Bia.Az

Parlament partiyalarına nə qədər pul düşür?

Siyasət
 16-02-2021, 10:19     250

2021-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb. Novator.az bildirir ki, “Siyasi partiyalar haqqında qanuna” görə, vəsaitin 40 faizi (1 milyon 600 min manatı) Milli Məclis partiyaları arasında bərabər bölünməlidir. Bu sistemlə parlamentdəki 11 siyasi partiyanın hər biri 145,4 min manat götürür.

Vəsaitin 50 faizi (2 milyon manatı) Milli Məclisin say tərkibinə (125-ə) bölünməli, alınan məbləğ (16 min manat) partiyaların deputatlarının sayına vurulmaqla paylanmalıdır.

Bu hesabla 70 deputatı olan Yeni Azərbaycan Partiyası 1 milyon 112 min manata sahib çıxır.

Milli Məclisdə 3 mandatla təmsil edilən Vətəndaş Həmrəyliyi Partiyasına 48 min manat düşür.

Hərəyə 1 mandatı olan Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası 16 min manat almalıdır.

Qanuna görə, dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi (200 min manatı) parlamentdə təmsil olunmayan, namizədləri Milli Məclisə son seçkidə etibarlı səslərin azı 3 faizini qazanmış siyasi partiyalara düşür, bölgü səslərin sayına proporsional aparılır. Hazırda heç bir partiya belə vəsait almır.

Vəsaitin qalan 5 faizi (200 min manatı) təkrar və əlavə seçkilər nəticəsində, həmçinin deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsilçilik əldə edən partiyalar üçün nəzərdə tutulur.

Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi dördüncü rübün sonunda Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünməlidir.

İlin sonunda 400 min manata qənaət olunarsa, hər bir parlament partiyasının daha 36,3 min alması mümkündür.скачать dle 12.1