar Əliyev kimi bir insana buna görə dedilər ki, sən savadsızsan. Onu deyən şəxs, sən otur, üç kəlmə danış, görək heç olmasa üç kitab oxumusanmı ki, adama bu sözü yazırsan. Fikir deyilib deyilib də, fikirdir. Bu fikir jurnalistin əleyhinə deyilibsə, juralist buna cavab verib söyməlidir? Seçimi şəffaf, cəmiyyətin gözü önündə etsinlər, göstərsinlər ki, bu adamın yüzlərlə məqaləsi var, istedadı yüksək səviyyədədir və ingilisdilli, rusdili auditoriyaya çıxa biləcək peşəkar Azərbaycan jurnalistidir. Analitik yazıları ilə seçilən jurnalistdir. Əlbəttə, verilsin. Amma bütün ehtiyacı olan jurnalistlərin evlə təmin olunması ilə bağlı qayda qoyarsansa, onda mütləq hamı dolacaq redaksiyalara ki, mənə ev verin, hamı üzərində jurnalist vəsiqəsi gəzdirəcək.
- Bəzi üz qarası olan "jurnalistlərə" görə bütün jurnalistlər gözdən salmaq ədalətsizlik deyilmi?
- Əlbəttə. Orada heç gözdən də salınmayıb. Etibar Əliyev təkliflər verib ki, əvvəl belə bir nöqsanlar olub, buna görə də yenidən diqqətlə baxaq. Ancaq mənim fikrim budur ki, İstedadlıları Himayə Fondu yaradılmalıdır və seçimi fonda obyektiv etməlidir. Niyə yataqxanada çürüyən alimə verilməsin?! Təkcə jurnalistlərə ev tikilməyib. Elmlər Akademiyasının alimlərinə də mənzillər tikilib. Bu evi paylayanların çoxunda heç alim əxlaqı da yoxdur. Onlar da evləri öz qohum-əqrabasına verdi, savadlını seçmədi. Tək jurnalistlərdə belə olmayıb. Peşəni ayırmayaq, istedadı ayıraq. Çünki ehtiyac mücərrəd məsələdir. Hamının ehtiyacı var. Bir evi olanın da ikinciyə ehtiyacı var. Evi olmayanın da həmçinin. Kiminsə pula ehtiyac var, satıb gedəcək. İndi qayda qoymalı idilər ki, jurnalistlər ev alıbsa, satmamalıdır. Bəs niyə satıblar? Əgər ehtiyacın var idisə, niyə alırdın və onu satırdın. Bir neçə şəxs jurnalist adı ilə ev alıb və satıb. Bütün bunlar bu sferada müəyyən narazılıq yaradan səbəblərdir. Məsələn, jurnalist Taleh Şahsuvarlı, Vətən savaşında döyüşdü, ev almışdı, əgər almasaydı, böyük məmnuniyyətlə deyərdim ki, ona ev verin. Haqqı çatan adama verəndə cəmiyyətdə etiraz doğurmur.
Heç bir sahədə fikir deməyə qoymurlar, Azərbaycanda fikir qatilləri var. Savadsız, istedadsız, qabiliyyətsiz adamlardır. Deyirlər ki, siz deputatlar niyə belə etdiniz? Sənə nə dəxli var, deputatın nə etdiyindən. Sən gəlib mənim yerimdə oturacaqsan?! Ya da oturanda məndən daha fəal, daha vicdanlı davranacaqsan?! Sanki biri haqqında deyəndə, o birinə bumeranq formada qarşılığı uyğun olmayan, etikadan kənar üslubda cavab verir ki, bu, yolverilməzdir. Etirazın da mədəni forması var, kimisə təhqir etməyib ki. Etibar Əliyev bir söz deyib, siz onu niyə söyməlisiniz?
- Həmkarınızı bu fikirlərinə görə debata çağıranlar oldu...
- Dedilər ki, Etibar Əliyev savadsızdır. Onun kitabxana ilə bağlı verilişi var, mən onu bunu deyənlərə göndərim, elə ona baxsınlar, elmi ədəbiyyatdır. Sən onunla debata çıxa bilərsən? Hansı savadınla çıxacaqsan? Yazırlar ki, “sənin savadın yoxdur, mən səni debata çağırıram”. Nə debatı aparırsan? Bir yazın, sözün var? Sənin heç imzanı mən 20 ildir tanımıram. Məndən çox jurnalistikada yazı yazmısan? Mənim həftədə 3-4 dənə məqaləm çıxır, oxucu sayım da səninkindən 50 dəfə çoxdur. İndi nə edək, jurnalistikaya sənin xidmətin çoxdur, yoxsa mənim?! Mən yenə də o fikirdəyəm ki, jurnalistləri də kənara qoymaq olmaz. İstedadlı, ehtiyacı olan, əlahiddə qabiliyyəti, savadı, hazırlığı olan jurnalistlərə verilsin. Eyni zamanda öz sahəsində xüsusi xidmətləri olan və evi olmayan alimə, həkimə də ev verilməldir. Yoxsa elə “jurnalistika əlahiddə peşədir və mən redaksiyada işlədiyim üçün haqqımdır, buna görə də mənə ev verin” demək doğru deyil.
- Əlbəttə ki, şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz başımızın tacıdır. Minlərlə belə ailə var, məgər onlara jurnalistlər üçün tikilən 250-dən artıq mənzilin verilməsi şəhid və qazi ailələrinin ev problemini həll edəcəkmi? Yaxud 255 mənzil minlərlə şəhid və qazi ailəsi arasında necə bölünəcək?
- Mənim bu məsələdə fikrim fərqlidir. Qazilərə, şəhid ailələrinə dövlət ayrı-ayrılıqdı mənzil tikir, verir. Bu mənzilin məhz jurnalistlərə verilməsinin mən də tərəfdarı deyiləm. Bu mənzilin qarışıq bir formada, istedadlı, Azərbaycanın gələcəyi üçün lazımlı insanlara verilməsinin, o cümlədən də bu kateqoriyadan olan 10-15 jurnalistə verilməsinin tərəfdarıyam. Bu şərtlə ki, müəyyən ictimai rəy təsdiq etsin ki, o, Azərbaycan üçün lazımlı şəxsdir, ehtiyac içindədir. Evi olması onun yaradıcılığını gücləndirəcək. Yoxsa kimə gəldi, redaksiyanın bütün işçilərinə evi paylamaq doğru deyil. Bütün vətəndaşlar kimi getsin, sosial ipoteka ilə evini alsın, başqa formada alsın. Məsələnin kökü budur. Qazilərə, müharibə veteranlarına da aid ola bilər. Ancaq hansısa peşədən olmalıdır. Məsələn, müəllimdir, gedib döyüşüb gəlib, indi dərs keçir, vicdanla Vətənə borcunu yerinə yetirir, evi yoxdursa, verin ona. Qoy nümunə olsun ki, bu səbəblərə görə biz müəllimə ev verdik. Bunu şəffaf etmək lazımdır. Keçən dəfəki kimi qaranlıq qapılarda, onun-bunun xahişi, sözü ilə bir nəfərə ayrı-ayrı adlar altında 2-3 mənzil vermək doğru deyil. Bu, bir qədər də əxlaq məsələdir. Elə seçim etmək lazımdır ki, ədalətli olsun. Nə olsun ki, sənin himayəndədir, imkanın varsa, get, başqa binadan pulunu verib evini al. Mütləq burdan da bir ev götürməlisən? Bu kimi məsələlər əslində, Azərbaycan cəmiyyətinin müəyyən düşüncə qısırlığını göstərən, müzakirə aparma mədəniyyətinin aşağı olduğunu nümayiş etdirən bir məsələdir.
- Məgər jurnalistlər bu dövlətin əsəgəri deyilmi? Vətən müharibəsi qəhrəmanlarının yetişməsində, Qarabağ qələbəsinin hazırlanmasında, xalqın bu qələbəyə inamının daim diri tutulmasında biz jurnalistlərin rolu az olmayıb. Jurnalistlərimiz də 30 ildir informasiya cəbhəsində döyüşür. Bu döyüş də daha məsuliyyətli, daha çətindir. Sizcə, Etibar Əliyevin təklifi jurnalistlərin qeyd etdiyim əməklərini kiçiltmək, onlara qarşı insafsızlıq deyilmi?
- Bir vətəndaş kimi hamının rolu var. Burada təkcə jurnalistdən söhbət getmir. Elə jurnalist var ki, bir yazısı, reportajı, bir şəhid ailəsindən verdiyi təqdimat Azərbaycan cəmiyyətində fərqli duyğular oyatdı. Bu, jurnalistin vətəndaşlıq borcudur, imtiyaz deyil. O biri də əlində silah döyüşüb şəhid olub, və yaxud yaralanıb, iki ayağını itirib. Jurnalist o yolda Vətənə xidmət edib, hərbçi də bu şəkildə xidmət edib. Ancaq jurnalistin xidməti çox riskli xidmət deyil, həyatı itirmə xidməti deyil, onunku isə həyatı itirmə xidmətdir. Buna görə də onunla sən fərqlisən. Ancaq sən bir vətəndaş kimi borcunu yerinə yetirmisən, sən bu Vətənin çörəyini yeyirsən, eləməlisən. Bunu bir əlahiddə imtiyaz istəmə üstünlüyünə, yaxud da bir tələbə çevirmək olmaz. Bu, elə bir məsələdir ki, vətəndaşlıq borcunu yerinə yetirmisən. Ona qalsa, şəhidə 10-20 müəllim dərs deyib, onun rolu böyükdür, yoxsa bunun?! Onu hazırlayıb, dərs deyib, gedib xüsusi təyinatlı kimi döyüşüb, o şəxsə xeyli müəllim dərs keçib.
Biz sayca böyük xalq deyilik. Bu xalq kütləvi şəkildə özünü tanıdan xalq deyil. Bunun içindən parlaq simalar çıxır. Onlarla yazıçımız zirzəmidə ölüb, onlarla yazıçımız keçimsizlikdən, imkansızlıqdan inkişaf edə bilməyib. Onlarla istedadlı tələbə oxuya bilməyib, pulu olmayıb. Biz istedadlı olanların yolunu açaq. Hamının ehtiyacı var, ehtiyac meyarı ilə ölçməyək, elə edək ki, onların yaşam səviyyəsi yaxşı olsun, imkanları düzəlsin, məşğulluq artsın, öz pullarını qazana bilsinlər. Bu, məsələnin başqa tərəfidir. Əgər biz indiki halda sosial dəstək vermək istəyiriksə, cəmiyyətimiz, gələcəyimiz üçün vacib olan insanları seçməliyik. Bu vacib olanlar insanlar kim deyir ki, təkcə jurnalistdir? Redaksiyada hansısa funksiyanı yerinə yetirib maaş almaq jurnalist olmaq demək deyil. Bu, istedadlı bir təbəqədir. Bunun yükündən, peşənin avtoritetini daşıyan insanlardan söhbət gedir.
Bir Şirməmməd Hüseynov obrazı Azərbaycan jurnalistikasına dəyər qazandıran obrazdır. Bu obraza yetişə biləcək adam varsa, ona dəstək verək, qalxsın o obraza. O zamanlar Şirməmməd Hüseynov danışır ki, İmam Mustafayev ondan soruşub ki, niyə evlənməmisən? Deyib ki, evim yoxdur. Bir həftədən sonra Şirməmməd Hüseynova Bakıdan 2 otaqlı ev verirlər. Onun həyatında ev evlənməsi üçün səbəb oldu. Onu o vaxt İmam Mustafayev gördü, indi biz görmürük? Evi olandan sonra Şirməmməd Hüseynov bütün arxivləri araşdırdı, Cümhuriyyət dövrünü, Məhəmməd Əmin Rəsulzadəni tədqiq etdi, sona qədər də peşənin ləyaqət simvoluna çevrildi. Demək, doğru seçim ediblər. Təkcə ev məsələsini həll etməklə, onun yolunu açıblar. Amma elə jurnalist, alim var ki, yataqxanada çürüdü getdi, heç yerə çıxa bilmədi, adi məişət qayğısı ilə öldü. Əlbəttə, Prezident sərəncam veribsə, jurnalistlərə veriləcəksə, bu, öz seçimləridir. İndi buna heç kəs fikir bildirməsin? Ona görə də bu məsələdə hansısa şəkildə təftiş etmək, “sən kimsən belə söz deyirsən, mən səndən ağıllıyam, gəl debata çıxaq” kimi səviyyəsiz söhbətlər aparmaq olmaz. Bu, jurnalistlər üçün xüsusilə olmaz. Əksinə, jurnalist müsahibi dinləməli, onun fikrinə müdaxilə etməməlidir. Onun fikrindən öz etirazını bildirə bilər, amma o demək deyil ki, sən müsahibə aldığın şəxsin razılaşmadığın hər fikrinə görə deməlisən ki, dur, çıx get burdan. Məsələyə bu cür yanaşmaq lazımdır.скачать dle 12.1