Bia.Az

“QARABAĞA GÖNDƏRİLƏN RUSLARIN SAYI 5 MİNİ AŞDI...” – “Rusiya işğal gücünə çevrilir”

Siyasət
 3-01-2021, 14:39     273

Türkiyənin “Yeni Şafak” qəzeti Qarabağa göndərilən Rusiya sülhməramlılarının sayının üçtərəfli razılaşmada göstərilən rəqəmi xeyli üstələdiyini iddia edir.


“AzPolitika.info” xəbər verir ki, qəzetin bugünkü sayında dərc olunan “Rusiya anlaşmanı pozdu” başlıqlı məqalədə Rusiyanın müxtəlif adlarla Qarabağa gətirdiyi hərbi personalın sayının artıq 5 mini ötdüyü qeyd olunur: 

“Azərbaycanla Ermənistanın imzaladığı anlaşma gərəyi “Barış gücü” olaraq Qarabağa yerləşən Rusiya, vəzifəsindən kənara çıxaraq, işğal gücünə çevrilir. Anlaşmaya görə, Dağlıq Qarabağdakı təmas xətti və Laçın koridorundakı hərbçi sayı 1960 olacaqdı. Ancaq əsgər, məmur, texniki mütəxəssis, həkim, tibb bacısı, inşaat işçisi adı altında göndərilən rusların sayı 5 mini aşıb. Hər birində 300 əsgərin qalacağı “modul şəhərcik” yaradılacağı da bildirilir. Bu, əsgər sayının 10 min nəfərə çatdırılacağı anlamına gəlir.”

Qəzet yazır ki, bölgədə Rusiya hərbi personalının artırılması narahatlıq doğurur. Rus hərbçilərinin Qarabağdakı separatçılarla isti münasibətlər qurması, onların təchizatı məqsədilə işlər görməsi Azərbaycan cəmiyyətində ciddi narazılıqlar yaradır: “Bölgədə rus qüvvətləri olduğu halda, ermənilərin hələ də dağlıq bölgələrdə aktiv fəaliyyət göstərməklə hücumlar gerçəkləşdirməsi ağıllarda sual işarəsi yaradır.” 

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Vəqfinin rəhbəri Umud Mirzəyevin və Bayburt Universitetinin müəllimi, elmlər doktoru Ramin Sadıqovun fikirlərinə yer verən qəzet yazır ki, Rusiya bölgədəki rəsmi missiyasına uyğun davranmır və ermənilərin maraqlarına xidmət edən addımlar atmaqda davam edir.

BİA.AZ
скачать dle 12.1