Bia.Az

"BÜTÜN SUALLAR RUSİYA İLƏ BAĞLIDIR...” – “Moskva Qarabağdakı erməni anklavını gücləndirməyə çalışır”

Siyasət
 2-03-2021, 14:42     426

İlham İsmayıl: "Özümüzdən başqa heç kim erməni əsgərinin Qarabağa girişinə mane olmayacaq"

"Ermənistan Qarabağ savaşında aldığı ağır məğlubiyyətdən sonra dərin daxili siyasi böhrana girdi və müharibə bitəndən bəri davam edən böhran getdikcə dərinləşir. Bu günkü situasiya isə artıq düşmən dövlətin “ siyasi defolt” həddinə çatdığını açıq göstərir. Neçə gündür ki, ordu rəhbərliyi və hökümət arasında yaranmış kəskin qarşıdurmadan çıxış nöqtəsini də tapmaq müşkülə çevrilib. Elə bir vəziyyət yaranıb ki, bir gündə üç mitinq təyin olunur, hərə bir tərəfə çəkir. İstinad nöqtəsi kimi mövcud Konstitusiya belə, problemi həll edə bilmir".

"AzPolitika.info" xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistanda cərəyan edən hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda vəziyyətin gərginliyi aydındır, müharibədən əvvəl də düşmən ölkəsindəki iqtisadi, siyasi proseslərdən yazıb, cəmiyyətimizi arxayınlaşdıranlar az deyildi ki, çox idi.
"Reallığı qeyd edənlər isə rahatlamağımızın yeganə yolunu torpaqlarımızın işğaldan azad edilməsində görürdülər. Nəhayət, 30 illik işğala son veriləndə realistlərin dedikləri özünü doğrultdu, həm xalq, həm dövlət olaraq rahatladıq, düşmən məğlub oldu," -deyə ekspert vurğulayıb

İ.İsmayıl qeyd edir ki, düşmən hələ tam təslim olmayıb və “siyasi vakuum” dövrünü yaşamasına baxmayaraq iddialarından əl çəkməyib: "Səbəb də Azərbaycan torpaqlarının məlum ərazidə “Artsax” adı altında hələ də işğal altında saxlaması və ən əsası, Rusiya sülhməramlılarının bu ərazilərdə yerləşməsidir".
Ekspert vurğulayır ki, dörd aya yaxındır ki, müharibə bitib və bu müddətdə baş verənlər, 10 noyabr razılaşmasının bir sıra bəndlərinin, o bəndlər ki, bizim maraqlarımıza daha yaxındır, həyata keçirilməməsi bir sıra suallar doğurur: "Bütün suallar demək olar ki, Rusiya ilə bağlıdır, nəinki birbaşa düşmən Ermənistanla. Ermənistan hələ uzun müddət böhran içərisində olacaq.
Bəs, Rusiya beş ildən sonra gedəcəkmi? Ən pis halda 10 ildən sonra tamamilə tərk edəcəkmi? Bu müddətdə Azərbaycan Xankəndi və digər nəzarətində olmayan yerlərdə de-fakto ərazi bütövlüyünü təmin edə biləcəkmi? Qarabağ kartını hələ də bəhanə edib təsirdə saxlamaq məqsədilə Azərbaycanı Avrasiya İttifaqına, KTMT-yə çəkə bilərmi?Hətta, bizi çıxılmaz vəziyyətə salmaq üçün Şuşaya və Hadruta hücum təşkil edə bilərmi?
Bu, adi vətəndaşlarda, həm də siyasilərdə narahatlıq və həyəcan yaradan suallardır. Aydındır ki, biz silahlı hücumu dəf etmək üçün kifayət qədər təcrübəli orduya və Türkiyə kimi güclü tərəfdaşa malikik, Qoşulmama Hərəkatının üzvüyük, amma qarşımızdakının kim olduğunu da unutmamalıyıq".
İlham İsmayıl bildirir ki, bu sualları doğuran səbəblər var, hamısı da Rusiyaya ünvanlanır. 
"Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmayıb. Ağdərə ərazisində onların hərbi təlim keçməsinə sülhməramlılar mane olmur. Ermənistan ordusunu “modernləşdirmək” istiqamətində açıq siyasət aparır. Bu “modern” ordunun əsgərləri sərhəddən mülki paltarda gizlicə keçirlər. Monitorinq Mərkəzi bu keçidin qarşısını ala bilmir. Sülhməramlılar nəzrətlərində olan yerlərə azərbaycanlı qaçqınların qayıtması üçün şərait yaratmır. Qarabağ daxili yol-nəqliyyat infrastrukturunun işlək və təhlükəsizliyini təmin etmir. Faktiki olaraq neytral mövqe nümayiş etdirmir, birtərəfli qaydada ermənilərə humanitar yardım göstərir.
Yuxarıda göstərilən sualların üzərinə getmək üçün diplomatiyamız Türkiyə ilə birgə yol xəritəsi müəyyənləşdirməli və 10 noyabr razılaşmasından irəli gələn müddəaların tezliklə həyata keçirilməsinə nail olmalıdır"- deyə, təhlükəszilik eksperti vurğulayıb.
İ. İsmayıl hesab edir ki, Azərbaycanın qalib ölkə kimi tələbi, mövqeyi sərt və qətiyyətli olmalıdır: "Diplomatiyamızın dili qalib ölkənin mövqeyini əks etdirməlidir. Açığı, Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı verdiyi bəyanatın nə ruhu, nə dili qənaətbəxş sayıla bilməz. Beynəlxalq təşkilatları erməni əsgərlərinin Azərbaycan göndərilməsinə mane olmağa çağırmaq, Ermənistanı vicdanlı olmağa dəvət etmək- praktikada işləməyən, özünü indiyədək doğrultmayan yanaşmadır. Özümüzdən başqa heç kim erməni əsgərinin Qarabağa girişinə mane olmayacaq".

Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ermənistanın indiki iqtidarı davam edəcəksə və ya başqa qüvvələr hakimiyyətə gəlsə, maksimum çalışacaqlar ki, Qarabağdakı erməni anklavını gücləndirsin.
"Amma indi başları özlərinə qarışıb, ona görə də vaxtı dəyərləndirib cəmiyyəti narahat edən sualların həll olunması istiqamətində ciddi işlərin təməli qoyulmalıdır. Sualların çox olmasına baxmayaraq, biri həll olmağa başlayanda, türklərin dediyi kimi “gerisi corab söküyü kimi gələcək"," - deyə İ.İsmayıl vurğulayıb.скачать dle 12.1