Bia.Az

55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?

Siyasət
 4-02-2021, 11:12     454

Prezident Aparatının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini olan general rütbəli oğlu Teymur Mehdiyev və 10 il deputat mandatı gəzdirmiş kürəkəni İlham Əliyevin “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədovu dələduzluqda günahlandıraraq, ona qarşı müvafiq qaydada 4 milyon və 3.5 milyon dollarlıq iddia qaldırması mətbuatda və cəmiyyətdə şok effekti yaratmışdı.

Çünki bu, uzun illər metallurgiya sənayesində inhisarçılıq yaratmış və özbaşınalığı ilə ad çıxarmış sözügedən şirkətin Ramiz Mehdiyev və onun yaxınlarıyla əlaqəsinin rəsmi etirafı anlamına gəldi. 

Hər zaman qapalı, ehtiyatlı və hiyləgər fiqur kimi tanınan sabiq PA rəhbərinin əslində, onun özü və ailə biznesi üçün heç də böyük sayılmayacaq 7-8 milyon dollara görə necə deyərlər, “açıq verməsi”, faktiki olaraq, bu inhisarçı şirkətlə əlaqələrini etiraf etməsi müəmmalı göründü. Məntiqlə hansısa 7-8 milyona görə qalmaqal yaratmaq və qanuna zidd olaraq biznes strukturlarına malik olduğunu etiraf etmək, nəhayət general oğlunun reputasiyasını və karyerasını zərbə altında qoymaq Ramiz Mehdiyevdən gözləniləcək addım deyildi...

Lakin DTX-nın Rasim Məmmədovun həbsi və ona qarşı açılan cinayət işi barədə yaydığı məlumatdan aydın olur ki, birincisi, söhbət daha böyük məbləğdən - üst-üstə 55 milyon manatdan gedir.

İkincisi, məsələ sadəcə, R.Mehdiyevin ailə üzvlərinin R.Məmmədova qarşı iddiasıyla deyil, metallurgiya sahəsinə vurulan külli miqdarda ziyan və digər daha ağır cinayətlərlə bağlıdır.



Dövlət Təhlükəsizliyi Xidmətinin bu işə dair məlumatında deyilir ki, “Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb. 

Başlanmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub... Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Göründüyü kimi, istintaq R.Mehdiyevin yaxınlarının R.Məmmədova qarşı qaldırdığı iddiadan qat-qat yüksək məbləğdə yeyintidən, ziyandan bəhs edir. Təbii ki, əslində, real ziyan 55 milyon manatdan da qat-qat çoxdur. Ən əsası isə bu fəaliyyətin təkcə “Baku Steel Company”-yə deyil, ümumilikdə ölkənin metallurgiya sənayesinə və dövlətin mənafeyinə ziyan vurduğu qeyd olunur. Daha doğrusu, nəhayət ki, etiraf edilir.

Bu isə təbii olaraq, sual yaradır ki, Rasim Məmmədov səviyyəli bir icraçı fiqur bütünlükdə ölkənin metallurgiya sənayesində ağalıq, qanunsuzluq, özbaşınalıq edə, bununla da dövlətin maraqlarına, iqtisadiyyata ağır zərbə vura bilərdimi? Əlbəttə ki, xeyr! Və əlbəttə ki, istintaqın gedişində bu işin arxasında kimin durduğu məlum olacaq, nəyisə gizlətmək nə Rasim Məmmədovun maraqlarına, nə də böyük ehtimalla xarakterinə uyğun deyil. Belədə isə rəsmi istintaq materiallarında, ifadələrdə Ramiz Mehdiyevin adı üzə çıxa bilər.

Deməli, belə çıxır ki, general Teymur Mehdiyevin və sabiq deputat İlham Əliyevin uzun illər Mehdiyevlərin ailə biznesinin idarəçilərindən birinə qarşı iddia qaldırması “Rasim Məmmədov bizə də atıb” mesajı vermək və sahibkarlıq mühitinə, metallurgiya sahəsinə, ölkə iqtisadiyyatına, büdcəyə vurulan külli miqdarda ziyana görə məsuliyyəti onun boynuna atmaqdır. Yəni “biz bu işdə yoxuq” deməkdir.



Lakin hər kəs bilir ki, arxasında böyük güc, dayaq olmayan heç bir iş adamı bütöv bir sənaye sahəsində bu miqyasda talançılıq, özbaşınalıq edə bilməzdi. Azərbaycanda isə uzun illər boyu metallurgiya sahəsində çalışmış və haqları tapdanmış iş adamları buna himayədarlıq edə biləcək ranqda olan şəxs qismində Ramiz Mehdiyevi göstəriblər. Onun oğlunun və kürəkəninin R.Məmmədova qarşı milyonluq iddiaları isə bu qənaəti daha da möhkəmləndirmiş, hətta sübut etmiş oldu...

Bir sözlə, Rasim Məmmədovun işi 7-8 milyon, hətta 55 milyonla da yekunlaşacaq işə bənzəmir və istintaqın obyektivliyi təmin olunarsa, ümumilikdə ölkə iqtisadiyyatına, büdcəyə, metallurgiya sənayesinə vurulan ziyanın həcmi, eləcə də bunun gerçək səbəbkarı məlum olacaq.“AzPolitika.info”  


BİA.AZ
скачать dle 12.1