Bia.Az

Milli kimliyin, tarixi yaddaşın və qlobal həmrəyliyin zəfər günü

Siyasət
 25-12-2025, 10:47     1 104

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə təqvimdə qeyd olunan rəsmi bayram deyil. Bu gün – tarixə, taleyə, milli yaddaşa və mənəvi köklərə bağlılığın simvoludur. 31 dekabr Azərbaycan xalqının parçalanmış taleyinin mənəvi bütövlüyə qovuşduğu, coğrafiyalardan asılı olmayaraq vahid kimlik ətrafında birləşdiyi böyük ideoloji zirvədir. Otuz ildən artıqdır ki, müstəqil Azərbaycan dövləti bu əlamətdar günü milli ideologiyanın mühüm dayaqlarından biri kimi qeyd edir.

Bu gün dünyanın müxtəlif ölkələrində – Avropada, Asiyada, Amerikada, Afrikada yaşayan milyonlarla azərbaycanlı üçün 31 dekabr bir bayraq, bir dil, bir tarix, bir Vətən anlamına gəlir. Bu həmrəylik hissi xalqımızın əsrlər boyu üzləşdiyi tarixi sınaqların, parçalanmaların, deportasiyaların, assimilyasiya təhdidlərinin fövqündə dayanaraq milli varlığımızın qorunmasına xidmət edib.

Milli həmrəyliyin tarixi zərurəti

Azərbaycan xalqının tarixi yalnız dövlətçilik və mədəniyyət tarixi deyil, həm də bölünmüş talelər, parçalanmış coğrafiyalar tarixidir. XIX əsrdə imperiyalararası siyasi oyunlar nəticəsində xalqımızın tarixi torpaqları parçalara bölündü, süni sərhədlər çəkildi, milyonlarla azərbaycanlı ana Vətəndən kənarda yaşamağa məcbur oldu. XX əsrin faciəli deportasiya və repressiya dalğaları bu parçalanmanı daha da dərinləşdirdi.

Məhz belə bir tarixi fon milli həmrəyliyi Azərbaycan xalqı üçün sadəcə ideoloji seçim deyil, varlıq məsələsinə çevirmişdi. Bu baxımdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixi zərurətdən doğan milli özünüdərk aktıdır.

Heydər Əliyev və Milli həmrəylik fəlsəfəsi

Milli həmrəylik ideyasının dövlət səviyyəsində sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə Heydər Əliyev xalqımızın parçalanmış taleyinə böyük siyasi uzaqgörənliklə yanaşır, milli birliyin gələcək müstəqil dövlətin ideoloji dayağı olacağını aydın şəkildə görürdü.

1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilən “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Həmin qərarla dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.

Bu addım hələ müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın ideoloji xəritəsini müəyyənləşdirən mühüm siyasi hadisə idi. Dövlətçilik ənənələrinin zəif, ictimai-siyasi mühitin mürəkkəb olduğu bir dövrdə milli həmrəylik ideyasının önə çəkilməsi xalqın parçalanmaqdan xilas olunmasının yeganə yolu idi.

Heydər Əliyev həmrəylik ideyasını təkcə bayramla məhdudlaşdırmadı. O, azərbaycançılıq məfkurəsini dövlət ideologiyasına çevirdi. Azərbaycançılıq – dil, mədəniyyət, tarix və mənəviyyat əsasında formalaşan vahid milli kimlik modeli kimi təqdim olundu.

Diaspor siyasətinin təməli və I Qurultayın tarixi rolu

Ümummilli Lider dünya azərbaycanlılarının təşkilatlanmasını milli təhlükəsizlik və milli maraqlar kontekstində dəyərləndirirdi. Bu baxımdan Dünya Azərbaycanlılarının I Qurultayı diaspor tariximizdə yeni mərhələnin başlanğıcı oldu.

Bu qurultaydan sonra diaspor fəaliyyəti dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, sonradan Diasporla İş üzrə Dövlət Komitəsi kimi institusional strukturun formalaşdırılması, müvafiq qanunvericilik bazasının hazırlanması milli həmrəyliyin hüquqi-siyasi mexanizmlərlə möhkəmləndirilməsi idi.

Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi tarixi fikirlər bu gün də hər bir azərbaycanlının milli özünüdərk manifesti kimi səslənir:

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

Bu sözlər diaspor fəaliyyətinin ideoloji şüarına çevrildi.

İlham Əliyev dövründə Milli Həmrəyliyin yeni mərhələsi

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq ideyasını XXI əsrin çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev bu sahədə ardıcıl, sistemli və məqsədyönlü siyasət həyata keçirir. Son 20 ildə Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması milli həmrəyliyin real gücə çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin xalqla olan sarsılmaz etimadı, dövlət siyasətinin geniş ictimai dəstək qazanması milli birliyin ən mühüm göstəricilərindəndir. Cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi Azərbaycanın inkişaf modelinin əsas üstünlüyüdür.

Vətən müharibəsi – Milli Həmrəyliyin yarixi sınağı

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi milli həmrəyliyin real gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi potensialını vahid məqsədə yönəltdi.

Bu Qələbə təkcə cəbhədə qazanılmadı. Bu Zəfər Bakıda, Gəncədə, Naxçıvanda olduğu kimi Berlində, Moskvada, Ankarada, Vaşinqtonda, Parisdə yaşayan milyonlarla azərbaycanlının ürəyində qazanıldı. Dünyanın hər yerində soydaşlarımız üçrəngli bayraq ətrafında birləşərək haqq səsimizi müdafiə etdilər.

Milli həmrəyliyimiz 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, xalqımızın tarixi ədalətini təmin etdi.

31 Dekabr – Gələcəyə ünvanlanan milli mesaj

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız keçmişin xatırlanması deyil, gələcəyə ünvanlanan milli mesajdır. Bu gün hər bir azərbaycanlıya xatırladır ki, harada yaşamasından asılı olmayaraq onun kimliyi, dili, tarixi və Vətəni var.

Milli həmrəyliyimiz Azərbaycanın gələcək inkişafının, təhlükəsizliyinin və beynəlxalq nüfuzunun əsas təminatıdır. Güclü dövlət, güclü ordu və güclü xalq modeli yalnız milli birlik üzərində mümkündür.


31 dekabr – Azərbaycanın mənəvi sərhədlərinin bayramıdır.
31 dekabr – dünya azərbaycanlılarının ürək döyüntüsünün eyni ritmdə vurduğu gündür.
31 dekabr – tarixin parçalaya bilmədiyi bir xalqın qürur bayramıdır.


Bu gün bizi birləşdirən təkcə bayram deyil – Vətəndir, dildir, tarixdir, milli yaddaşdır.

                              
 




Arifə HÜSEYNOVA,
Turan Dövləti Təşkilatlarının
Azərbaycan Nümayəndəliyinin başqanı.



BİA.az
скачать dle 12.1