Bia.Az

Anar Məmmədov: Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq

Siyasət
 14-01-2021, 13:18     83

“Məlum olduğu kimi yanvar ayının 11-də Rusiya Fedarsiyasının paytaxtı Moskva şəhərində Rusiya prezidenti cənab Vladimir Putin təşəbbüsü ilə Azərbaycan prezidenti cənab cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın paytaxtına qalib ölkənin Ali Baş Komandanı kimi səfər etdi və istər üçtərəfli görüşdə, istərsə də mətbuat konfransında özünə əminliyini ifadə edərək münaqişənin artıq arxada qaldığını bəyan etdi. “

Bunu BİA.AZ-a Milli Məclisin deputatı Anar Məmmədov bildirib.  
        

Millət vəkili qeyd edib ki, 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun müddət idi ki, Cənubi Qafqaz istənilən zaman partlaya biləcək barıt çəlləyinə bənzəyirdi. Ermənistan ardıcıl strateji hədəflərinə əsasən xarici havadarlarının birbaşa köməyi ilə 200 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının işğalı ilə məşqul idilər. Hətta 2018-ci ildən başlayaraq “yeni müharibə - yeni ərazilər” iddiasını irəli sürmüşdülər. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin Ermənistanı cəzalandırmaması, onu himayə etməsi nəticəsində baş verirdi.   
  
Ötən ilin sentyabr  ayının 27-də başlayan hərbi əməliyyatlar ermənilərin və onun havadarlarının iddiasına həmişəlik zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda Azərbaycanın başçılığı altında yeni geosiyasi və geoiqtisadi konfiqurasiyasının formalaşmasının şahidi olmaqdayıq. Beləliklə 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan Azərbaycan qarşısında diz çökərək  ölkəmizin şərtlərini qəbul etməli oldu və  kapitulyasiya aktına imza atdı.  
   
11 yanvarda Moskvada Rusiya Prezidenti cənab Vladimir Putin, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi.   Belə ki, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş  razılaşma sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbədir. Ermənistanın İran və Rusiya ilə Azərbaycan vasitəsilə kommunikasiya əlaqələrinin bərpası Nikol Paşinyan tərəfindən təslimçiliyin bariz nümunəsidir. 
   
Millət vəkili vurgulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb. Eyni zamanda Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə ümumiyyətlə atəşkəs bəyanatında yer almayıb. Pezident Əliyevin və prezident Putinin görüş sonrası bəyanatlarında bu məsələ ilə bağlı heç bir fikir səsləndirməməsi onu göstərir ki, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunmayıb. Bu barədə də prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: “Heç bir status yoxdur və olmayacaq” Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə  imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir. 
     
Anar Məmmədov deyib: “Əldə edilmiş razılıq və birgə Bəyanat, artıq Qarabağ münaqişəsinin arxada qaldığının bariz nümunəsidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur.    Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib. “Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”, – Əliyev bildirib.  Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq.“ 

BİA.AZ
скачать dle 12.1