Bia.Az

"BUNLAR RUSİYAYA PİS TƏSİR EDİB..." - "Azərbaycana qarşı təxribatlar o vaxt başlanmışdı"

Siyasət
 14-12-2020, 12:32     207

Milli Məclisin deputatı Vahid Əhmədov Rusiya sülhməramlılarının Qarabağda xəritə oyunundan və atəşkəsin pozulmasından danışıb.
  
V.Əhmədov Qafqazinfo-ya açıqlamasında qeyd edib ki, baş verənlər təxribat xarakterli mövqelərdir: “Rusiyanın son vaxtlar Azərbaycana qarşı münasibətində müəyyən çalarları hiss edirəm. Xüsusilə də Azərbaycanda böyük parad keçirildi. Bu paradda Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycanın düşməndən qənimət götürdüyü texnikalar nümayiş etdirildi.

Onlar hamısı Rusiyanın istehsal etdiyi hərbi texnika idi. Bu məqamlar Rusiyaya təsir edib. Ona görə də müəyyən manevrlər edirlər ki, Azərbaycana qarşı təzyiqlərdən istifadə etsinlər.
Bildiyiniz kimi, Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Guya hansısa xəstəlik var. Bunlar hamısı yalan şeylərdir. Ancaq hesab edirəm ki, bunlar hamısı müvəqqəti hallardır. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Belə hallara imkan vermək olmaz.
Bundan əlavə, Rusiya sülhməramlılarının gündə bir xəritə cızması kağız üzərində olan məsələlərdir. Rusiya sülhməramlıları daha çox orada asayişi bərpa etməklə məşğul olmalıdırlar.
Dava ilə asayiş bərpa olunsaydı, Hadrut ətrafında olan hadisələr baş verməzdi. Çünki ermənilər kifayət qədər sayda meşələrdə və başqa yerlərdə hələ də gizləniblər. Azərbaycanın da məqsədi odur ki, antiterror əməliyyatı həyata keçirməklə bunları aradan qaldırsın. Ancaq bunlar yenə də müvəqqəti hallardır.
Bir çoxları kimi, bəzi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. Onlar 44 günlük müharibədə Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı belə uğurlu əməliyyatı həzm edə bilmirlər. Ona görə də müəyyən yollara əl atırlar ki, Azərbaycana təzyiq etsinlər. Ona görə də biz ehtiyatlı olmalıyıq.
Bizim əsas məqsədimiz işğaldan azad edilmiş əraziləri bərpa etmək, yollar çəkmək, kommunikasiyalar qurmaq və əhalimizi oraya köçürməkdir. Qalan digər məsələlər yavaş-yavaş tarixdə öz yerini tapacaq”.
V.Əhmədov xatırladıb ki, Azərbaycan ictimaiyyəti elə ilk günlərdən də Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsini birmənalı qəbul etmədi və bu gün də qəbul etmir: "Hətta belə sözlər də deyildi ki, Rusiya ordusu Azərbaycana daxil olur. Görünür, pərdə arxasında elə məsələlər var ki, onu bilmirik. Çünki o vaxt Azərbaycana qarşı artıq təxribatlar başlanmışdı.
Cənab Prezident ATƏT-in həmsədrlərini qəbul edəndə necə onların üzünə açıq şəkildə dedi ki, “mən sizi dəvət etməmişəm, amma mənə dedilər ki gəlmisiniz”. O həmsədrlərdən biri də Rusiyadır.
Bu 28 ildə münaqişənin müsbət həlli ilə bağlı addım atılıbmı? Heç bir. Həmişə deyiblər ki, Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur. Ancaq tarix sübut etdi ki, Cənab Prezidentin atdığı addımlar düzdür.
Müharibə yolu ilə BMT-nin də qərarlarını yerinə yetirmək olur. Həmsədr dövlətlər Rusiya da daxil olmaqla, Azərbaycanın uğurlarını həzm edə bilmirlər və istəyirlər, təzyiq göstərsinlər. Ancaq bütün bunların əhəmiyyəti yoxdur. Xalq dövlətlə bir yerdədir. Biz başladığımız işi axıra çatdıracağıq”.скачать dle 12.1