Bia.Az

Bu hadisələr Azərbaycanı yenidən Xankəndiyə qaytara bilər... (ŞƏRH)

Siyasət
 15-06-2021, 13:46     185

"Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana, Şuşaya səfəri, orada aparılacaq danışıqlar, imzalanacaq sənədlər həm siyasi baxımdam böyük dividend gətirir, həm də İkinci Qarabağ savaşından sonra faktiki olaraq müharibənin nəticələrinə beynəlxalq dəstək ifadə edir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü səfərinin Rusiyaya və revanşist ermənilərə mesajı nədir və nikbinliyə hansı əsaslar var, sualına cavabında deyib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə danışıqları, əməkdaşlığın genişlənməsi, xüsusən işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı Türkiyə tərəfinin iştirakı ikitərəfli məsələlərə xidmət edir: 
"Amma Ərdoğanın məhz Şuşada danışıqlar aparması, Şuşaya səfəri ilk növbədə Ermənistan üçün ciddi mesajdır. Ermənistanda müyyən revanşist qüvvələr var. Onlar seçki ərəfəsində Ermənistan cəmiyyətində müharibə əhval-rühiyyəsini qızışdırırlar, səs almağa, ölkənin gələcəyi ilə bağlı müharibə notları səsləndirirlər. Həmin qüvvələrə Ərdoğanın səfərinin mesajı ondan ibarətdir ki, bölgə indiki halında sabitdir, müharibənin bərpa olunması mümkünsüzdür. Əgər belə bir addım atılarsa, Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır və Azərbaycandan öz dəstəyini əsirgəməyəcək”.
 
  
Qulu Məhərrəmli vurğulayıb ki, statusla bağlı arada səslənən mesajlar da ermənilərə verilən boş ümiddir:
 
"Bu gün Qarabağ məsələlərində artıq Ermənistanın heç bir rolu və iştirakı yoxdur. Müxtəlif nazirlərin ora gəlişindən asılı olmayaraq, Qarabağ Ermənistanın nəzarətində deyil. Çox təəssüf ki, Azərbaycan da hələlik ora bəlli səbəblərdən sahiblik edə bilmir. Orada söz sahibi Rusiyadır, Rusiya sülhməramlıları vasitəsi ilə bölgəyə, Xankəndiyə nəzarət edir. Bu da tarixin bir anıdır. Hadisələr ona doğru gedir ki, müəyyən qətiyyətli addımların atılması Rusiya ilə çərçivələrin  dəqiq müəyyənləşdirilməsi Azərbaycanı yenidən Xankəndiyə qaytara bilər”.  
 
Qulu Məhərrəmli qeyd edib ki, Türkiyə Prezidentinin Şuşaya səfərinin həm də Rusiyaya mesajı var:
 
"Geosiyasi maraqlar baxımından Qafqaz, Cənubi Qafqaz, Ermənistan Rusiyanın maraq dairəsinə aiddir və onun təsiri altındadır. Ermənistanda ikinci hərbi baza yaradılır. Qarabağa sülhməramlıların gəlişi hər halda perspektivə yönəlib, amma bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü müəyyən mənada Türkiyənin maraq çərçivəsindədir. Nə baş verirsə-versin Türkiyənin maraqları nəzərə alınır”.
скачать dle 12.1