Bia.Az

Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi - Tural Hüseynli

Siyasət
 12-11-2020, 16:54     261

Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyulur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatır. Üçrəngli bayrağımızın noyabrın 8-də Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi.


Bu gün xalqımız məhz bu sevinci yaşayır. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdədir, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb etdi.

Son 45 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Bu gün baş nazir Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətidir. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı sasləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar.

 Sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verən yağı tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İgid, mərd əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı düşmən tapdağı altında qalan ərazilərimizdə dalğalandırmaq amalı uğrunda yumruq kimi birləşdirdi.

Dövlət Başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, Ondan güc aldı. Vətən Müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.

Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın dövlətimizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.

2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Ali Baş Komandanımıza, ölkəmızdə həyata keçirilən siyasətə dərin etimadı, dünya Azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır.



Tural HÜSEYNLİ, 
Nəsimi rayonu, iqtisadcı.

скачать dle 12.1