Bia.Az

CHP Türkiyənin Azərbaycana dəstəyinə qarşı olubmu - İncənin iddiasına reaksiyalar

Siyasət
 10-02-2021, 10:21     328

Ana müxalifət partiyasından ayrılan Məhərrəm İncənin  dedikləri nə dərəcədə həqiqətdir?

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP)   prezidentliyə keçmiş namizəd Məhərrəm İncənin istefa verməsi son günlər siyasət aləminin müzakirə etdiyi əsas məsələlərdən biridir. Onun gedişini əsaslandırarkən işlətdiyi bəzi cümlələr xüsusilə diqqətləri çəkib.

O deyib: “Təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. “Liviyada nə işimiz var” deyənlərdən ayrılıram".

CHP-nin Türkiyənin Suriya və Liviyada hərbi iştirakına qarşı olduğu bilinir. Amma Azərbaycana dəstək məsələsi barədə dedikləri heç şübhəsiz ki,  mübahisə doğurmaya bilməz. Çünki CHP başqanı Kamal Kılıçdaroğlu II Qarabağ savaşındakı qələbə ilə bağlı Prezident İlham Əliyevə məktub göndərib. Bundan başqa, açıq şəkildə belə bir dəstəyə qarşı olduqları məlum deyil. Ola bilsin ki, kulislərdə bu cür əhval-ruhiyyə olub...

Bütün bunlardan çıxış edərək, İncənin Azərbaycanla bağlı dediyi hissə ölkəmizdə daha çox müzakirə doğurub.

Fazil Mustafa ile ilgili görsel sonucu
 Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa İncənin dediklərinin nədən doğduğunu belə əsaslandırdı: “İlk dəfə CHP-dən Ünal Çeviköz Türkiyənin Azərbaycana yardım etməsini tənqid etmişdi. Ona görə də Məhərrəm İncənin açıqlaması daha çox CHP yönətimində yer alan şəxslərə qarşı ola bilər. Çünki Kamal Kılıçdaroğlu Azərbaycan Prezidentini təbrik edib və ölkəmizin də əleyhinə hər hansı bir fikir səsləndirməyib. Ümumiyyətlə, CHP-də olan bəzi ünsürlər Azərbaycana Türkiyənin dəstəyinə qarşı belə fikirlər səsləndiriblər. Siyasətdə çox zaman belə addımlar cəmiyyətə hesablanan addımlardır. Bəzən belə halları çox şişirtməyə dəyməz. CHP-də də Azərbaycanın qələbəsinə həm sevinənlər, həm də sevinməyənlər var. Amma görünür ki, yeni bir platformada Azərbaycana sevgisi olan insanların  da dəstəyini qazanmaq üçün belə bir fikir səsləndirir. Bəlkə də özü səmimi şəkildə Azərbaycana dəstək verdiyini ifadə etmək istəyir. Ona görə də buradan tez nəticə çıxarmaq bir az çətindir. Amma bu, Bakıda səfir olmuş Ünal Çeviközün yanaşmasına qarşı səsləndirilən fikir kimi anlaşılmalıdır”.

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu
Kənan Rövşənoğlu

Yaxın Şərq üzrə araşdırmaçı-jurnalist  Kənan Rövşənoğlu isə CHP-nin Azərbaycana dəstəyini sübut edən bir neçə fakt açıqladı: “Əlbəttə, Türkiyə siyasətinin tanınan simalarından olan İncənin uzun illər liderləri sırasında təmsil olunduğu partiyadan ayrılması üçün ciddi əsasları var. Görünür, Türkiyədəki ictimai-siyasi ab-havanı nəzərə alıb bu sözləri işlədib. CHP Türkiyənin respublika dövrünün ən qədim və böyük partiyalarından biridir. Atatürkün qurduğu partiyanın sabit ideoloji-siyasi xətti olsa da, sirr deyil ki, partiya daxilində fərqli düşünən, Türkiyə daxilində və regional, eləcə də beynəlxalq siyasətə fərqli baxan qruplar var. Bu mənada Məhərrəm bəyin işarə etdiyi şəxslərin CHP-də olmasını istisna etmək olmaz. Lakin əgər söhbət parlamentdə ikinci çoxluğa sahib, ana müxalifət və ciddi strukturlaşmış bir siyasi təşkilatdan gedirsə, o zaman nəzərə almalıyıq ki, CHP ilk gündən Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyib. Faktlara baxaq. Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinin başlamasının sabahı günü Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 partiya, o cümlədən Cümhuriyyət Xalq Partiyası birgə açıqlama yayaraq Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayıb. Oktyabrın 14-də isə CHP sədri Kamal Kılıçdaroğlu şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq ölkəmizin Qarabağın azadlığı uğrunda haqlı mübarizəsini dəstəkləyib və şəhidlərə rəhmət diləyib. Sitat: ”Azərbaycan Silahlı Qüvvələrinin cavab hərəkatı nəticəsində 30 ilə yaxındır işğal altında olan Vətən torpaqlarının azad edilməsinə başlandığını məmnuniyyətlə izləyir, haqlı davanızda sizi dəstəkləyirik. Vətən torpaqlarınızın əsarətdən qurtuluşu indidən mübarək olsun". Bundan başqa, müharibə başa çatdıqdan sonra noyabrın 17-də Türkiyə ordusu qüvvələrinin Qarabağa göndərilməsi ilə bağlı səsvermədə, eləcə də noyabrın 27-də Fransa parlamentinin ermənipərəst qətnaməsini pisləyən bəyanatına CHP də imza atıb. Bir daha qeyd edim ki, CHP böyük partiyadır, orada erməniləri dəstəkləyən və erməni əsilli şəxslərin olması mümkündür. Üstəlik, nəzərə almaq lazımdır ki, CHP ana müxalifət partiyasıdır, bu qurum hakimiyyətin qərarlarına qarşı tənqidçi mövqedən çıxış etməsi ənənəvidir. Amma göründüyü kimi, bütün bunlara rəğmən CHP rəhbərliyi Azərbaycana dəstək verib. Bu mövzuda haqlı olaraq partiya-siyasət mövqeyindən deyil, dövlət və milli maraqlardan çıxış edib"./“Yeni Müsavat”

BİA.AZ
скачать dle 12.1