Bia.Az

Naxçıvandan vurulan rus hərbi vertolyotu barədə müəmmalar - Üç cinayət işi açılıb...

Siyasət
 18-11-2020, 16:12     35

Noyabrın 9-da axşam Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun daşınan zenit-raket kompleksindən (DZRK) atəş açaraq Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi vertolyonunu vurduğu bildirildi.

Hərbi avtomobil karvanını havadan müşayiət etmək tapşırığını yerinə yetirdiyi deyilən vertolyotda iki pilotun həlak olduğu, birinin isə yaralandığı açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bəyan etdi ki, vertolyot Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib: "Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib". Rəsmi Bakı Rusiya tərəfinə üzrxahlıq etdi və həlak olan pilotların ailələrinə başsağlığı verdi, araşdırma aparacağı və təqsirkarları cəzalandıracağını vəd etdi.
Ermənistan tərəfi də hadisə ilə bağlı bəyanat yayıb. "Vertolyot döyüşlərin getdiyi istiqamətdə deyildi, buna görə də təhlükə kimi görülə bilməzdi", - Ermənistan baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan bildirmişdi. O, hadisəni "Ermənistan ərazisində təcavüz aktı" adlandırmışdı. Ermənistan Baş Prokurorluğunun olayla bağlı cinayət işi açdığı bildirilir.
Azərbaycan Baş Prokurorluğu da vurulmuş vertolyotla bağlı noyabrın 9-da Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlayıb. Hələlik, Azərbaycanın hansısa hərbçilərinin saxlanılması, həbs edilməsi haqqında məlumat verilməyib, araşdırmanın nəticələri açıqlanmayıb.
Noyabrın 12-də isə Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi bazasının hərbi müstəntiqləri də cinayət işi açıblar. Bəzi kütləvi informasiya vasitələrində (KİV) istintaqda "Uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması" versiyasının gündəmə gəldiyi ilə bağlı iddialar da yer alır.
Hərbi ekspert Vüqar Abbasov baş verənləri belə təhlil edib: "Rusiya prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ətraflı araşdırma aparacaq və Rusiya helikopterinin məhv edilməsinə gətirib çıxaran hadisənin təqsirkarlarını cəzalandıracaq. Hava Hücumundan Müdafiə (HHM) zenit-raket-qurğularında (ZRQ) döyüş növbəsinin keçmiş rəisi, yüzlərlə dəfə növbə çəkən bir şəxs kimi 50-yə 50 Rusiya komandirinin təqsirli olduğunu hesab edirəm".
O, hesab edir ki, yarısı Ermənistan ərazisində olan iş materiallarının hamısı olmadan birtərəfli qaydada araşdırma aparıla bilməz: "Ermənistanda Rusiya Qoşunları Qrupunun, Naxçıvanda Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun dispetçer xidmətlərinin məlumatları, uçuş tapşırıqları, hərbi helikopterin ekipajına verilən əmrlər, helikopterin mühafizə etdiyi hərbi qafilənin yürüşünün təşkili haqqında əmrlər və döyüş tapşırığı olmadan Azərbaycan müstəntiqləri birtərəfli qaydada araşdırma apara bilməz. Bununla yalnız səlahiyyətli hökumətlərarası istintaq komissiyası məşğul ola bilər".
Ekspert habelə ümid edir ki, Azərbaycan prezidenti bunu nəzərə alıb və vəziyyəti konstruktiv məcraya yönəldə biləcək: "Həqiqətən sərhəddə öz döyüş mövqeləri yaxınlığında zərbəçi hərbi helikopteri vuran Azərbaycan HHQ-nin təqsiri varsa, onda prezident müvafiq qərar qəbul edəcək. Yoxdursa, qəti şəkildə etiraz edəcək".
Ekspertin fikrincə, Azərbaycan əsgərinə hansı döyüş tapşırığı verildiyini bilmək lazımdır: "Bəlkə onlara Ermənistan təyyarələri Naxçıvanı bombalasa, ümumiyyətlə, cavab verməməyi tapşırıblar. Amma normal vəziyyətdə əsgər tamamilə haqlıdır. Hava hədəfi aşkar edirsə, mövcud rabitə xətləri ilə dərhal yuxarıya məruzə edir və əmr istəyir. Hava hücumu vasitəsi zərbəçi silahdan istifadə həddinə qədər yaxınlaşıbsa, DZRK-nın "öz-özgə" parol tələb edən ştatlı radioqurğusu "özgə" siqnalı verirsə, öz bölməsinin hava sərhədlərinin mühafizəsi növbəsinə başlarkən aldığı döyüş tapşırığına uyğun olaraq, icazəsiz atəş açmalıdır".
İndi Azərbaycanda bəzi şərhçilər bu olayla noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəs bəyanatı arasında hansısa bağlantı axtarırlar. Hətta bir sıra təhlilçilər bir qədər də qabağa gedərək iddia edir ki, əgər bu olay olmasaydı, bir qədər sonra Ermənistan kapitulyasiya planını imzalamaqdan belə qurtula bilməyəcəkdi.
Deputat Rasim Musabəyov isə kapitulyasiya planını pozmaq üçün vertolyot insidentinin səhnələşdirilməsi versiyası ilə razılaşmır. Amma o hesab edir ki, vertolyotla bağlı olay münaqişənin həlli və müharibənin dayandırılması üçün əvvəlcədən hazırlanan tədbirləri sürətləndirib: "Sülh bəyanatı hələ insidentdən əvvəl hazırlanıb. Ermənistan tərəfi tez bir zamanda cinayət işi qaldıraraq Azərbaycanı ittiham edib. Lakin Bakı üzr istəyib və həlak olmuş təyyarəçilərin ailələrinə zərərin əvəzini ödəməyə hazır olduğunu bildirib. Moskva üzrü qəbul edib, insident bitib". (azadlıq.org)скачать dle 12.1