Bia.Az

QONDARMA REJİMİ DİRÇƏLTMƏK CƏHDLƏRİ VƏ... - Bakıdakı “rusbaş”ların ikrah doğuran məddahlıqları

Siyasət
 6-01-2021, 20:41     664

Laçın dəhlizini “karvansara qapısına” çevirən sülhməramlıların “səhvləri” nəyə xidmət edir?

Azərbaycanın Qarabağ Müharibəsindəki qələbəsinin effektini azaltmaq və Ermənistanı, eləcə də Qarabağdakı separatçı rejimi məğlubiyyət kompleksindən qurtarmaq istiqamətində fəaliyyətlər günü-gündən güclənir.

Rusiyanın açıq-aşkar şəkildə Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarına kölgə salan, bu hüququ iqnor edən bütün hərəkətlərini malalamağa, bunlara haqq qazandırmağa çalışan ölkəmizdəki bir qrup politoloq, siyasətçi, ictimai fəal və s. isə xalqımızın, cəmiyyətimizin başının altına yastıq qoymağa çalışır.
“Rusiyanın gəlişindən yaxşı variant yoxdur” prinsipinə söykənən bu zümrənin arqumentləri hərdən nə qədər cəlbedici və məntiqli görünsə də, nəticə etibarilə ortadakı niyyətin heç də Azərbaycanın milli maraqlarına, suverenliyinə və ərazi bütövlüyünün təminatına deyil, Rusiyanın bölgədəki hegemon mövqeyinin saxlanmasına və cəmiyyəti bununla barışmağa vadar etməyə yönəldiyi aydın görünür.
Bütün bunların fonunda isə qondarma separatçı rejimin dirçəldilməsi istiqamətində fəaliyyət Rusiyanın patronajlığı və birbaşa iştirakı ilə getdikcə qızışır. Günü-gündən terrorçu quruma verilən iqtisadi, siyasi, lojistik və mənəvi dəstək artır. Buna paralel olaraq, hərbi dəstəyin də verilmədiyini kimsə iddia edə bilməz. Ən azından ona görə ki, Laçın dəhlizinə nəzarət tamamilə Rusiyanın əlindədir, sülhməramlıların separatçı qurumla “cici-bacı” münasibəti isə heç kim üçün sirr deyil.

Müharibədən sonra müşahidə olunanlar göstərir ki, Laçın dəhlizi az qala karvansara qapısına çevrilib. Artıq hərbi əməliyyatların dayandırıldığı gündən sonrakı qısa müddətdə Ermənistanın iki naziri - əvvəlcə müdafiə, ötən gün isə xarici işlər naziri Qarabağın işğalda qalan hissəsinə səfər ediblər, təbii ki, Azərbaycanın heç bir rəsmi icazəsi olmadan...
Qondarma qurumun başçısı isə İrəvana gedərək, Ermənistanın təhlükəsizlik şurasının iclasında iştirak edib. Hələ bunlar təkcə “iribuynuzluların” gediş-gəlişidir, ayrı-ayrı qurum və strukturların qarşılıqlı səfərləri də var və onlar intensivləşib. 

Deməli, belə çıxır ki, sabah Ermənistan hökuməti tam tərkibdə Xankəndidə geniş iclas keçirə bilər, Rusiya sülhməramlıları buna hər cür şərait yaradar, Azərbaycan tərəfi isə yenə də heç bir rəsmi reaksiya verməz...
Məhz Rusiyanın istəyi və dəstəyilə mövqeyi gücləndirilən və demək olar ki, hazırkı qondarma qurumun əsas fiquruna çevrilən Xocalı qatili Vitali Balasanyanın son açıqlamalarını qətiyyən təsadüfi saymaq olmaz. Qondarma rejimin “təhlükəsizlik şurasının sədri” olan bu cinayətkar açıq şəkildə Azərbaycana meydan oxumaqla yanaşı, oyuncaq qurumun hərbi gücünün və silahlı birləşmələrinin bərpasından danışır.
O, son açıqlamasında açıq şəkildə bildirib ki, heç bir tərkisilahdan söhbət gedə bilməz: “”Artsax”ın silahlı qüvvələri və ona bərabər tutulan güc strukturları öz vəzifələrini yerinə yetirirlər. Əhalidə isə qanunsuz silah və hərbi sursat yoxdur, ona görə tərkisilaha da ehtiyac yoxdur.”

Balasanyan həmçinin əlavə edib ki, Dağlıq Qarabağa girişə nəzarəti gücləndirməyə və bununla bağlı mövcud olan hazırkı kriteriyaları dəyişməyə də lüzum yoxdur. Bütün bunlar o deməkdir ki, quldur rejimin bərpası prosesi tam sürətlə davam edir və istər Laçın dəhlizində, istərsə də işğalda qalan ərazilərdə yaradılan şərait separatçıları tam qane edir. Bunu bir neçə gün əvvəl qondarma rejimin rəhbəri Araik Arutunyanın “təmas xəttinə” səfəri də təsdiqləyir.
Bütün bunlara paralel olaraq isə Rusiya sülhməramlılarının bir tərəfdən ermənilərə sosial, iqtisadi, tibbi, mənəvi və s. dəstəyi bir yana, Azərbaycan tərəfində qıcıq və narazılıq yaradan “səhvləri” də davam edir.
Sülhməramlıların nəzarət zonasına dair Risiya Müdafiə Nazirliyinin saytındakı “xəritə oyunları” cəmiyyətimizdə bir müddət gərginlik və narazılıq yaratdı. Həmin xəritədəki “sürüşmələr” hələ də ara-sıra davam etməkdədir. Ötən gün isə rusiyalı həkimlərin Qarabağdakı ermənilərə xidmətindən bəhs edən məlumatda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf-“NKR” (yəni “dqr”) şəklində verildi.


Hər halda, bunun təsadüf, yaxud texniki səhv olduğunu söyləmək çətindir, ən azından ona görə ki, bu saytı idarə edənlərin siyasi cəhətdən savadsız olduqlarını düşünmək gülünc görünür. Bunun texniki səhv olmadığını sonradan həmin məlumata edilən dəyişiklik də təsdiqlədi. 
Belə ki, bu dəfə nazirlik saytının rəhbərliyi “sülhməramlı həkimlərin Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini” yazdı. Və bununla yenə də “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” yazmaqdan yayındı. 

Bizdəki kölə pisxologiyasına malik “rusbaşlar” və onların nəzarətindəki saytlar isə bu dəyişikliyi rusların böyük lütfü kimi təqdim edərək, onlara təşəkkürnamə də yazdılar. Əlbəttə, Moskvaya bu cür yarınmaq cəhdləri cəmiyyətdə ikrah doğururur.
Hər düşən imkandan Moskvanı tərifləmək, onun əvəzolunmazlığını sübut etmək üçün istifadə edən bu Azərbaycan pasportu daşıyıcıları nədənsə özlərinə sual vermirlər ki, misal üçün niyə Rusiya Dumasında Zatulin və Jirinovski kimilər başda olmaqla, açıq şəkildə, həyasızcasına erməniləri dəstəkləyib, bizə nifrət saçan onlarla deputat olduğu halda, Azərbaycanın haqq işini onlar kimi fəal şəkildə müdafiə edən bircə deputata rast gəlinmir?...
Bir sözlə, 10 noyabrdan sonra Qarabağda baş verənlər göstərir ki, nə ermənilərin davranışında, nə də himayədarlarının onlara və bizə münasibətində ciddi şəkildə heç nə dəyişməyib. Lakin Azərbaycan tərəfi bütün baş verənlərə bəzən lazım olandan da artıq dərəcədə təmkinli yanaşmaqla, susqunluq göstərməklə bir tərəfdən işğalçı və separatçı qüvvələrin “xoruzlanmasına” imkan verir, digər yandan isə cəmiyyətimizdəki narahatlıqları cavabsız qoyur.
Doğrudur, ola bilsin ki, işğaldan azad edilməyən ərazilərimizdə suverenliyimizin bərpası ilə bağlı siyasi müstəvidə, danışıqlar və erməni tərəfinə təzyiqlər formasında hansısa iş aparılır. Və əslində, bununla bağlı müəyyən məlumatlar da var.
Lakin rəsmi orqanlarımız suverenliyimizə təhdid və əhalimizdə qıcıq, narazılıq yaradan fəaliyyət və bəyanatlara açıq şəkildə sərt reaksiya vermədikcə, bəzi qaranlıq məqamlara aydınlıq gətirmədikcə, cəmiyyətimizdə narahatlıq artır. Buna isə yol vermək olmaz. Çünki biz təkcə hərbi, siyasi, iqtisadi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da qalib duruşumuzu, qamətimizi saxlamalı və onun sarsılmasına qətiyyən imkan verməməliyik.
C.Məmmədovскачать dle 12.1