Bia.Az

Arif Hacılı Mərkəzi Bank layihəsinin ləğvinə çağırır

Siyasət
 16-01-2021, 17:47     316

Müsavat Partiyasının başqanı Arif Hacılı Mərkəzi Banka yeni inzibati bina tikilməsindən imtinaya çağırır.

Mərkəzi Banka yeni binanın Bakının Nizami rayonunda, Heydər Əliyev prospekti, 109-da tikiləcəyi açıqlanıb. 32 mərtəbəli, 67926 kvadratmetrlik binanın 218 milyon avroya (450 milyon manat) başa gələcəyi bildirilir.

Novator.az-ın məlumatına görə, Arif Hacılı özünün “Facebook” səhifəsində yazır ki, Mərkəzi Bankın yeni binasının tikintisi üçün tender 2020-ci ilin fevral ayında elan edilib: “O zaman koronavirus hələ pandemiya elan edilməmiş, Azərbaycanda yoluxma qeydə alınmamış, iqtisadi tənəzzül başlamamış, neft ucuzlaşmamışdı.

2020-ci ildə Qarabağ müharibəsi ilə əlaqədar ölkənin hərbi məsrəflərinin və digər xərclərinin misli görünməmiş dərəcədə yüksəldiyini də nəzərə almaq gərəkdir. İndi qarşımızda işğaldan azad olunan ərazilərin bərpası kimi böyük xərclər tələb edən ümummilli vəzifə var. Bununla bağlı bir çox layihənin təxirə salınması, hətta sosial sahəyə yetərli vəsait ayrılmaması anlayışla qarşılanır.

Belə şəraitdə Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manatadək vəsaitin ayrılması yolverilməzdir. Mərkəzi Bankın indiki binası da külli miqdarda dövlət vəsaiti hesabına tikilib, böyük və təyinatı üzrə istifadə üçün tam yetərli binadır.

Bütün bunları, eyni zamanda ölkə ictimaiyyətinin birmənalı rəyini nəzərə alaraq israfçılığa son qoymaq, belə bahalı binanın inşasını ləğv etmək, tikinti üçün nəzərdə tutulan vəsaiti işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəltmək gərəkdir”.

Mərkəzi Bankın əsas inzibati binası Bakının mərkəzində – Rəşid Behbudov küçəsi, 90-da yerləşir. Bülbül prospekti, 27-də qurumun daha bir inzibati binası var.скачать dle 12.1