NAVALNI VƏ RUSİYA MÜSƏLMANLARI - Ümmə etirazlara necə reaksiya verdi?
Rusiya müsəlmanlarının böyük əksəriyyəti müxalifətçi-bloger Aleksey Navalnının «azadlığı üçün» təşkil olunmuş küçə etiraz aksyalarını dəstəkləməyib. Verilən xəbərlərə görə, müsəlmanların kompakt yaşadığı federal dairələrdən Krımda və demək olar, Şimali Qafqazda mitinqlər olmayıb. Şimali Qafqaz Federal Dairəsində aksiyalar yalnız Stavropolda (300 nəfər) və Maxaçkalada (40 nəfər) keçib.
Tatarstan və Başqırdıstanda müxtəlif şəhərlərdə küçələrə 100 nəfərdən 1,5 min (Kazanda) və 2,5 min nəfərə (Ufada) qədər adam çıxıb. Bütün hallarda icazəsiz küçə aksiyalarında iştiraka görə saxlanılanlar və inzibati cəza alanlar olub.
Müsəlmanların kompakt yaşadığı bölgələrdə etirazçıların sayının müxtəlif olması (Çeçenistan və İnquşetiyada ümumiyyətlə çıfır sayda olub) Aleksey Navalnı fiquruna olan münasibətlə şərtlənir. Krımda etirazların olmaması isə onunla bağlıdır ki, Rusiyanın sistemsiz müxalifəti lap əvvəldən yarımadanın 2014-cü ildə Rusiyaya birləşdirilməsinə neqativ münasibət sərgiləyib və hələ də hesab edir ki, Krımı Ukraynaya qaytarmaq lazımdır. Buna baxmayaraq, Navalnının özü bəyan edib ki, yarımada «Rusiyanın bir hissəsi olaraq qalacaq və görünən gələcəkdə bir daha Ukrayna olmayacaq». Odur ki, krımlıların kütləvi şüurunda o, düşmən fiqur kimi qəbul olunur.
Şimali Qafqazın passiv reaksiyası onunla izah olunur ki, orada müsəlmanların Navalnıya münasibəti ehtiyatlı-neqativdir. Onun «başlıca Rusiya müxalifətçisi» kimi siyasi karyerası özünün rus millətçiliyi ilə oynamasından başlanıb. Navalnı 2000-ci illərin sonunda «Rusiya yürüşü»nün iştirakçısı olub və Mərkəzi Asiya və Zaqafqaziya ölkələri ilə viza reiminin tətbiq olunması istəyini gizlətməyib və indi də gizlətmir.
2011-ci ildə «1 №-li müxalifətçi» «Qafqazı yedirtdiyimiz bəsdir» adı altında keçirilmiş mitinqin iştirakçısı olub və orada Şimali Qafqaz respublikalarına büdcə dotasiyaları təcrübəsinə son qoymağı təklif edib. Navalnı həm də Moskvada yeni məscidlərin tikintisinin əleyhinədir, çünki «yeni məscidlər - böyük həcmlərdə qeyri-leqal miqrasiya deməkdir». Bütün bunlar cəmdə ümməyə əsas verir ki, Navalnını islamofob kimi qəbul etsin.
Bu il rusiyalı müsəlmanların Navalnıya münasibətini açıq şəkildə ilk dəfə dağıstanlı bloger Qurban Askandarov ortaya qoyub. O, yanvarın 16-da, Navalnının Almaniyadan qayıdışının anons edilməsi ərəfəsində «Navalnı müsəlmanlar üçün kimdir?» adlı videomüraciətlə çıxış edib. Burada bir detala aydınlıq gətirmək vacibdir: Askandarov Dağıstanda müəyyən qədər məşhurdur - o, keçmişdə Maxaçkaladakı «Ən-Nadiriyyə» məscidi imamının müavini olub, başqa sözlə, özü Rusiyadakı islamçı müxalifətin bir hissəsidir. Ancaq Askandarov Navalnını «nasist və islamofob» adlandırıb. Navalnı isə Askandarova cavabında təsdiqləyib ki, o, gerçəkdən Mərkəzi Asiya və Zaqafqaziya ilə viza rejiminin tətbiq edilməsinin tərəfdarıdır və hesab edir ki, Şimali Qafqazın korrupsiyalaşmış elitasını yedirtməyi dayandırmaq vacib məsələdir. Cavabının sonunda Navalnı hətta Askandarovu təəssüflə qınayıb ki, onun Suriyada «müsəlmanların bombalanmasına, Rusiyanın hər yerində işgəncələrə və həbslərə görə Putini tənqid edən videomüraciətlərini görmür».
Bunun ardınca, yanvarın 18-dəki diskusiyada digər bloger, İsveçdə olan çeçenistanlı emiqrant, Çeçenistan hakimiyyətinin və şəxsən Ramzan Kadırovun tənqidi ilə məşhur olan Tums Abdurəhmanov çıxış edib. O, özünün YouTube-kanalında «Navalnı islamofobdur?» adlı rolikini buraxıb və Askandarovu tənqid edərək, Navalnının ünvanına xoş fikirlər səsləndirib - «Navalnı müsəlmanların dostu deyil, ancaq düşməni də deyil».
Navalnıya elə həmin mövqedən Yeni Urenqoydakı «Nur İslam» səfəvit məscidinin sabiq sədri, hazırda «İslamın səsi» islamçı portalın baş redaktoru, Türkiyədə yaşayan Dmitri Çernomorçenko özünün «Navalnıya münasibət - Putinlə birlikdə yox, onun əleyhinə» başlıqlı məqalə ilə çıxış edib. Onun fikirlərinin mahiyyəti buna gətirir ki, Navalnı islamofob olsa da, ancaq «inqilabi situasiya» şəraitində Rusiyada müsəlmanlar özlərini siyasi güc kimi təqdim etməlidirlər ki, onların tələbləri Navalnının ətrafında birləşmiş sistemsiz müxalifət tərəfindən eşidilsin. O zaman müttəfiq axtarışında olan Navalnı qaçılmaz olaraq, öz yol yoldaşlarının tələbləri ilə razılaşmağa məbur olacaq və özünün hansısa əvvəlki baxışlarını korrektə edəcək. Yanvarın 23-də aksiyalar ərəfəsində Çernomorçenko 10 tezisdən ibarət bütöv proqramını «Müsəlmanlar və gələcək etirazlar» başlığı altında dərc etdirib. Proqramda belə bir müddəa var: «... ancaq inqilabi şəraitdə, köhnə hakimiyyətin artıq laxladığı, yenisinin isə hələ yaranmadığı şəraitdə imkanlar pəncərəsi meydana çıxar - bir neçə aydan iki ilə qədər - o zaman ki, müsəlmanlar bundan istifadə edə bilərlər və özlərinin siyasi subyektivliyini əldə edib də mövqelərini gücləndirərlər. Əgər müsəlmanlar bu imkanı əldən versələr, hakimiyyət dəyişikliyi onlara yaxşı heç nə gətirməz, əksinə, hətta pis günlər gətirər».
Bu, o deməkdir ki, emiqrasiyada olan rusiyalı islamçılar Çernomorçenkonun şəxsində dəqiq işarə verirlər: Navalnı necə islamofob olsa da, islamçılar üçün şansdır və onlar öz tələbləri ilə onun etirazına qoşulmalıdırlar.
Yanvarın 23-də aksiyadan sonra Çernomorçenko öz fikirlərini «Bölgəsel etirazlar və müsəlmanların federal nümayəndəlikləri» başlıqlı məqalədə inkişaf etdirib və etiraf edib ki, Qafqazın Navalnı etirazlarına qoşulacağını gözləmək olmaz, Volqaboyuna üz tutmaq gərəkdir - orada «bölgəçilik» ideyaları, ya da ki, sistemsiz müxalifətin sıralarında islamçı nümayəndəliklərin yaradılması imkanları güclüdür.
İslamçı mühitdə digər «qeyri-rəsmi fikir liderləri» ümumilikdə, Navalnıya yönəlik tənqidi mövqe tuturlar və müsəlmanları onun fəaliyyətindən kənar dayanmağa çağırırlar. Belə mövqeyi iki müsəlman bloger, Kazandan olan Rəsul Tavdiyarov və Kiyevdən olan Əbu İsmail ər-Rusi (Artyom İvanov) də səsləndirib. Öz mövqeyini ortaya qoyan rusiyalı müsəlman din xadimləri də «Navalnı - İslamofobdur» mövqeyindədirlər. Belə ki, Rusiya Federasiyası müsəlmanları idarəsi sədrinin birinci müavini Dəmir Mühəddinov bir videorolik dərc etdirib, orada təsdiqlənir ki, Navalnı Mərkəzi Asiyadan olan miqrantları «çüçmeklər» adlandırır. Rusiya müsəlmanları Din məclisi (sədri Albir Krqanov) özünün rəsmi saytında «Müsəlmanlar Navalnıdan nə gözləyə bilərlər?» başlıqlı məqalə yerləşdirib. Məqalədə Navalnı islamofobiyada ittiham olunur və onun «Yetər Qafqazı yedirtmək» aksiyasında iştirakı, Tatarstanın ali rəhbərliyində korrupsiya araşdırması barədə çəkiliş və Moskvada məscid tikintisinin əleyhinə açıq bəyanatı xatırladılır.
Buna baxmayaraq, bütün bunlar ayrı-ayrı müsəlmana heç bir təsir bağışlamayıb. Məsələn, Ufada aksiyaya keçmiş «Başqurd» və yaxınlarda onun əvəzinə yaradılmış «Respublika» birliyinin fəalları çıxıblar. Moskva aksiyalarına da qoşulan müsəlmanlar olub.
EAdaily.com, Rais Suleymanov
Rus dilindən çevirdi: Mirzə AĞ