QARA YANVAR - ZÜLMÜN RƏNGİ
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı tərəfindən keçirilən
“Qan yaddaşımızın 20 Yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi”adlı anım tədbirində Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin təmsilçiləri olaraq (# TAİB-in sədr müavini Eyvaz Hünbətov, sabiq dövlət qulluqçusu Nüsrət Paşayev, professor Dilqəm Quliyev və şair-publisist Tapdıq) iştirak etdik.
Çıxışım zamanı xalqımızın yaddaşına qanla yazılmış o məşum gecənin ədəbi ifadəsi olan “Qara Yanvar – zülmün rəngi” (1990) adlı şeirimi səsləndirdim. Bu şeir yalnız bir faciənin deyil, həm də xalqımızın azadlıq ruhunun, milli qeyrətinin və mübarizə əzminin poetik harayıdır:
Barıt-qan qoxulu o gecə çoxu kimi, mən də qan yaddaşının azadlıq təşnəli təlqini ilə Bakının soyuq ruzigarında əliyalın gülləbaranla üz-üzəydim...
Qara Yanvar qətlə qərar,
Müdhiş gecə axdı qanlar.
Torpağının yarasına
Şəhid qanı məlhəm olar.
Qəltan etdi qədim yurdu
Qızıl qana “Qızııl Ordu”.
Qatlamadı qamətini
Azərbaycan! Mətin durdu.
Qanlı Yanvar qan yaddaşı,
Xeyirlə şər qarşı-qarşı.
Bakı oldu gülləbaran,
Qan ağladı torpaq, daşı...
Qara Yanvar zülmün rəngi,
Qan qoxuyan top-tüfəngi...
Əliyalın bir millətin
Hürr yolunda məslək cəngi!
20 Yanvar - hüznümüzlə yanaşı, qürur tariximizdir Şəhidlərimizin qutsal xatirəsini ehtiramla yad edirik! 



Tapdıq ƏLİBƏYLİ









