Bia.Az

"AZƏRBAYCANDA MAKSİMUM 6 PARTİYA OLMALIDIR" - "Mojaritar seçki sistemi ləğv etməliyik"

Siyasət
 9-03-2021, 12:07     216

"Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır".

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 6 partiyanın Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi və ümumiyyətlə hakim partiyanın qurultayının yekunlarına münasibət bildirərkən deyib.

BAXCP sədri bildirib ki, qurultayda YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu böyük hörmətlə edildi: “Estafeti gənc nəslə təhvil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün “Ağsaqqalar Şurası” yaradıldı. Ən çox bəyəndiyim məqam bu idi. Vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. Bunu həm də proqram və nizamnamələri oxşar olan digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar".

Millət vəkili hesab edir ki, YAP-ın öz gənc deputatlarını irəli çəkməsi təqdirəlayiq haldır. "YAP-ın son qurultayında dövlət-hakimiyyət orqanlarında, xüsusilə parlamentdə YAP-ı təmsil edən çoxlu sayda millət vəkilinin rəhbər orqanlara seçilməsi də təqdirəlayiq haldır. Həmin həmkarlarımı və yeni seçilən YAP rəhbərliyini təbrik edir, onlara Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirəm”.

Qüdrət Həsənquliyev qeyd edib ki, YAP-ı təmsil edən bütün hökumət üzvləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, pariyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər, daha yaxşı olardı: “YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı pariyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.

BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: “Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”.
BİA.AZ
скачать dle 12.1