Bia.Az

PUTİNİN “QONAQPƏRVƏRLİYİ”... - Və ya üçtərəfli görüşün təşkilində sual doğuran məqamlar

Siyasət
 11-01-2021, 19:00     260

Yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşün başlanğıcında Vladimir Putinin nitqindən tutmuş danışıqlar masasına, eləcə də həmin məkanın tərtibatına qədər bir çox sual doğuran məqamlara rast gəlindi.

İlk növbədə nə danışıqların keçirildiyi zalda, nə də masanın üzərində Azərbaycan və Ermənistan bayraqlarının olmaması diqqət cəlb etdi. Həmin zalda yalnız Rusiyanın bayrağı var idi, baxmayaraq ki, görüş üç ölkə liderlərinin iştirakı ilə keçirilirdi.
Adətən, beynəlxalq protokollara görə, belə yüksək səviyyəli görüşlərdə bütün iştirakçı dövlətlərin bayraqları mütləq hansısa formada olmalıdır. Ancaq görünür, görüşün təşkilatçıları adi protokol qaydalarına riayət etməyi “unudublar”.
Bu mənzərə haqlı olaraq, əksər ictimai fəalların və sosial şəbəkə istifadəçilərinin nəzərindən qaçmayıb. Onların fikrincə, görüş zalının bu cür tərtibatı və orada yalnız Rusiya bayrağının olması bir növ Azərbaycana və Ermənistana qarşı hörmətsizlik kimi qarşılanıb.
Doğrudur, Ermənistan zatən Rusiyanın forpostudur və bu mənzərə onlar üçün adi görünə bilər. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan bu münasibətə layiq deyil.
Eyni zamanda, ölkə rəhbərlərinin masa arxasındakı düzülüşü də birmənalı qarşılanmayıb. Belə təəssürat yaranıb ki, görüşün təşkilatçıları bununla Rusiyanın üstün mövqeyi və əsas söz sahibi olduğunu qabartmaq istəyiblər...
Həmçinin, görüşün birinci rəsmi hissəsində yalnız Vladimir Putinin danışması, Azərbaycan və Ermənistan rəhbərlərinəsə bu imkanın verilməməsi də birmənalı qarşlıanmayıb.
Ola bilsin ki, onlara söz verilməməsi əvvəlcədən tərəflər arasında razılaşdırılıb. Ancaq istənilən halda, bu məqam da nəzərdən qaçmayıb və yuxarıda sadaladıqlarımız ümumilikdə “ev sahibi” Rusiyanın “yüksək qonaqpərvərliyinin” göstəricisi kimi dəyərləndirilə bilər.
Hər necə olsa, üzdə görünən və formal xarakter daşıyan adi protokol qaydalarına belə riayət edilməməsi Rusiyanın obyektiv, bərabərhüquqlu, ədalətli tərəfdaş və vasitəçi rolunu kölgə altına alır. 
atən MDB məkanında Moskvanın sülhməramlı, yaxud vasitəçi misssiyalarının tarixçəsi və “nəticələri” yaxşı məlumdur. Elə buna görə Rusiyanın Qarabağla bağlı missiyasına da etibar edənlərin, buna müsbət yanaşanların sayı çox deyil.
Ancaq digər yandan heç olmasa adi protokol qaydalarına, beynəlxalq diplomatik etiketlərə belə riayət etməyən bir ölkə, ilk növbədə elə özünü aşağılamış olur və ona kimsənin etimadla yanaşmasını mümkünsüz edir.
Məhz buna görə də ərazisi nə qədər geniş, hərbi cəhətdən nə qədər güclü olsa da, Rusiya böyük dövlət ola bilmir!скачать dle 12.1