Bia.Az

SARQSYAN PAŞİNYANLA BAĞLI KOMPROMATINI AÇIQLADI - Ancaq "bomba" əlində partladı...

Siyasət
 10-06-2021, 13:45     31

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana verdiyi vaxt bitib. Xatırladaq ki, Paşinyan Sarqsyanı büdcənin milyonlarla dollar vəsaitini Monte-Karlo kazinolarında uduzmaqda ittiham etmişdi. Sarqsyansa əvəzində Paşinyana dediklərini sübut etmək üçün 24 saat vaxt vermişdi. Sübut edə bilməyəcəyi təqdirdə isə onun özü və ailəsi barədə kompromat dərc edəcəyini və cəmiyyətin orada açıqlanan faktlara görə Paşinyanın “üzünə tüpürəcəyini” vəd etmişdi.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Sarqsyanın “kompramat” adlandıraraq dərc etdirdiyi Paşinyana aid səs yazısı yayımlanıb. Maraqlıdır ki, sabiq prezidentin bəhs etdiyi “kompromat” bir çox ekspertlərin fikrincə, Paşinyanın əleyhinə deyil, lehinə işləyib.
Səs yazısında Paşinyan Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevlə Soçidə keçirdiyi qeyri-rəsmi görüşdən söz açır. Paşinyan deyir:“Bizim ilk tanışlığımız 2018-ci il mayın 12-də, mən Soçiyə səfər edəndə və orada görüşlər keçirəndə baş verib. Orada kofe içmək üçün yer vardı. Putin, Lukaşenko və Nazarbayev orada mənə dedilər ki, xalq sənə etibar edir və indi sənin Qarabağ məsələsini həll etmək üçün tarixi şansın yaranıb.
Dedim ki, anladım, indi tarixi şansdır, lakin hansı mənada “həll etmək” nəzərdə tutulur?
Onlar mənə hansısa “Lavrov planı”ndan danışdılar – qoşunları geri çəkirlər, ortada durururlar və oradan milçək də uçmayacaq.

Mən dedim ki, status dəqiqləşdirilmədən bu, ümumiyyətlə müzakirə mövzusu ola bilməz... Dedim ki, gəlin bunu kağıza köçürək və bu, maraqlı mövzu olacaq. Mən bütün bunları xalqa təqdim edəcəm və deyəcəm: Belə bir təklif var, bu, bizim üçün maraqlıdır, ya yox?
Nəticədə mən anladım ki, onlar məni həmin konveyerə oturtmaq istəyirlər, danışırlar, gülürlər, içirlər və sonda da Aprel müharibəsi baş verir. Mən o vaxt özüm üçün məqsəd müəyənləşdirdim - hansısa yolla bu konveyerdən atlanmalıyam, başqa yerdə olmalıyam. Bunu istənilən vasitələrlə etməliyəm – özümü dəli, qeyri-adekvat kimi göstərməklə də olsa, bu konveyerdən çıxmalıyam. Və o vaxt situasiya riskliydi, həddindən artıq riskliydi.”
Vəssalam. Sarqsyanın “kompramatı” bundan ibarət olub.
Sabiq prezidentin özü yaydığı səs yazısını şərh edərkən bildirib: “Bir nəticə var – bu adam dəli deyil, bu adam özünü dəli yerinə qoyub. Bu, bir dövlət başçısı üçün sadəcə, yolverilməzdir".

Şərhçilər Sarqsyanın “kompramat” adlandırdığı səs yazısının sadəcə, Paşinyanın dövlətlərarası münasibətlərə bir qədər primitiv münasibətini ortaya qoyduğunu, bundan başqa heç bir mənfi yük daşımadığını bildirirlər.
Əvəzində qeyd edirlər ki, bu “kompromat” Paşinyanın xain olduğu, Qarabağı bilərəkdən təhvil verdiyi barədə iddiaların üstündən xətt çəkir ki, bu da onun xeyrinə işləyən amildir. Eyni zamanda, Sarqsyanın hay-küylə təqdim etdiyi “kompramat” onun özünün və Artur Vanetsyanla birgə qurduğu seçki blokunu pis vəziyyətdə qoyur, onu qeyri-ciddi qüvvə kimi təqdim edir.
Ancaq bununla yanaşı, əksər müşahidəçilər Sarqsyanın “kompramat” deyərkən, məhz bunu deyil, tamamilə başqa bir səs yazısını nəzərdə tutduğunu, lakin son anda fikrindən daşınaraq, bu cür mənasız “kompramat” yayımladığını düşünürlər.

Çünki Sarqsyan Paşinyanı hədələyərkən, açıqlayacağı faktların onun özünə və ailəsinə aid olduğunu demişdi. Yayımlanan səs yazısının isə həmin hədə-qorxuya heç bir aidiyyatı yoxdur. Görünür, sabiq prezidentin söz açdığı səs yazısı həddindən artıq açıq-saçıq və biabırçı faktlardan ibarət olub ki, bunu da bir sabiq dövlət başçısının yayımlaması məqbul görünməyib. Odur ki, bu səs yazısı son anda əlacsızlıqdan, Sarqsyanın sözünün üstündə durduğunu göstərmək üçün yayılıb.
Ancaq o da istisna olunmur ki, Sarqsyanın əvvəlcə nəzərdə tutduğu gerçək kompromat bir müddət sonra başqa kanallarla yayımlanacaq.
Səs yazısının harada qeydə alındığına gəlincə, erməni mətbuatı iddia edir ki, Paşinyan bu fikirləri separatçı rejimin başçısı Araik Aratunyanın “partiyasının” üzvlərilə görüşü zaman səsləndirib. Həmin səs yazısının isə Sarqsyanın əlinə hazırkı koalisiya ortağı, xüsusi xidmətin sabiq rəhbəri Artur Vanetsyan vasitəsilə düşdüyü iddia olunur ki, bu da ağlabatandır.
Bir sözlə, Sarqsyanın Paşinyan üçün hazırladığıl “bomba” heç əl qumbarası effekti də vermədi. Lakin yaxın günlərdə gerçək “bomba”nın partlayacağı da istisna olunmur.скачать dle 12.1