Bia.Az

"ƏLİ HƏSƏNOVUN BİZNESİ KƏNAR MÜDAXİLƏLƏRLƏ ÇÖKDÜRÜLÜB" – “Ləğvetmə cinayət məsuliyyətindən azad etmir”

Siyasət
 14-01-2021, 17:44     279

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun 7 ailə şirkətinin könüllü ləğv edildiyi açıqlanıb.
Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində ləğv edilən şirkətlərin siyahısı dərc olunub. Bunlar “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər və “Kaspi Co” MTK-dır.

Adları çəkilən şirkətlər təhsil, media, reklam, ictimai iaşə, tibb, ticarət və tikinti sahələrində fəaliyyət göstərirdi.

Vəkil Aqil Layıc “Press Klub”a bildirdi ki, şirkət rəhbəri onun ləğvinə qərar verərsə, bu barədə elan verməli, tərəfdaşları varsa, onları xəbərdar etməlidir: “Şirkətin kreditləri varsa, kreditorlar və başqa tərəflər bundan xəbərdar olmalıdır”.



Belə məlumatlar yayılıb ki, Ə.Həsənovun ailəsinə məxsus şirkətlərdə son vaxtlar maliyyə durumu yaxşı deyildi, işçilərin maaşları ödənilmirdi.
Vəkil deyir ki, şirkətlər ləğv olunsa belə, oradakı pozuntu hallarıyla bağlı araşdırmalar davam edə bilər: 

“Ləğvetmə mülki məsuliyyətdən azad edə bilər, cinayət məsuliyyətindən isə yox. Araşdırma aparılıb, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallar üzə çıxarılarsa, bu halda, şirkətin ləğv olunması məsuliyyət daşıyan şəxsləri cəzadan yayındıra bilməz”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Əli Həsənovun ailə şirkətləri onun vəzifəsinin yaratdığı imkanlar hesabına əldə edilmişdi, o, vəzifəsini itirəndən sonra şirkətlərin də əlindən çıxması təbiidir: 

“Baş verənlər oliqarxiyanın mövcudluğunun göstəricisidir. Əgər maliyyə resursları və siyasi resurslar eyni əldə cəmlənirsə, bu artıq oliqarxiyadır. Tutduqları siyasi postdan, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, biznes qururlar".



Mehman Əliyevin fikrincə, Əli Həsənovun ailə biznesi kənar müdaxilələr hesabına çökdürülüb, şirkətlərin ləğvi də məcburiyyətdən olub.

Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.

BİA.AZ
скачать dle 12.1