Azərbaycan-Türkiyə qardaşlığı: Zamanı aşan birlik və strateji müttəfiqlik

Dünya düzəninin durmadan dəyişdiyi, yeni təhlükələr və çağırışlarla müşayiət olunduğu bir dövrdə dövlətlərarası münasibətlərin mahiyyəti və istiqaməti daha da aktuallaşır. Bu mənada, müharibələrin və geosiyasi ziddiyyətlərin artdığı, qeyri-müəyyənliyin qlobal miqyasda dərinləşdiyi bir zamanda bizə dost və qardaş olan ölkələrlə münasibətlərimizin dərinləşdirilməsi, həm ikitərəfli, həm də regional kontekstdə böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdəki ən mühüm və sarsılmaz müttəfiqi isə qardaş Türkiyədir.
Azərbaycan Prezidentinin 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində iştirakı bu birliyin növbəti simvolik və strateji ifadəsi oldu. Bu səfər təkcə iki ölkə liderinin görüşü kimi deyil, həm də xalqlarımızın birliyinin, mənəvi dayanıqlığının, bəşəri həmrəyliyinin təcəssümü kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı kimi, 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələ Azərbaycan xalqı tərəfindən sanki öz faciəsi kimi qəbul edildi. İlk saatlardan etibarən Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu, yardım karvanları, axtarış-xilasetmə dəstələri, tibbi briqadalar və könüllülər dərhal bölgəyə göndərildi.
Prezident İlham Əliyev mərasimdəki çıxışında xüsusilə vurğuladı ki, biz tarix boyu yaxşı və çətin günlərdə bir yerdə olmuşuq. Qarabağ savaşında Türkiyənin ilk dəstək verən ölkə olması, siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında yer alması həlledici rol oynamışdır. Həmin dəstək xalqımızın ruhunu yüksəltmiş, mübarizəmizə güc qatmışdır. İndi isə Azərbaycan öz qardaşlıq borcunu layiqincə yerinə yetirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında bu qardaşlıq münasibətlərinə geniş yer ayırdı. O bildirdi ki, zəlzələ zamanı Azərbaycanın verdiyi dəstək heç zaman unudulmayacaq. Azərbaycan xalqının və dövlətinin göstərdiyi həmrəylik, sədaqət və mənəvi dəstək Türkiyə xalqının yaddaşında dərin iz buraxmışdır. Ərdoğan qeyd etdi ki, "Azərbaycan" məhəlləsi bu gün iki dövlətin birliyinin, qarşılıqlı sevgisinin və əbədi dostluğunun rəmzinə çevrilmişdir.
Kahramanmaraşda açılan "Azərbaycan" məhəlləsi yalnız bir tikinti layihəsi deyil. Bu, bərpa, yenidənqurma və həmrəyliyin obrazıdır. Bu, türk dünyasında birliyin, qarşılıqlı etimadın və ortaq gələcəyə inamın simvoludur. Bu, Azərbaycan-Türkiyə qardaşlığının canlı salnaməsidir. Zaman keçəcək, amma bu məhəllə nəsillərə həm tarixi dərs, həm də nümunə olacaq: Həqiqi dost, çətin gündə tanınar!
Turan Dövləti Təşkilatlarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri.