Qaiser Navab: Şahbaz Şərifin Laçın səfəri münasibətlərin inkişafında mühüm mərhələdir

"Baş nazir Şahbaz Şərifin Laçına səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir".
Bu sözləri Teleqraf-a açıqlamasında siyasi ekspert, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti Qaiser Navab qeyd edib.
O, yüksək əlaqələrin iki ölkənin milli maraqlarına, rifahına və beynəlxalq nüfuzuna sadiqliyini təsdiq etdiyini bildirib:
“Pakistan-Azərbaycan münasibətlərinin təməlində sarsılmaz etimad və qarşılıqlı dəstək dayanır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Pakistanın qətiyyətli mənəvi və diplomatik dəstəyi Azərbaycan cəmiyyətində dərin iz buraxıb. Pakistan tərəddüdsüz şəkildə Azərbaycanın yanında olan az saylı ölkələrdən biri idi. Hələ də Bakının küçələrində birgə dalğalanan Azərbaycan və Pakistan bayraqları bu sarsılmaz qardaşlığın unudulmaz simvollarıdır.
Qaiser Navab Azərbaycanın Kəşmir məsələsində daim Pakistanı dəstəklədiyin i xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın ərazi bütövlüyünü müdafiə edən qətiyyətli mövqeyi Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir. BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq platformalarda Azərbaycan hər zaman Pakistanın səsinin güclənməsində mühüm rol oynayıb”.
Ekspert Avropa ilə Asiyanın qovşağında yerləşən Bakının regional əlaqələrin qurulmasında əsas mərkəzə çevrildiyi vurğulayıb: "Azərbaycan Orta Asiya, Türkiyə və Cənubi Asiya ilə fəal əməkdaşlıq apararaq regionda strateji rol oynayır. Pakistan isə Çinə və Körfəz ölkələrinə yaxınlığı ilə bu vizyona dəyərli töhfə verir.
Son üçtərəfli sammitdə – Azərbaycan, Pakistan və digər regional tərəfdaşlar arasında tranzit dəhlizləri, multimodal logistika və rəqəmsal əlaqəlilik məsələləri gündəmdədir. Bu təşəbbüslər təkcə iqtisadi deyil, eyni zamanda regional sülh, qarşılıqlı asılılıq və sabitlik baxımından strateji əhəmiyyət daşıyır.
Xüsusilə, Mərkəzi Asiyanı Avropaya Xəzər dənizi və Azərbaycan üzərindən birləşdirən Orta Dəhliz təşəbbüsü önəmlidir. Pakistanın bu dəhlizə qoşulmaq marağı onun regional inteqrasiyaya sadiqliyini nümayiş etdirir. Bu proses gənclər üçün logistika, rəqəmsal texnologiyalar və infrastruktur inkişafı sahələrində yeni imkanlar yaradacaq”.